“Qaraqoyunlu qəhrəman” filminin təqdimatı oldu

print
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda “Azərbaycan bayrağı” ordenli, şəhid kapitan Rizvan Pirnəzərova həsr edilmiş “Qaraqoyunlu qəhrəman” filminin təqdimatı olub.

Təqdimatı Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı açaraq filmin ərsəyə gəlməsindən danışıb.

O qeyd edib ki, filmdə qəhrəmanın özünün vaxtı ilə qələmə aldığı “Vətən” şeirinə mahnı da ifa edib. Mahnının musiqisini Emil Minyaşev bəstələyib.

Filmin ideya müəllifi Ş.Əlizamanlı, ssenari müəllifi İlham Tumas, rejissoru Anar Şuşalı, operatoru Rəşad Sahil, montajçı Tural Həsənli, məsləhətçisi isə Rey Kərimoğludur.

Tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları, tanınmış insanlar iştirak edib və qəhrəman haqqında ürək sözlərini deyiblər. (Qaziler.az)

Xatırladaq ki, Pirnəzərov Rizvan Məhərrəm oğlu 1963-cü il 25 fevralda Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olub. 1980-ci ildə S. Vurğun adına Gölkənd kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi Siyasi məktəbinə daxil olub. 1984-cü ilin avqustunda təhsil müddəti qurtardıqdan sonra Əfqanıstan Respublikasına göndərilib. Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak edibr. Göstərdiyi cəsarət və igidliyə görə “Qırmızı Ulduz” ordeni, SSRİ və Əfqanıstan Respublikasının medalları ilə təltif olunub. 1986-cı ilin sentyabrından 1990-cı ilin aprelinədək Pribaltika Hərbi Dairəsində qulluq etmişdir. Azərbaycan sərhədlərində gərgin vəziyyətdən asılı olaraq könüllü surətdə Gəncə şəhərinə göndərilib. Adam var, özündən sonra yaddaşlardan tezcə silinir, varlığından əsər-əlamət qalmır. Unudularaq yaddaşlardan silinir. Adam da var ki, hər zaman əvəz olunmaz xatirələrlə, xoş əməllərlə xatırlanır. Hər yerdə, hər zaman yeri görünür. Rizvan da belələrindən idi. Qısa, lakin mənalı ömür yaşadı. Özündən sonrakı nəsillərə ibrət olacaq bir ömür.

ŞƏHİDLİK ZİRVƏSİ

Rizvan cəmi 29 il yaşadı. Ölkəmizin başı üstünü qara buludlar alanda o, “Vətəni vətən oğlu qoruyar” deyərək öz arzusu ilə Azərbaycana – doğma torpağına qayıtdı. O zaman 25 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox işlər görmüşdü. Kirpiyi ilə od götürmüşdü. Müharibənin hər bir odlu-alovlu üzü ilə rastlaşmışdı. 1984-86-cı illərdə Əfqanıstan Respublikasında gedən döyüşlərdə iştirak etmişdir. Bu müharibədən heç olmasa bir hadisə danışmasını xahiş edəndə, nə qədər siqaret çəkdiyini təsəvvür etmək çətin deyildi. Saysız-hesabsız döyüş əməliyyatlarında cəsarətlə iştirak etmişdir. Əsası isə qaçqınlıq kimi çətin anları da yaşamışdı. Hələ o zaman ermənilərin Azərbaycana təcavüzü başlayanda Rizvan Estoniyada qulluq edirdi. Hər gün Qarabağdan və digər sərhəd bölgələrindən dəhşətli xəbərlər gəldikcə, R. Pirnəzərov daxilən daha da narahat olurdu. Doğma torpağına dönməyə can atırdı. 1990-cı ilin ortalarında R. Pirnəzərovu Estoniyada yerləşən Pribaltika Hərbi Dairəsindən MDB-nin zabiti kimi Tbilisi şəhərində yerləşən Qafqaz Hərbi Dairəsinə göndərirlər. Məqsəd belə gərgin dövrdə Azərbaycan Respublikasının Ermənistanla sərhədlərinin təhlükəsizliyini təmin etmək idi. O, Gəncə şəhərində yerləşən hərbi hissənin motoatıcı taburuna komandir müavini təyin edilir. Həmin tabur əvvəlcə Gədəbəy rayonunun Şınıx bölgəsini müdafiə edir. Bir neçə aydan sonra isə onu Qazax rayonunun sərhəd kəndlərinə göndərirlər. O, gərgin döyüş zonası olan Qazaxın Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Bərxudarlı kəndlərində gedən döyüşlərdə fəal iştirak edir. Bu kəndlərdə ermənilərin törətdikləri vəhşiliklər onun gözləri qarşısından getmirdi. Azərbaycan Respublikasının sərhədləri MDB-nin ordusu tərəfindən müdafiə edilməsinə baxmayaraq, sərhəd rayonları onun gözü qarşısında erməni silahlı qüvvələri tərəfindən işğal olunurdu. O, bunlara dözə bilmirdi və tezliklə Azərbaycan ordusunun yaradılmasına can atırdı. Dəfələrlə, silahları qaçırıb Rusiyaya aparmağa çalışan rus zabitləri ilə mübahisə etmiş, hətta onlarla əlbəyaxa da olmuşdur. Buna görə onun kapitan rütbəsini əlindən almış, sıravi əsgər səviyyəsinə endirmişlər. Bu haqsızlıqlara dözməyən Rizvan el-obasının məskunlaşdığı Çənlibel kəndinə gələrək, könüllülərdən ibarət özünümüdafiə batalyonu yaradır. Sonradan bu batalyon 861-ci alayın 4-cü taburunda qanuni fəaliyyət göstərir. O, erməni faşistlərinə qarşı ilk döyüşlərini Gədəbəydən başladı. Tez bir zamanda, cəsur və təcrübəli bir zabit kimi tanındı. Şınıx bölgəsində ermənilərin hücumunun dəf edilməsində xüsusi fəallıq göstərdi. Azərbaycanın silahlı qüvvələrinin yaradılması haqqında fərmanı böyük sevinclə qarşılayan kapitan R. Pirnəzərov qısa vaxt ərzində yüksək nizam-intizam, böyük şücaətlə döyüşə bilən rota, sora isə batalyon təşkil etdi.

