Xəbər verdiyimiz kimi, hökumət problemli kreditlərin həlli ilə bağlı vətəndaşların gözləntilərini doğruldacaq. Xarici valyutada götürülən və devalvasiyadan sonra ödənilməsi mümkün olmayan borclarla bağlı qərar veriləcək. Bu qərarın anonsu ən yüksək səviyyədə verilib və  dövlət başçısı da bildirib ki, hökumət üzvlərinə müvafiq göstərişlər verilib: “Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək”.

Prezident onu da qeyd edib ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.

Bəs görəsən, problemli kreditlərin həlli ilə bağlı verilən qərarın mexanizmi necə olacaq? Güzəştlər hansı formada tətbiq ediləcək? Restrukturizasiya  edilən problemli kreditlərə də güzəşt tətbiq ediləcəkmi?

Fikrət Yusifov ile ilgili görsel sonucu

Musavat.com-un  suallarını cavablandıran iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, bu gün bir çox vətəndaşlarımızın banklarda vaxtı keçmiş kredit borcları var və onun əhəmiyyətli hissəsini isə xarici valyutada götürülmüş kreditlər üzrə borclar təşkil edir: “Manatla və xarici valyutada borcların son illərdə, xüsusilə də manatın iki kəskin devalvasiyasının baş verdiyi 2015-ci ildən sonra necə artdığına nəzər salsaq xarici valyutada götürülmüş kreditlərin ödənişi sahəsində ciddi problemlərin yarandığının şahidi ola bilərik. Əslində problemli kreditlər deyiləndə də daha çox xarici valyutada götürülmüş kreditlər üzrə gecikmələr başa düşülür. Milli valyutada götürülmüş kreditlər üzrə problemli borclar mövcud olsa da onların həcmi getdikcə azalır. Xarici valyutada olan kreditlər üzrə isə mənzərə tamamilə fərqlidir. Milli valyutanın 2015-ci ildəki iki kəskin devalvasiyası və bundan sonrakı dövrdə onun məzənnəsinin son olaraq 2,2 dəfə artaraq – 1 dollar üçün 0,78 qəpikdən 1,7 manata qədər ucuzlaşması, insanları xarici valyutada götürdükləri kreditlərin geriyə ödənilməsində problemlərlə üz-üzə qoydu. Vətəndaşın yalnız manat gəlirləri ilə formalaşan və artmayan ailə büdcəsi onlara bu kreditləri qarşılamağa imkan vermədi. Bu müddət ərzində vətəndaşlara çətinliklə güzəştə gedən və bəzən də bunu heç etməyən bəzi banklar yaranmış vəziyyətdən məharətlə istifadə edərək insanları bu kreditlərin məngənəsində sıxmağa başladılar. Bu illər ərzində müxtəlif təzyiq üsullarından istifadə edən banklar vətəndaşlardan həmin kreditləri geri almaq üçün çox yollara əl atdılar. Bu gün də bəzi banklar qanunsuz fəaliyyət göstərən reket təşkilatları vasitəsilə müxtəlif yollarla vətəndaşlardan bu kreditləri geri almaqda davam edirlər. Və ən acınacaqlısı budur ki, bir çox banklar vətəndaşın ödədiyi məbləği kredit üzrə əsas borcun azalmasına deyil, faiz və cərimələrin ödənilməsinə aid edib, əsas borcu dəyişmirlər. Bununla da vətəndaşın ödədiyi pullar bank üçün daimi gəlir mənbəyinə çevrilir”.

