Loading

wait a moment

Azərbaycanda “İlaxır çərşənbə” qeyd olunur

print
Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu – İlaxır çərşənbədir.
Bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən atlanmalıdır.
Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.
İlaxır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də qeyd edilib.
Scroll Up