İcma rəhbərinə “Tərəqqi” medalı təqdim olundu – Astana şəhərində

print
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bir sıra fəal diaspor üzvləri “Tərəqqi” medalı ilə təltif olunub. Qazaxıstanın Atırau şəhərindəki “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov da təltif olunanlar sıyahısındadır.

Bununla bağlı Astana şəhərində mərasim keçirilib. Bu haqda məlumatı ASSA-ya səfirliyin mətbuat xidməti verib.

Məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, bir çox azərbaycanlıların taleləri elə gətirib ki, onlar öz doğma torpaqlarından didərgin düşərək Qazaxıstan torpağına pənah gətiriblər.

Qazax xalqı da onlara böyük qayğı göstərib, isti qucaq açıb, onların cəmiyyətə inteqrasiyası üçün münbit şərait yaradıb. Lakin Qazaxıstana işləməyə gələn və sonra həyat və fəaliyyətlərini qardaş ölkədə davam etdirən həmyerlilərimiz də var. Onlar Azərbaycanın zəngin mədəniyyətini, tarixini, incəsənətini bu ölkədə uğurla təbliğ edir, icmanın formalaşmasında mühüm xidmətlər göstərirlər.  Qazaxıstanın Atırau şəhərindəki “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov da bu qəbildən olan diaspor rəhbərlərindən biridir. Dövlət başçısı bunu nəzərə alaraq “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədrini “Tərəqqi” medalı ilə təltif edib.

Çıxışdan sonra “Tərəqqi” medalı və vəsiqəsi Eldar Əhmədova təqdim edilib. Eldar Əhmədov ona göstərilən bu diqqətə görə Azərbaycan prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib, ölkə rəhbərliyinin diasporun formalaşmasında həyata keçirdiyi siyasəti təqdir edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up