Yüklənir

Gözləyin

XX yüz illiyin sonundakı faciəvi eşq

print
Yaxşı oğul neyniyir ata malını, pis oğul neyniyir ata malını.

Çoxları onu dünya şöhrətli aktyor, əfsanəvi döyüş sənət ustası Brüs Linin oğlu kimi tanıyır.

O, isə həyatda daim atasının kölgəsində qalmamaq üçün mübarizə apardı, sonda istəyinə nail oldu. Bu şəxs Brendon Li idi.

Brendon Li yalnız Brüs Linin oğlu kimi deyil, həm faciəvi dram aktyoru, həm də, XX əsrin sonunda faciəvi eşq yaşamış biri kimi də adını tarixə yazdırdı.

Həyatı mübarizələrlə, axtarışlarla keçmiş akyorun ömür yolunun hamısı haqqında deyil, əsasən ata kölgəsində qalmamasından, qovuşa bilmədiyi yarından, faciəvi ölümündən və dünyaca məşhurlaşmasından söhbət açacağıq.

Brendon Li 1 fevral 1965-ci ildə ABŞ-ın Oklend ştatında dünyaya gəlib. 3 yaşında atası Brüs Linin rəhbərliyi altında Kon Fu döyüş sənətini öyrənməyə başlayır. 1973-cü ildə atası Brüs Li vəfat edir, bununla da 8 yaşlı Brendon həyatda ilk dəfə olaraq ağır zərbə alaraq, psixoloji depresiyaya düşür, 15 yaşına kimi qapalı xarakterli gənc kimi formalaşır.

Onun həyatda aldığı ikinci psixoloji travma aktyor karyerası ilə bağlıdır. Belə ki, Brendon gənclik cağlarından Şekspir vurğunu olmuş, gələcəkdə dram aktyoru kimi formalaşmaq istəyirdi. Ssenarist, rejissör heyəti isə, bunun əksinə olaraq onu da, atası kimi döyüş janrında olan filmlərdə önə çəkirdilər. Brendon bu rolları çox məharətlə ifa edirdi. Buna misal olaraq onun  baş rollarda canlandırdığı “Kiçik Tokioda safcürük”, “Qacağan od” filmlərindən də görmək mümkündür. Hətta, həqiqət naminə etiraf etməliyik ki, döyüş bacarıqları və bu yöndə aktyorluğuna görə, həmin dövrün avanqardları olan Jan Klod Vann Damm, Cet Li, Oliviye Qrüner, Daniyel Bernhard, Don Uilson, Dolf Lundqren, Kristofer Lambert, Mark Dakaskos, Maykl Dudikoff və digərlərindən heç də geri qalmırdı, eyni zamanda bu yöndə davam etsəydi, onların çoxunu geridə qoyacaqdı. Lakin onun ruhu dram rollar üçün alışıb yanırdı.

1990-cı ildə o, həyatının ilk və son qadını olan Hollivudda “20th Century Fox” kino kompaniyasında rejissor köməkçisi kimi çalışan Eliza Hatonla tanışlığı başlayır. Bir qədər sonra onlar bir-birlərinə fanatikcəsinə bağlanırlar. Elə bir yer olmazdı ki, cütlükləri birgə görməsinlər. Brendon onun yoxluğuna dözə bilmədiyindən Eliza bütün film çəkilişləri, hətta idman hazırlıqları zamanı belə onun yanında olurdu. Hər bir filmin müxtəlif şəhərlərdə çəkilməsinə baxmayaraq, Eliza daim onun kölgəsi kimi onu tək qoymurdu. İş həyatından kənarda cütlük birgə ABŞ və Meksikanın müxtəlif ştatlarında səfərlər  edirdilər.

