Bakıda beynəlxalq forum: Prezident iştirak edir

print
Bakıda VI Beynəlxalq Humanitar Forum başlayıb.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak edir.

Tədbir “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub.

Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir.

Tədbirə BMT baş katibinin iki müavini, İSESKO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TVESKO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadi və sosial Şurası (EKOSOK) kimi təşkilatların rəhbərləri, YUNESKO, Müstəqil Dövlətlər Birliyinin MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri qatılıb.

Tədbirdə həmçinin Sudanın vitse-prezidenti, Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər iştirak edir.

Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Scroll Up