Babək Göyuş: Vaqifi küləklər də, ipdən asılan uşaq paltarı da aldatdı…

print
Bu gün xalq şairi Vaqif Səmədoğlunun doğum günüdü. Ölüm günü 3 il 6 ay öncə olub. Həmin gün onun ölümü ilə bağlı “Vaqifin tüstüsü və ortasından qırılan siqareti…” adlı kiçik bir yazı yazdım və çalışdığım aznews.az saytında dərc etdirdim.

İndi həmin cızma-qaranı nöqtəsinə vergülünə toxunmadan yenidən diqqətinizə çatdırıram:

________________________________________________________________________________
Vaqif Səmədoğlu öldü.

Onun çəkdiyi siqaret də, siqaretindən çıxan tüstülər də, tüstülərin qarışdığı buludlar da ortasından qırıldı. Vaqif siqareti kölgəsində sığınmaq üçün çəkirmiş, bir də bu gününün dərdini çəkmək üçün.

Hər kəsin dərdi bir kölgə ona yaxındır. Vaqifi ən çox düşündürən onun kölgəsi olmayıb, ölkəsi olub. “Hansı rənglə çəkəcəklər, xəritələrdə ölkəmi?”. O, öləndən sonra şeirləri üçün darıxdığını yazıb və hətta bir azca da qorxuya düşüb. “Şeirlərimi sevəcəklərmi divarlar arxasında?”.

Vaqif son gününün yaxasında nəyin parlayıb sönəcəyini də öncədən bilmək istəyib. Hətta, o gün bazarda ətin qiymətinin düşüb-düşməyəcəyi də onu maraqlandırıb. Qaranlıqda düşüncələrinin öpüşəcəyi və kimisə öldürəcəyi də ona maraqlı gəlib.
Görəsən, bütün bunlar şairlərə nəyə lazımdır? Şairlərin ölüm günündə qatarlarda axşamüstü çay paylayırlar, Andersenin nağıllarını oxuyurlar.

İnsan bir ömrü boyu neçə dəfə ölüb, neçə dəfə onun üçün məzar qazılıb, neçə dəfə məsciddə yuyulub.

Vaqif isə yalnız bir dəfə yuyulacaq. Təzəpir məscidində. O zaman bulvardakı söyüdləri kimin sulayacağı haqda onun xəbəri olmayacaq.

Şairlərin hər şeydən xəbərləri olur.

Onlar bu dünyada ah çəkmək üçün bir yer axtarırlar həmişə.

Həmin yer Vaqif üçün Təzəpir olacaq. Və o Təzəpirin pəncərəsindən “Sovetski”də ona tərəf boylanan tut ağacı. Yol ayrıcından gəlib-keçənlər isə bu mənzərəni görə bilməyəcək.

İnsanlar şairləri də rahat ölməyə qoymurlar.

Vaqif bu gün öldü. Bu gün Vaqifin yazdığı kimi güclü külək əsmədi:

“Mən ölən gün bir külək əsəcək küçələrdə.
Və yellədəcək ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı mən ölən gün…”.

Vaqifi küləklər də, ipdən asılan uşaq paltarı da aldatdı…

Aldadılan insanlar yaxşı insanlardı… Aldadanlar isə aldadanlardı.

Vaqif yaxşı insanları məzara bənzədir. Onun məzarı Fəxri Xiyabanda olacaq. O məzarın yerini Vaqif bilmir. Məzarı qazanlar bilir.

Картинки по запросу vaqif səmədoğlu məzar

Yaxşı insanlar ildə bir-iki kərə baş çəkilən məzar kimi az-az görünür.

Vaqifin də məzarı öncə tez-tez yad ediləcək, gül çiçəkləri qoyulacaq. Sonra isə gül çiçəkləri də, o məzara doğru gələn addımların da sayı azalacaq.

Gələn yalnız Nüşabə olacaq. Onun ömür-gün yoldaşı olan Nüşabə.

Vaqifin ölümü ən çox onu üzür, bir də xərçəngdən ölən atasını və xərçəngdən ölən qardaşını.

Xərçənglər bu şair ailəsinin sanki boğazında bardaş qurub.

Vaqif də xərçənglərin acığına ölüb getdi, çox sevinməklərinə yol vermədi.
İndi Vaqifə heç kəs yol verməyəcək…

Yol vermək üçün gərək o yola çıxasan.

Vaqifin isə yola çıxmaq ümidi siqareti kimi ortasından qırıldı.

…Qırılan bu yazı kimi…

28 yanvar, 2015-ci il.
Babək Göyüş, yazar
Scroll Up