“Qarabağ” azarkeşlərinə iki şad xəbər

print
Ağdamın “Qarabağ” klubunun azarkeşlərinə iki şad xəbərimiz var.

Birincisi: “Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun (BOS) ictimai dayanacağından yararlana biləcəklər.

BOS-un mətbuat xidmətinə istinadən bildirilir ki, nəzərdə tutulan yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca “Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır.

Oyuna gələrkən şəxsiyyət vəsiqəsi tələb olunmur, yalnız bilet lazımdır. Biletləri iTicket.az saytından və kassalardan əldə etmək mümkündür. Onlayn alınan biletlər “iTicket”in kassalarında real biletə dəyişdirilməlidir.

Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq stadiona kənar qida və suların keçirilməsi qadağandır.

Stadionun qapıları oyun günü, başlama vaxtından üç saat öncə – 17:55-də açılacaq.

İkinci şad xəbərimiz isə oyun günü Bakı metrosunun gücləndirilmiş iş rejiminə keçəcəyi ilə bağlıdır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən KİV-ə bildirilib ki, oyunla bağlı metropoliten tərəfindən təsdiq olunmuş əməliyyat planı var: “Həmin plana uyğun olaraq, “Koroğlu” metrostansiyası oyun başa çatana və insanların daşınması bitənə kimi gücləndirilmiş iş rejimində çalışacaq”.

Qurumdan o da bildirilib ki, bunun üçün lazım olan canlı qüvvə və texniki vasitələr ayrılacaq: “Ehtiyat qatarlar nəzərdə tutulub. Zərurət yaranacağı təqdirdə əlavə qatarların buraxılması da mümkündür. Bu da intervalın azalması deməkdir. Sərnişin təhlükəsizliyi və rahatlığı ilə bağlı hər bir məsələ əməliyyat planında nəzərdə tutulub. Hər şey stadiona gələn tamaşaçıların sayından asılıdır”.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.

Scroll Up