Loading

wait a moment

Arif Alışanovun sürücüsü Hacı Babayev qızı öldürdüklərini dolayısı ilə boynuna alıb – Ş.Əkbərov

print
AzTV sədri Arif Alışanova sui-qəsd cəhdində ittiham olunan və hazırda məhkəməsi gedən Şücayət Əkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin (BACM) hakimlərinin “qanunsuz hərəkətlərindən” Ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının (MHŞ) sədri Fikrət Məmmədova şikayət edib. Bir nüsxəsi “AzPolitika.info”ya daxil olan müraciətində hakimlərin işə qərəzli yanaşmaları, prosedur pozuntuları, qaldırılan vəsatətlərin qəbul edilməməsi, A.Alışanovun vəzifəsindən sui-istifadə edərək məhkəməyə təsir göstərməsi və sonuncunun qətl törətməsi faktına biganə yanaşılması məsələlərinə toxunub.

Məhkəmə Alışanovu niyə müdafiə edir?

Ş.Əkbərov heç bir cinayət törətmədiyini, sadəcə A.Alışanovla biznes maraqlarının üst-üstə düşmədiyindən AzTV rəhbərinin qəzəbinə tuş gəldiyini bildirib. Onun sözlərinə görə, Alışanov vəzifəsinin ona verdiyi imkanlardan sui-istfadə edərək, ailəsinin Şamaxıdakı bütün əmlakını hədə-qorxu yolu ilə ələ keçirib, özünü tutdurmaq üçün “saxta və ağlasığmaz sübutlar” toplayıb və bu işdə hətta, polis-prokurorluq orqanlarını da aldadıb.

ae38e6d3f5db230c9bf74d3730b0d28a

İstintaqın qərəzli və Alışanovun əcaib sübutlarına əsasən aparıldığını qeyd edən Ş.Əkbərov, məhkəmənin də prosesə eyni tərzdə yanaşmasından narazılığını bildirib. “Hadisələrin gedişatı bizə şübhələnməyə əsas verir ki, A.Alışanov hakimlərə təsir edir. Ona görə də, cinayət işinə baxan BACM hakimləri Əfqan Hacıyev (sədr), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət məhkəmə tərkibi işə obyektiv və qərəzsiz baxmaqdan çox uzaqdır. Xüsusən məhkəmədə sədrlik edən Ə.Hacıyev mənim təqsirsizliyimlə bağlı halların araşdırılması üçün verdiyimiz bütün vəsatətləri qanunsuz olaraq təmin etmir, prosesi arbitrdən daha çox ittihamçı kimi idarə edir, haqsız həbs edilmiş bizlərə qarşı aqressiv davranır” – deyə, Ş.Əkbərov şikayət ərizəsində bildirib.

Ş.Əkbərov yazır ki, məhkəmə-hazırlıq iclasında cinayət işinin ibtidai araşdırma üçün prokurora qaytarılması barədə özünün və vəkillərin verdiyi vəsatət heç bir əsas göstərilmədən təmin edilməyib. Eyni zamanda, hakim prosesdə ona və övladlarına hədə-qorxu gəlib, hətta qızlarını təhqir edərək məhkəmə zalından çıxarıb. ““Zərərçəkmiş” qismində olan Alışanovun məhkəmə istintaqında iştirak edib, mənimlə çarpaz dindirilməsi barədə vəsatətlər, eyni zamanda, mənim iş materialları ilə tanış olmam üçün (maddə-285.3) şərait yaradılması barədə verilmiş vəsatət də təmin edilməyib. Halbuki Cinayət Prosessual Məcəlləsinin (CPM) 285.3-cü maddəsinə görə, mən təqsirləndirilən şəxs kimi iş materialları ilə cinayət işinin digər iştirakçılarından əvvəl tanış olmalıyam”.

Şikayətçinin fikrincə, hakim adına layiq davranmayan Ə.Hacıyevin ictimaiyyətin hələ də yaxşı tanımadığı Alışanovu xüsusi “sevgi” ilə müdafiə etməsi adamda sadəcə ikrah hissi doğurur.

“Ölümünə sui-qəsd edilmiş zərərçəkən” məhkəməyə niyə gəlmir?

Ş.Əkbərovun məktubunda deyilir ki, məhkəmə istintaqı başlasa da, iş materialları ilə tanış olmayıb, işin içində nələr olduğundan xəbərsizdir, ittiham aktının surətini almayıb, nədə ittiham olunduğunu bilmir. “Ən maraqlı cəhət odur ki, məhkəmə guya “ölümünə sui-qəsd edilmiş”, “dələduzluqla küllü məbləğdə əmlakı ələ keçirilmiş” A.Alışanovun iştirakı olmadan aparılır. Axı CPM-nin konkret maddəsinə görə (330.2), “zərərçəkmiş şəxs, şahidlərdən, təqsirləndirilən şəxslərdən və digər sübutların tədqiqindən əvvəl dindirilməlidir”.

Bəs onda niyə bu “zərərçəkən” Alışanov məhkəməyə gəlib, ona necə və hansı şəraitdə qəsd edilməsindən danışmır? Niyə Şamaxıda arvad-uşağının, sürücüsü və qohumlarının adına olan milyon manatlarla əmlakı, bağ-bağatı, torpaq sahələri ola-ola “aldadılması” barədə məhkəmədə ifadə vermir? Nədən məhkəmə qanunun tələbinə və təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə baxmayaraq, onun və vəkillərinin bu barədə olan vəsatətlərini qərəzli şəkildə rədd edir?

