Loading

wait a moment

Atasının ölümünü arzulayan yazıçı

print
Qəddar gözəllik

 

Uzunboylu, mavi gözlü, yaraşıqlı bir avropalı. Yazdığı romana qalmaqallı, Hitlerin kitabının adını verib. Qərbdə elə bir mətbu orqan olmaz ki, onu göylərə qaldırmasın, birisi onu “Ədəbiyyatın yaşayan qəhrəmanı, çılpaq imperatoru” adlandırıb, başqası isə romanını “İncil”lə müqayisə edib. Altı cildlik “Mənim mübarizəm”i 21-ci əsr dünya ədəbiyyatının ən böyük ədəbi uğuru adlandıranlar da var. Zarafat deyil, təkcə 5 milyon əhalisi olan Norveçdə seriya 450,000 nüsxədə satılıb…

 

Müasir norveçli yazıçı Karl Ove Knausqaard və onun avtobioqrafik “Mənim mübarizəm” roman seriyası haqqında o qədər təriflər eşitmişdim ki, istər-istəməz məndə şübhələr yaranmışdı. Kütləvi qəbul olunan bir şeyi qəbul eləmək asan deyil nə də olsa. Romanın iki cildi əlimin altında olsa da, oxumağı uzun müddət təxirə saldım.

 

Günlərin bir günü isə nəsə fərqli bir şey oxumaq xatirinə kitabı əlimə götürdüm. İlk cümlələri oxudum. Və birdən elə güclü, elə dərin bir hiss axınına məruz qaldım ki, bədənimdən həyəcan dalğası keçdi, gözlərim yaşla doldu. Əvvəllər oxuduğum hansısa kitabın ilk cümlələrindəcə nəfəsimin tutulduğunu xatırlamıram. Cümlələr belə idi: “Ürək üçün həyat sadədir. Döyünə bildiyi qədər döyünər. Sonra dayanar”.

 

 

Oxuduğum cümlələrdə ilk baxışda qeyri-adi heç nə yox idi. Lakin atmosferli, dərin kitabların enerjiötürücülük qabiliyyəti var. Beləcə, ilk cümlələrdən aldığım enerji məni xüsusi bir kitabla üz-üzə olduğuma əmin etdi…

 

Hamıdan gizlədiyimiz, özümüzə belə etiraf etmədiyimiz, içimizin ən dərin yerlərində basdırdığımız hisslər, fikirlər və hadisələr var. Ən yaxınlarımız belə bizim haqqımızda məlumatsızdırlar. Əsl düşüncələrimizi, gizlətdiklərimizi, riyakarlıqlarımızı bizdən başqa bilən varmı? Əksəriyyətimiz bütün həyatımızı bunlardan qaçmağa həsr edərik. Bəzilərinin bəlkə də vecinə olmaz. Bəziləri isə onlarla üzləşmək cəsarəti göstərərlər. Knausqaardın ədəbiyyatı bax, bu üzləşmənin ağrısı, etirafı üzərindədir.

 

“Uzun müddət onun ölməyini arzulamışdım, həyatının istənilən an bitə biləcəyini başa düşəndə isə buna ümid eləməyə başladım. Televizorda onun yaşadığı bölgədə baş verən ölümcül hadisələrlə bağlı – yanğın, yol qəzası, meşə, yaxud dənizdə tapılan meyitlər – xəbərlər çıxanda, birinci hiss elədiyim şey bu ümidlə bağlı olurdu: bu dəfə ölən yüz faiz atamdır. Amma heç birində o olmurdu, özünü qoruyurdu, həyatını davam etdirirdi”.