Faciəvi şəkildə yol qəzasında nişanlısını itirən ssenarist Ceyms О’Bar sevgilisinin xatirəsinə “Qarğa ( The Crow  )” adında komiks bir kitab yazır. Lakin 7 il kitabı nədənsə nəşr etdirmir. Yalnız 1989-cu ildə «Caliber Press» nəşriyatı öz üzərinə götürərək əsəri nəşr etdirir. Sonralar bu kitab avstraliyalı rejissor Aleks Proyasın əlinə düşür. Əsər rejissorun hədsiz dərəcədə xoşuna gəlir və o, əsərə film çəkmək qərarına gəlir.  Elə rejissorün filmin baş qəhrəmanı olan Erik Dreyvın roluna namizədlərdən biri kimi Brendon Lini də göstərirlər. 1992-ci ilin yayında Brendona filmin ssenarisi təqdim edilir. Lakin hələ baş rol təqdim olunmur. Brendon sevgili Eliza ilə birgə Venesiyaya istirahətə yollanırlar. Elə orada Brendon Eliza qarşısında diz çökərək ona evlənmə təklifi edir. Eliza təbii ki, razılıq verir.

Venesiyadan qayıtdıqdan sonra Brendon bütün rəqiblərini qabaqlayaraq, baş rol ifasına irəli çəkilir. Elə həmin ilin sonlarında Şimali Karolinın Uilminqton şəhərində filmin çəkilişləri başlayır.  Film mistik dram janrında idi. Nəhayət ki, Brendon sevdiyi dram janrında özünü təsdiqləyəcəkdi. Filmin süjet xətti belə idi: Helloin bayramı ərəfəsində rok gitara ifaçısı Erik Dreyvın sevgilisi Şelli Vebster ilə ailə həyatı qurmaq üçün toya hazırlaşırlar. Lakin şəhərin quldur sindikatının üzvləri tərəfindən evlərinə basqın olur. Şellini Erikin gözü qabağında zorlayırlar. Eriki isə güllələyərək 5-ci mərtəbədən yerə atırlar. Şelli isə komaya düşərək 30 saat sonra xəstəxanada canını tapşırır. Bu hadisədən bir il sonra mistik gücə malik Qarğa Eriki qəbirdən oyadaraq canlandırır. Erik fövqəlbəşər gücə sahib olaraq, Şellinin qətlində əli olan bütün quldur birləşməsini məhv edir.  Sonda sevgilisin məzarına qarşısında diz çökərək qisasını aldığını bildirir və yenidən ölülər dünyasına – Şellinin yanına qayıdır. Nə qədər qəribə olsa da, filmdəki hadisələr, Erik ilə Şellinin faciəsi Brendon- Eliza cütlüyünə də mistik təsir edir.

Bir maraqlı fakt olaraq onu qeyd edək ki, məhz Brendonun israrlı xahişi filmdəki əksər intim səhnələr çıxarılır. Buna səbəb o idi ki, o, hər tərəfli yalnız Elizaya məxsusu olmaq istəyirdi.

1993-cü ilin martın ortaları idi, filmin artıq 90% çəkilmişdi.  Eliza hər zamankı kimi Brendonu tək qoymamışdı. Film yekunlaşmağa doğru getdikcə, cütlükdə toy mərasimlərinə tədarüklər görürdülər. Belə ki, artıq aprelin 5-i bütün çəkilişlər yekunlaşmalıydı. Aprelin 17-də isə cütlüklərin Meksikanın Ensenada şəhərində toy mərasimi planlaşdırılırdı. Artıq Eliza üçün gəlinlik libası da artıq hazır idi. Demək olar ki, Li ailəsi və bütün Hollivud əhli əsrin cütlüklərinin toyuna hazırlaşırdı.

27 martda məhz Brendon Elizanı həm bir neçə gün istirahət etməyə, həm də yaxınları ilə görüşüb toylarına dəvət  etmək üçün Los-Ancelesə yola salmaq qərarına gəlir. Eliza əvvəlcə getmək istəmir, sonda Brendonun xahişini yerə salmır və yola düşür. Onların heç birinin ağlına da, gəlməzdi ki, bu onların son görüşləriydi.

