Tanınmış jurnalist “ARB 24″ə icraçı direktor təyin olundu

print
Bu gün “ARB 24” telekanalının yeni icraçı direktorunun təyinatı baş tutub.
“ARB Media Qrup”un mətbuat xidmətindən verilən açıqlamaya görə, tanınmış jurnalist Radik İsmayılov “ARB 24″ə icraçı direktor təyin olunub.
O, bu günə qədər “ARB 24”də baş redaktor vəzifəsində çalışırdı.
Xatırladaq ki, Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlayıb, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirib və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirib, “Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

“Ekstremal jurnalistika (praktik vəsait)” kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olub. 2016-cı ildən CBC telekanalının redaktorudur.

Scroll Up