 

 

“Mənim mübarizəm”in ilk cildinin əsas mövzusu Knausqaardın atasının ölümü ilə əlaqədardır. Müəllif uşaqlığına və yeniyetməliyinə gedir, yaşadığı dövrü, ətrafında olan insanları, onlar barədə düşündüklərini necə var eləcə təsvir edir. Lakin əsas mövzu dominant ata və onun oğluna etdiyi böyük təsirin ağrısı üzərindədir. Knausqaard nifrət etdiyi atasını dəfn edir, amma göz yaşlarını saxlaya bilmir. Ürəyinin dərinliklərində bir yerdə onu atasına bağlayan hansısa bir kövrək bağ var.

 

Sual yarana bilər ki, burada qeyri-adi nə var? Ata mövzusu ilə bağlı Qərb ədəbiyyatında yüzlərlə nümunə var.

 

Birinci cildi oxuyarkən, ilkin güclü təəssürat keçəndən sonra məndən kitab haqqında fikrimi soruşdu bir tanış. Dedim bunu niyə bu qədər göylərə qaldırıblar başa düşmürəm. Hədsiz adi şeylərdən yazır.

 

Amma bununla belə kitabı əlimdən yerə qoya bilmirdim. Məsələ də elə bundandır: hədsiz adi şeylərdən yazsa da, Knausqaardın nəsri sehrlidir. 3 azyaşlı uşaq atası, evli, hədsiz yeknəsəq bir həyat tərzi sürən bir insan öz həyatından yazır və sən maraqdan cümlələri acgözlüklə yeyirsən. Buna görə bəziləri Knausqaardı “əlkimyaçı” adlandırırlar. O, sanki əlindəki ovsunlu lupanı həyatın üzərində gəzdirir. Sənsə baxdıqca baxmaq, hər şeyi bilmək, öyrənmək istəyirsən. Kitabın bəzi yerlərində elə güclü hiss partlayışlarına şahid olursan ki, nəfəsin təntiyir, sanki bütün bunları yaşayanın sən olduğunu düşünürsən, Knausqaardın həyatının öz damarlarında axdığını hiss edirsən.

 

Avtobioqrafiyaya hədsiz aludə olan yazıçıların erkən maraqsızlaşdığı barədə fikir var. Təzə başlayan yazıçılara da bu barədə tez-tez xəbərdarlıq edilir. 3500 səhifədən ibarət 6 cildlik romanda öz həyatın, özün haqqında bu qədər detallı yazıb, bu qədər də sehrli qala bilmək doğrudan da qəribədir. Nitsşenin yazmaqla bağlı məşhur fikri var: “Yazmaq istəyirsənsə, qanınla yaz, onda görəcəksən ki, qanda ruh var!”

 

Böyük ehtimalla səbəb elə qanınla, canınla yazmaqdadır…

 

 

 

İlk baxışdan kitabının adıyla, görünüşüylə əksəriyyət üçün təkəbbürlü bir insan kimi görünsə də, Knausqaardın məxsusiliyi səmimiyyətində, hədsiz kövrək və hissiyatlı bir insan olsa da, həqiqətlə üzləşə bilmək kimi güclü xarakterə malik olmasındadır. Uşaqlarıyla bağlı belə yazır:

 

“Gözəl bir rəsmə baxanda gözlərimə yaşlar dolur, amma öz uşaqlarıma baxanda yox. Bu, onları sevmirəm mənasına gəlmir, çünki onları sevirəm, həm də bütün varlığımla sevirəm, bu, sadəcə onların bəxş etdiyi mənanın bir həyatı doldurmağa kifayət etmədiyi deməkdir, ən azından mənimkini”.

 

Knausqaardın nəsrinə epataj nəsri demək olar. Təkcə kitabın başlığı “Mənim mübarizəm” çox şey deyir. Həm də müəllif atası, qardaşı, anası, həyat yoldaşı, keçmiş həyat yoldaşı, dostları, uşaqları barədə ən şəxsi şeyləri qələmə alır. Ki, bunun da nəticəsində onun başı az ağrımayıb. Ölkəsində kitabın bomba effekti verməsinin səbəblərindən biri də bununla izah olunur: Norveçdə şəxsi münasibətlərə, şəxsi fikirlərə çox mühafizəkar yanaşma var və belə şeylər gizli saxlanılır.