Sabiq nazirin sözlərinə görə, manatın kəskin ucuzlaşmasına qədər xarici valyutada kredit götürmüş və bu gün həmin borcun məngənəsində sıxılan vətəndaşlarımız çoxdandır ki, səbirsizliklə hökumət tərəfindən uyğun bir addımın atılmasını gözləyirlər: “Və bu addımın ilk rəsmi anonsunu Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə verdi. Prezidentin verdiyi bəyanatdan məlum olur ki, o bu problemin həlli üçün çoxdan göstəriş verib və bu məqsədlə artıq bir neçə aydır ki, müvafiq qaydada araşdırmalar aparılır. Prezidentin bəyanatından sonra bəlli oldu ki, artıq məsələnin həllinə dair qərarın qəbul edilməsinə çox az vaxt qalıb”.

F.Yusifov onu da vurğuladı ki, hələ 2016-cı ilin mart ayında  o və ölkənin tanınmış iqtisadçıları birlikdə xarici valyutada götürülmüş kreditlərlə bağlı yaranmış vəziyyətin həlli üçün Prezident müraciət edib: “Bizim bundan sonrakı dönəmlərdə verdiyimiz təkliflər də bu məsələnin həllində az rol oynamadı. Bu gün biz iqtisadçılar da cənab Prezidentə cəmiyyətimiz üçün önəmli olan bu məsələnin həlli ilə bağlı atmağa hazırlaşdığı addım üçün minnətdarlığımızı bildiririk. Müraciətdə qeyd etmişdik ki,  insanların belə maliyyə yükünü çəkmək imkanı praktik olaraq yox dərəcəsindədir. Digər tərəfdən, yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır. Əldə etdiyimiz məlumata görə, bu gün əhali tərəfindən xarici valyutada olan kreditlər praktik olaraq ödənilmir. Bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətinə sala bilər. Bəzi banklar isə yaranmış vəziyyətdən haqsızcasına istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib, onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin üçdəiki hissəsini kredit faizlərinə silirlər. Bir sözlə, bu gün bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının dövlət tərəfindən qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar. Bizim  təkliflərimiz ölkəmizdə maliyyə-bank sistemində sabitliyin təmin olunmasına yönəlmişdi. Təkliflərdən biri fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi idi.  Mövcud Azərbaycan qanunvericiliyi yalnız hüquqi şəxslərin müflisləşməsi məsələlərini tənzimləyir. İkinci təklifimiz Mərkəzi Kredit Bürosunun yaradılması idi.  Üçüncü təklifimiz Maliyyə Ombudsmanı institutunun təsis edilməsi idi.  Bu institut vətəndaşların, banklarla və digər qurumlarla qarşılaşdıqları maliyyə mübahisələrinin həllində və onların maraqlarının qorunmasında mühüm rol oynaya bilər. Digər iqtisadi problemlərin həlli ilə bağlı da bir neçə təklif vermişdik. Problemli kreditlərin həlli ilə bağlı verdiyimiz təkliflərin həyata keçirilməsi bir qədər gecikdi. Bunun səbəbi isə neftin qiymətinin kəskin ucuzlaşması fonunda dövlətin valyuta gəlirlərinin azalması idi ki, belə bir dövrdə dövlət böyük maliyyə tələb  edən bir iqtisadi yükün altına girə bilməzdi”.

Bu günlərdə qəbul ediləcək qərarda problemin həllinə gəlincə, F.Yusifov bildirdi ki, bu məsələdə məzənnə fərqinin aradan qaldırılması daha məqsədəuyğun olar: “İlk növbədə xarici valyutada kredit götürmüş aztəminatlı ailələrin üzvlərinin götürdükləri istehlak kreditlərinin bir hissəsi bağışlana digər hissəsinin ödənişi üzrə isə məzənnə fərqi aradan qaldırıla bilər. Digər xarici kreditlər üzrə də məzənnə fərqinin aradan qaldırılması düzgün olardı. Əgər bu addımın atılmasında çətinliklər olarsa, bu halda heç olmasa belə kreditlər üzrə məzənnənin uyğun bir variantını seçmək olar – məsələn, manatın birinci devalvasiyasından sonrakı 1 dollar = 1,05 manat məzənnəsi tətbiq edilə bilər”. (Musavat.com)