3 ölkənin prezidenti Bakıda cüdo üzrə dünya çempionatını izlədi

print
Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Rusiya Prezidenti Azərbaycan Prezidentinin ailə üzvləri, Monqolustan Prezidenti və Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşdü.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının sonuncu günündə komanda yarışlarına start verildi. Yaponiya, Koreya və Fransa komandaları gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazandılar. Bunun ardınca Almaniya ilə qarşılaşmadan qalib ayrılan Rusiya yığması da yarımfinala çıxdı. Finalda Yaponiya və Fransa komandaları üz-üzə gəldilər.

Azərbaycan yığmasının çıxışlarına gəlincə, Avstriya ilə qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edən cüdoçularımız dörddəbir finalda Yaponiya yığmasına uduzdular. Ancaq seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazandı və onun rəqibi Niderland yığması oldu. Bu mərhələdə Azərbaycan yığması rəqibindən üstün olmağı bacardı. Millimiz 4-2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalı uğrunda mübarizəyə vəsiqə qazandı.

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub. Komandamızın üzvlərindən Uşangi Kokauri gümüş, Hidayət Heydərov isə bürünc medal qazanıb.

Bakıdakı dünya çempionatında cəmi 22 ölkə medal qazana bilib, 14 qızıl medalın yarısı Yaponiyanın olub. Qalan qızıl medallardan 2-si Koreya Respublikasına, hərəyə 1 medal Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub. Mundialda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparırdı.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşdülər.

İdmançıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-Sizi bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Bizim idmançılarımız gümüş və bürünc medal qazanıblar. Digər idmançılarımız da çox gözəl döyüş nümayiş etdiriblər, komandamız da qabaqcıl komandalar arasındadır. Bütün bunlar çox böyük nailiyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz.

Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi özlüyündə böyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolunda çox böyük addımlar atıb. Əlbəttə, siz hamınız istəyirdiniz ki, idmançılarımız gözəl döyüş nümayiş etdirsinlər, belə də oldu. Həm medallar qazanıldı, həm də medal qazanmayan idmançılarımız çox ləyaqətli döyüş nümayiş etdirdilər. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək, sizə yeni uğurlar arzulamaq istəyirəm. Onu da qeyd etməliyəm ki, sizin komanda yarışında döyüşləriniz hələ davam edəcək, siz bürünc medal uğrunda döyüşəcəksiniz, rəqibiniz də çox güclüdür. Əlbəttə, biz hamımız sizə uğurlar arzulayırıq.

Onu da bilməliyik ki, bu, idmandır, idmanda qələbə də olur, məğlubiyyət də. Əsas odur ki, bizim idmançılarımız ləyaqətli döyüş nümayiş etdirsinlər. Fəxr edirik ki, bizim görkəmli cüdoçularımız var. Elnur, Nazim, Elxan, Olimpiya, dünya çempionları, Natiq, veteranlar Sizin üçün böyük nümunədir. Mehman da yadımdadır, Olimpiya Oyunlarında biz onun döyüşlərini böyük maraqla izləmişik. Ona görə hesab edirəm ki, bizim cüdoçularımız bundan sonra da ancaq irəliyə gedəcək, xalqımızı, Vətənimizi sevindirəcəklər.

Sonra çıxışını rus dilində davam etdirən Prezident İlham Əliyev dedi:

-Bizim komandada elə uşaqlar var ki, onlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər. Buna görə mən onlara da müraciət etmək, onları uğurları, nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Siz ölkəmizi həmişə ləyaqətlə təmsil etmisiniz və xalqımızı sevindirmisiniz. Sizi təbrik edirəm və gələcəkdə sizə uğurlar diləyirəm.

X X X

Xatirə şəkilləri çəkdirildi.

X X X

Prezident Vladimir Putin də Rusiya yığmasının üzvləri ilə görüşdü.

X X X

Daha sonra Prezident İlham Əliyev çempionatda iştirak edən və mükafat qazanan Azərbaycan yığmasının üzvlərindən, cüdo üzrə Olimpiya çempionlarından və məşqçi heyətindən bir qrupunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etdi.

Scroll Up