 

Bununla belə, Knausqaardı təkcə epatajla məhdudlaşdırmaq olmaz. Onunku epataj xatirinə epataj deyil, həqiqətən də dünyaya deyiləcək bir sözü var.

 

Həm də Knausqaardın ədəbiyyatı asan ədəbiyyat deyil, uzun, modernist tərzdə cümlələr yazıb (Onu “Skandinav Prustu“ da adlandırırlar), məsələn, ev yığışdırmaq səhnəsini 30-40 səhifədə detallı təsvir edib, bunu hər kəsə oxutdurmağı bacarmaq, hissləri tam çılpaqlığıyla, insanın az qala dərisində hiss etdirəcək səviyyədə çatdırmaq bir yazıçıdan hədsiz böyük istedad və bilik tələb edir.

 

Həqiqi bir roman yazmaq bir yazıçı üçün özünü başa düşmək cəhdidir. Qustav Flober “Madam Bovari mənəm” deməmişdimi?  Knausqaard “Mənim mübarizəm”in ikinci cildində romanını necə qələmə aldığını yazanda da sənə hər şey aydın olur: ilk növbədə özün üçün yazırsan, özünü dərk etmək, başa düşmək üçün yazırsan.

 

 

“Mənim mübarizəm”in bir yerində kafedə oturub pivə içməyi haqqında belə yazır Knausqaard:

 

“İnsanlıq anlayışı davamlı dəyişir, dünya və təbiət anlayışı da eləcə, hər cür qəribə fikir və inanclar doğulub ölür, faydalı-faydasız nəsnələr ortaya çıxır, elm dünyanın sirlərinə daha da dərindən bələd olur, maşınlar çoxalır, sürət artır və köhnə yaşayış formaları birdəfəlik kənara tullanılır, amma heç kimin ağlına pivəni kənara tullamaq və ya dəyişdirmək gəlmir. Arpa, mayaotu, su. Tarla, çöl, çay. Və bunu hər şeyin təməlində görmək olar. Kökümüz qədim keçmişə gedir, ilk insan Afrikanın harasındasa qırx min il əvvəl gözlərini dünyaya açandan bəri, yaxud Homo Sapiens nə qədər müddətdir varsa, o qədər müddət ərzində bədənlərimiz, ehtiyaclarımız və ya bizim üçün əhəmiyyət kəsb edən digər şeylərimiz dəyişməyib. Amma biz inandıq ki, fərqliyik, üstəlik təsəvvür gücümüz o qədər qüdrətliydi ki, inanmaqla qalmadıq, bunu özümüzə təlqin etdik, kafelərdə və qaranlıq klublarda sərxoş olub rəqslər elədik, böyük ehtimalla məsələn, iyirmi beş min il əvvəl Aralıq sahillərində bir yerdə bir tonqalın parlaq işığı ətrafında oynanılan rəqslərdən daha bacarıqsız idi bunlar.

 

Bəs ətrafımızdakı insanlar müalicəsi olmayan xəstəliklərdən yıxılıb ölürsə, modern olduğumuz barədə bir fikir necə ortaya çıxa bilir? Beyin xərçəngiylə kim modern ola bilər? Hər kəsin tezliklə torpağın altına çürüyəcəyini bilə-bilə modern olduğumuza necə inana bilirik?

Parçımı yenidən dodaqlarıma aparıb böyük qurtumlarla içdim.

İçməyi necə də sevirəm…”

 

Knausqaardın qəddar, amma gözəl nəsri də belə ölməyən, dəbdən düşməyən məfhumlar, insani hisslər haqqındadır. Ömrümüzün hər günü sevinir, əzab çəkir və mübarizə aparırıq – sevgi üçün, dostluq üçün, daha gözəl və daha mənalı bir həyat üçün…

Cavid Ramazanov, kulis.az

Scroll Up