İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi – YENİLƏNİB

print
Azərbaycanlı iş adamı Etimad İsmayılov öldürülüb.
 
Türkiyə mətbuatına istinadla xəbər verilir ki, iş adamı İstanbulun Florya məhəlləsində yerləşən ofisində silahlı hücuma məruz qalıb. O, ürəyindən bir və başından iki güllə yarası aldığından həyatını xilas etmək mümkün olmayıb.
Polis iş adamını öldürməkdə şübhəli bilinən azərbaycanlı Gözəl Dəmirovun axtarışına başlayıb.
Qeyd edək ki, mərhum Etimad İsmayılov Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. Etimad İsmayılov həmçinin məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.
03:00, 20 sentyabr
Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub. Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.
Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb.
Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.
Məlumat üçün bildirək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznesi var. Dəmirovun “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Dəmirova görə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb. (Qaynarinfo)
Gözəl Dəmirovun saxlanılma anı
Saxlanılan digər şəxs
Scroll Up