Rusiyalı xokkeyçi ölkəsini Kanada pasportuna dəyişir – “Uşaqlarım azad ölkədə yaşamaq istəyir”

print
Rusiyalı xokkeyçi Nikolay Kulemin ölkəsini Kanada pasportuna dəyişir. Bunun üçün o, sənədlərini Kanada məhkəməsinə verib.

Rusiya mediasına istinadən xəbər verilir ki, “Sport24” nəşri onun karyerası haqda geniş informasiya toplayıb.

2005-ci ildə Rusiyanın “Metallurq” komandasında debüt edən xokkeyçi Nikolay Kulemin növbəti mövsümdə Maqnitoqorsk şəhərində 54 oyunda 37 şayba vurub və nəticədə 39 xal qazanıb. Həmin il ölkə çempionatında Rusiyanın ən yaxşı oyunçusu adını qazanıb və “Qızıl kluşka” mükafatına qayiq görülüb. 2006-cı ildə Rusiya çempionu olan Nikolay play-off matçlarında Kazanın “Ak Bars” komandasına 5 oyunda 4 şayba vurub.

Rusiya yığmasının hücumçusu Nikolay Kulemin okeandan o tərəfdə Milli Xokkey Liqasında (NHL) 10 mövsüm keçirib.

İlk dəfə NHL-də meydançaya o, 2008-ci ildə Kanadanın “Toronto Meypl Lifs” klubunun heyətində 44 nömrə ilə oyunun 2-ci raundunda çıxıb. Bir ildən sonra isə bu klubla 3 illik müqavilə imzalayıb. Ağcaqayın yarpaqlı forma ilə 6 mövsüm şayba qovub.

2012-2013-cü illərdə o, Rusiyada doğma klubunun heyətində oynayıb.

2014-cü ildə isə ABŞ-a köçüb, “Nyu-York Aylenders” komandasında oynamağa başlayıb.

6 aydan sonra Kanada vətəndaşlığını almaq üçün məhkəməyə müraciət edib. Ancaq 2017-ci ilin payızında Kuleminə və onun həyat yoldaşı Natalyaya “yox” cavabı gəlib. Məhkəmənin motivasiyası isə belə olub ki, Nikolay uzun müddət Kanadada yaşamayıb.

Məhkəməyə daxil olan məlumata görə xokkeyçi 2012-2013-cü illərdə müvəqqəti olaraq Rusiyaya köçüb və “Metallurq” klubunda oynayıb.

“Hətta onun “Rusiya mənə çox şey verib, ancaq Kanadanı özümə doğma vətən hesab edirəm. Mənim evim Kanadadadır və istəyirəm ki, uşaqlarım azad və demokratik bir ölkədə yaşasınlar” sözləri də məhkəməni qane etməyib.

Nəhayət, o, Milli Xokkey Liqasından təklif olmadığına görə 2018-ci ildə ABŞ-dan Rusiyaya qayıtmalı olur və Maqnitoqorsk şəhərinin “Metallurq” klubu ilə 3 illik müqavilə bağlayır.

“Sport-Ekspress” qəzetinin yazdığına görə oyunçu bu klubda 500 milyon rubl qazanacaq.

Rusiyaya qayıtdıqdan sonra o, özünün İnstagram səhifəsində belə yazıb: “Mən Milli Xokkey Liqasına, xüsusilə “Toronto” və “Aylenders” klublarına minnətdarlıq edirəm ki, 10 mövsüm okeandan o tərəfdə şayba qovmuşam. Bu, təbii ki, az müddət deyil. İndi isə çalışdığım komandanı həmişə qələbəyə doğru aparacağam”.

Xatırladaq ki, 1986-cı ilə Maqnitoqorsk şəhərində anadan olan Nikolayın xokkey həyatı da məhz bu şəhərlə bağlıdır.

32 yaşlı hücumçunun arzusu Olimpiada-2022-də oynamaqdır: “Bundan sonra Rusiyada qalmaq fikrim yoxdur”.

Bu günlərdə Kanadanın Federal Məhkəməsi xokkeyçinin və onun həyat yoldaşının apelyasiya şikayətinə baxıb.

Kulemin və onun vəkili Lev Abramoviç öz ərizələrində yazıblar ki, xokkeyçinin Toronto şəhərində evi var və onun sosial əlaqələri məhz bu şəhərlə bağlıdır.

Xokkeyçi bildirib ki, vətəndaşlıq alacağı təqdirdə Torontoda könüllü olaraq yerli komandaların hücumçularının hazırlığı ilə məşğul olacaq.

Nəticədə məhkəmə onun şikayətinə müsbət cavab verib. İndi cütlüyün Kanada vətəndaşlığı almaq məsələsinə yenidən baxılacaq.

Xokkeyçi Rusiyanın “Metallurq” komandasına qayıdışına da səmimi cavab verib: “Milli Xokkey Liqasında karyera çox qısa olur. Oyunçular özlərinin gələcək təminatlarını xokkeydən getməzdən öncə həll etməlidirlər”. (AzNews.az)

Scroll Up