İlham Əliyev yeni gözətçi gəmisi ilə tanış oldu

print
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən filmə baxdı, gəmilərin texniki göstəriciləri ilə tanış oldu.

Elçin Quliyevin məruzəsində qeyd olundu ki, Azərbaycan Prezidentinin daimi diqqət və qayğısı sayəsində son illər ərzində Dövlət Sərhəd Xidmətində dinamik inkişaf təmin olunub, ən müasir silah və texnika dövlət sərhədinin mühafizəsinə cəlb edilib, döyüş tətbiqi imkanlarının ciddi genişlənməsinə nail olunub.

Sonra Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirildi.

İki il əvvəl Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın hərbi qüdrətinin möhtəşəmliyinin ifadəsi olan Aprel döyüşlərində düşmənin döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının bu döyüş imkanlarının uğurlu tətbiqi nəticəsində darmadağın edilməsinin görüntüləri nümayiş etdirildi.

Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində isə bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görüb. Sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndirilməsində böyük rol oynayır. 2017-ci il avqust ayının 12-14-də “Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış oldu.

Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Bildirildi ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Scroll Up