NATO-ya borcunuzu ödəyin – Tramp Makrona qəzəbləndi

print
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun “ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunu qurması lazımdır” sözlərinə sərt təpki göstərib.

Xatırladaq ki, Makron bununla bağlı fikirlərini noyabrın 6-da “Europe 1” radiostansiyasına ifadə edib.

Fransa prezidentinin sözlərinə görə, əgər ABŞ həqiqətən Orta və Kiçik Mənzilli Raketlərin (OKMR) ləğvi haqqında sazişi pozsa, Avropa əsas qurbana çevriləcək. Bu səbəbdən də “qoca qitə” təhlükəsizlik məsələsində müstəqil davranmağa, yəni öz ordusunu yaratmağa məcburdur.

Donald Tramp fransalı həmkarının sözlərini olduqca təhqiramiz hesab etdiyini bildirib.

Birinci dünya müharibəsini bitirən sülh müqaviləsinin 100 illiyi münasibətilə Fransaya gedən ABŞ prezidenti öz tvitter hesabında qonaq olduğu ölkənin dövlət başçısını hədəfə alıb.

“Bəlkə Avropa ABŞ-ın böyük ölçüdə maliyyə dəstəyi verdiyi NATO-ya borcunu ödəsin”, – deyə Donald Tramp qəzəbini ifadə edib.

Qeyd olunur ki, Tramp getdiyi hər yerdə Şimali Atlantika Alyansı üzrə müttəfiqlərinin öz ÜDM-lərinin 2%-ni NATO büdcəsinə ayırmaları gərəkdiyini söyləyir. (Musavat.com)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up