Xəzərin sahili boyu qeyri-qanuni tikililər söküləcək

print
Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində qeyri-qanuni inşa edilmiş bütün tikililərin söküləcəyi ilə bağlı məlumat yaymışdı. Artıq bununla bağlı Komitə tərəfindən aparılan monitorinqlərin nəticələri məhkəməyə göndərilib. Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə məktublar göndərilib, 78 halla bağlı isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə tətbiq olunub. Məhkəmələrə göndərilən işlərdən 5-i haqqında qəbul edilən qərarın icrasına başlanılacaq.

Qanun dənizin hasarlanmasını qadağan etsə də, hələ də dənizin içərisinə qədər uzanıb gedən on hektarlarla dənizkənarı ərazi, bağ massivləri özəl həyətlərdir. Bu qərar həm də həmin ərazilərin əhalinin üzünə açılması, dənizə sərbəst girmə hüququnun qaytarılması, dənizin mühasirədən azad olunması, ekoloji problemlərin qismən də olsa, həll olunması deməkdir.

Söküntü işlərinin necə həyata keçirilməsini araşdırmaq məqsədilə ƏMDK ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov hələ söküntü prosesinə başlanmadığını bildirdi: “Hələ həmin tikililərin sökülməsinə başlanmayıb. Bu bizdən asılı proses deyil, bu barədə məhkəmə qərar çıxarmalıdır. Yəqin ki, məhkəmənin söküntü ilə bağlı qərarından sonra bu prosesə başlanılacaq”.

Xatırladaq ki, belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililər cavabdehlərin hesabına söküləcək və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 aprel 2016-cı il tarixli qərarına əsasən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri təsdiq edilib. Qərara görə həmin zolağın su səthinin quru ilə təmas xəttinin uzunluğu 752,9 kilometr və zolağa düşən torpaq istifadəçilərinin sayı isə 517 olduğu müəyyənləşdirilib. Torpaq Məcəlləsinin 46-cı maddəsinin müvafiq bəndinə uyğun olaraq Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağına düşən torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. (Virtualaz.org)

Scroll Up