SON DÖYÜŞÜ

1992-ci ilin avqust ayında onun batalyonu həyəcan siqnalı ilə Gədəbəy rayonunun Şınıx bölgəsinə çağırıldı. Kapitan Pirnəzərov bir rota ilə Krasnoselo – Başkənd yolunu kəsərək, “Ermənistan”dan gələ biləcək əlavə qüvvələri məhv etmək tapşırığı alır. Əməliyyat planı da məhz cəsur kapitanın fəallığı nəticəsində hazırlanır… Əsgərlərimizin döyüşkənliyi, komandirlərin, xüsusilə də Pirnəzərovun ekstremal şəraitdə qətiyyəti və bacarığı sayəsində Başkənd alınır. Düşmənin qüvvələri məhv edilir, 1 ədəd T- 72, bir ədəd ES markalı yapon traktoru və bir ədəd RPK ələ keçirilir. Gərgin döyüşlərin təşkilatçısı olan Rizvan sonuncu dəfə 10 avqust 1992-ci ildə saat 24 radələrində evə qayıtmışdı. Hər zaman səliqə-sahmanda, intizamda adı birincilər sırasında olan Rizvan üst-başı cırılmış, üzü cırıq və dişlərinin bir neçəsi sınmış, tanınmaz vəziyyətdə idi. İçəri daxıl olmamış birdən zəng gəldi. Qışqırdılar. Hansısa istiqamətdən atışma var idi. Rizvan cavab verdi: Əsgərlər döyüş vəziyyətinə gətirilsin, müdafiə mövqeyində qalın mən dərhal gəlirəm. Pirnəzərov gəldiyi qiyafədə də geri qayıtdı. Sonradan məlum olmuşdur ki, onun üzündəki cızıqlar dağlarda əlində silah və Azərbaycan bayrağı dizi üstə sürünərək yaranmış, dişlərinin qırılmasına səbəb isə əsgərin əlindən sürüşüb dəyən dəmir parçası olub. Amma təəssüflər olsun ki, bu gərgin döyüşdə R. Pirnəzərov 1992-ci il 13 avqustda qəhrəmancasına həlak olur. R. Pirnəzərov yaratdığı tabora elə bir iz qoyub getdi ki, o tabur cəbhədə mərdliklə vuruşdu və tabe olduğu briqadada birinci olmağı ilə bərabər digərlərinə də nümunə oldu.

Картинки по запросу rizvan pirnəzərov

Rizvanın xatirəsi onu tanıyanların qəlbində silinməz izlər buraxıb. Son damla qanını canından çox sevdiyi vətəni uğrunda axıtdı Ondan Pirnəzərovlar ailəsinə qalan şirin xatirələri, şeirləri, şəkilləri, tərifnamələri, təşəkkürləri və yeganə yadigar Şölə qızıdır. Hazırda o, Bakıdakı Şəhidlər xiyabanında uyuyur. Doğmaları və yaxınları yeganə təskinliyi bu ünvanı tez-tez ziyarət etməkdə tapır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 1994-cü il tarixli fərmanı ilə Rizvan Məhərrəm oğlu Pirnəzərov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Biləcəri qəsəbəsindəki 299 saylı orta məktəb və Şəmkir rayonu Çənlibel kənd 2 saylı orta məktəbi şəhidin adını daşıyır. 299 saylı məktəbdə onun büstü qoyulub.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up