Cavabı mən özüm verirəm: çünki bu cinayət işi quramadır, yalandır və A.Alışanovun sifarişi ilə saxta sübutlar əsasında “düzəldilmişdir”. Bu səbəbdən də Alışanov məhkəməyə gəlmir. Əvvəla, gəlsə çox əməlləri ifşa olunacaq, ikincisi isə onun bir xeyli səbəblərə görə bu prosesə gəlməyə üzü yoxdur. Buna görə də AzTV sədrinin əvəzinə məhkəmədə hakimlər canfəşanlıq edirlər.

Hakimlər qrupuna etiraz da qəbul olunmur…

Mən də, vəkillər də qərəzli mövqelərinə görə məhkəmə tərkibinə etiraz vermişik. Tərkib isə bu etirazı “əsaslandırılmamışdır” adı ilə təmin etməyib və baxılması üçün aidiyyatı üzrə Apellyasiya Məhkəməsinə göndərmək əvəzinə baxılmamış saxlayıblar. Bununla da mənim müdafiəmin tərkib hissəsi olan “qərəzli bir tərkibə etiraz vermək” hüququm da kobud şəkildə pozulub. Bu, tərkibin baxılan işin nəticəsində maraqlı olduğunun birbaşa göstəricisi deyilmi?!

Ən təccüblüsü odur ki, hakimlər bir tərəfdən məhkəmə baxışını 15 gün təxirə salır, digər tərəfdən isə təqsirləndirilən şəxsin iş materialları ilə tanış olma barədə verilmiş vəsatətini təmin etmir. Qərəzli olmayan hakimlər heç vaxt belə hərəkətlərə yol verməzlər.

Məhkəmənin qərəzli və sifarişli olduğunu iki fakt daha aydın sübut edir: birincisi, bizim müdafiə qrupuna hansısa yolla yeridilmiş Ağayeva soyadlı vəkil təqsirləndirilənlərdən birini mənim üzümə durmağa məcbur edir, hakim isə birbaşa “Vəkillik fəaliyyəti haqqında qanuna” zidd olan bu əmələ göz yumur. İkincisi isə hakimlər məhkəmə başlanandan bu yana verdiyimiz 10-dan artıq vəsatətin heç birini təmin etməyib. Siz deyin, belə hakim, belə ədalət məhkəməsi olar?!
Bax, bu deyilənlərə görə, bizdə əsaslı şübhələr formalaşmağa başlayıb ki, A.Alışanov kimi bir məmur, artıq ədalət mühakiməsini də ələ alıb.

Alışanov və sürücüsünün qətl törətməsi barədə iddia təkrarlanır…

Ş.Əkbərov şikayət məktubunda məhkəmə zamanı verdiyi ifadədə AzTV sədri və onun sürücüsünün 2016-cı ildə “qarasaçlı bir qızı qətlə yetirmələri” barədə iddiasını təkrar edir və bildirir ki, “Alışanov məhz bu ölüm hadisəsindən xəbərdar olduğu üçün əvvəlcə məni həbs etdirmiş və sonra həbsxanada öldürtməyi planlaşdırmışdır”.

meyit-olu

Qətlə yetirilmiş insan cəsədini “Alışanovun xidmət maşınının yük yerində görməsini, onun çayda axıdılmasının yerini, vaxtını və şəraitini detallarla təsvir edən Ş.Əkbərov qeyd edir ki, Şamaxıya növbəti səfərlərin birində sürücü Hacı Babayev “müəllimi şəkillərlə şantaj etdiyi üçün” qızı öldürdüklərini dolayısı ilə boynuna alıb. Sonralar hiss edirdim ki, Alışanov da mənim bu işi bildiyimi anlayıb”.

Ş.Əkbərov məlumat versə də, istintaq zamanı “qətl” faktının üstündən keçilməsini və indi də məhkəmədə bu məsələyə maraq göstərilməməsini nəzərə çatdıraraq, MHŞ-dan Alışanov və onun sürücüsünün bu cinayət əməlinin dərindən araşdırılmasını xahiş edir.

Müstəntiqin “xeyir-duası” ilə əlimizdən alınan əmlaklar Alışanovdadır

“Hələ mən həbsdə ola-ola notarius dəvət edilib, məndən, anamdan və yaxın qohumlarımızdan Alışanovun qohumunun adına əmlakın özgəninkləşdirilməsinə dair etibarnamə alınıb və istintaq yekunlaşmadan bütün daşınmaz və daşınar əmlaklarımız ehtimal edilən cinayət yolu ilə əldə edilmiş pulla alınması sübuta yetirilmədən, istintaqçının “xeyir-duası” ilə ilkin mərhələdə zorakılıqla AzTV sədrinin ailə üzvlərinin mülkiyyətlərinə keçirilib.

İndi bizim illər boyu topladığımız varidatımızı Alışanov ələ keçirib. Bu miqyasda ədalətsizlik olmaz ki, həm illərlə əziyyət çəkib tikib-düzəltdiyim ev-eşiyimi, torpaq sahələrimi, fermamı, texnikamı əlimdən alasan, həm də özümü şərləyib tutdurasan. Axı Allah bunu götürməz!”

Sonda ədalətli məhkəmə araşdırmasına ümid edən Ş.Əkbərov, əsl həqiqətin üzə çıxarılması üçün MHŞ-nın köməyinə güvəndiyini bildirir. (Vaqif, AzPolitika.info)

http://azpolitika.info/?p=406274

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up