İlham Əliyev Emoməli Rəhmonla görüşdü – FOTO

print
Azərbaycana rəsmi səfərə gələn Tacikistan prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Tacikistan və Azərbaycan dövlət himnləri səslənib.

Azərbaycan dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.

***

Avqustun 10-da rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Tacikistan Prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Emoməli Şərifoviç. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Biz həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük. Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək. Bir daha xoş gəlmisiniz.

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

-İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik. Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək. Sağ olun.

***

Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Emoməli Şərifoviçi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizi yenidən görməyə çox şadam. Bizim bu gün ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanımız oldu, regional əməkdaşlıq məsələlərinə toxunduq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik.

Biz Sizi Azərbaycanda görməyimizə çox şadıq. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.

Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik. Artıq nümayəndə heyətlərinin üzvləri fəal iş aparıblar. Sizin səfəriniz ərəfəsində səfərlə bağlı materialları hazırlamaq və iqtisadi layihələr, o cümlədən nəqliyyat, ölkələrimizin sənayesinin inkişafına dair layihələr üzrə vacib qərarlar qəbul etmək üçün ölkələrimizin rəsmi təmsilçilərinin bir neçə görüşü keçirilib. Biz bu haqda artıq danışmışıq və daha geniş tərkibdə bu məsələləri müzakirə edəcəyik.

Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir. Burada biz xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq. Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir. Mən bir daha Sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanda vaxtınızı yaxşı keçirməyi arzulayıram.

x x x

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

-Çox sağ olun hörmətli İlham Heydər oğlu və əziz azərbaycanlı dostlar. Biz bugünkü görüşümüzə çox şadıq. İlk növbədə, dost Azərbaycana rəsmi səfərə dəvətə, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımızı bildirmək istərdim.

Tacikistan Respublikası xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirir. Qeyd etməyə şadam ki, bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.

Hörmətli İlham Heydər oğlu, müstəqillik illərində öz sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqeləri ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir. Mən görüş zamanı bu barədə danışdım. Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır. Səmimi qəlbdən Sizə uğurlar və Azərbaycan xalqının rifahı naminə nailiyyətlər arzulayıram.

Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq.

***

Avqustun 10-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

***

Avqustun 10-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

Scroll Up