30 martda filmin axırıncı səhnəsinin çəkilişlərinə hazırlıq ərəfəsində – gözlənilməz faciəyə bir neçə saat qalmış  Brendonla Eliza son dəfə telefonla danışdılar. Danışıq zamanı Elliza Brendona toy mərasimi üçün “Corcio Armani” şirkətindən sifariş verdiyi kostyumunun, nigah üçün üzüklərinin də hazır olduğunu və özünü dünyanın xöşbəxt qadını hesab etdiyini bildirdi. Bu, onların sonuncu danışığı oldu. Filmin son səhnəsi gecə yarısı çəkilməyə başladı. Həmin səhnədə Brendona atəş açılaraq öldürülməli idi. Hər şey hazır idi. Start verildi, atəş açıldı, Brendon yerə sərildi. Səhnə o qədər gözəl, təbii ifa olundu ki, bütün rejissor-aktyor heyəti qışqıraraq “Bravo” sədaları alqışlar etdilər. Amma nədənsə Brendonun qalxmadığını gördülər, əvvəlcə onun adəti üzrə zarafat etdiyin zənn etdilər, lakin sonradan aktyorun bədənində boya əvəzi qarnında güllə yarası və təbii qanın püskürdüyünü gördükdə  dərhal təcilli tibbi yardıma zəng etdilər. Silahın içində necə olursa güllələrdən biri döyüş gülləsi olur. Onun təcili xəstəxanaya apardılar, o, komada idi. Baş vermiş hadisə ilə bağlı dərhal Elizaya telefonla bildirilir.  O, əvvəlcə sevgilisinin adəti üzrə zarafat etdiyini bildirsə də, sonda ona Brendonun xəstəxanada olduğunu xəbər verdilər. Eliza birinci reyslə dərhal özünü xəstəxanaya yetirdi. Güllə onun qarnını deşərək, həyat əhəmiyyətli orqanlarını zədələmiş, son olaraq onurğa sümüyündə ilişib qalmışdı, eyni zamanda  arteriyal qanaxma nəticəsində o, xeyli qan itirmişdi.  Həkimlərin bütün səylərinə, hətta onu əməliyyat edərək, 7 litrə yaxın qan köçürülməsinə baxmayaraq Brendon yaşaması yalnız möcüzəyə qalmışdı. Brendon artıq 12 saata yaxın idi ki, komadaydı. Eliza palataya daxil olaraq Brendonu o vəziyyətdə görərək,  göz yaşları ilə  özünü onun üstünə ataraq fəryad qopardı. Elə bu an Brendon komadan ayılmadan, son nəfəsini verərək həm Elizayla, həm də həyatla vidalaşır. 31 mart 1993-cü il saat 13.04-də Brendonun ürəyi dayanır.  Bu sanki, “Qarğa” filminin real həyatdakı canlı kadrı idi. Filmdə Şelli 30 saat komada olub dünyadan köçdüyü kimi, həyatda da Brendon 12 saata yaxın o vəziyyətə düşür və canını tapşırır.

Hamının səbrsizliklə  gözlədiyi toy mərasimini yas mərasimi əvəz edir. 3 aprel 1993-cü ildə Brendonu Vaşinqton ştatının Siyetl şəhərində atası Brüs Linin yanında dəfn edirlər. Filmin ssenari müəllifi Ceyms О’Bar müsahibələrinin birində bu barədə deyir: Dəfndən bir neçə həftə sonra mən Elizaya baş çəkmək qərarına gələrək ona iki dəstə sarı qızıl gül aldım. Vaxtı ilə sevgilimi yol qəzasında itirdiyimdən hər zaman onun məzarı üstünə bu gülləri qoyardım. Elizanın mənim bu faciəmdən xəbəri var idi. İndi isə bu güllərlə Elizaya təsəlli vermək istəyirdim. Mənzil başına çatanda həyata küskün, hər şeyini itirmiş, miskin Elizanı gördüm. O, bir otaqda oturmuşdu. Otaq başdan ayağa toy mərasimi üçün alınmış hədiyələrlə, itirilmiş yarının vaxtı ilə onun üçün aldığı hədiyələr-əşyalarla bəzədilmişdi, masanın üstündə isə onların birgə keçirdiyi anlarla bağlı video kasetlər,  Brendonun müxtəlif jurnallara verdiyi müsahibələri və birgə şəkilləri ilə diqqət çəkirdi. Qəfildən Eliza mənə dedi: “Bunu görmək istəyirsiniz?” mən onun nəyi nəzərdə tutduğunu anlamadım, bu zaman o, mənim əlimdən tutaraq digər otağa apardı və ona geyinmək nəsib olmayan, manikenə geyindirilmiş gəlinlik paltarını göstərərək –  məgər o gözəl deyil? – deyə soruşdu. Bu mənim həyatımda bir insanın ən kədərli faciəsini  göstərən bir an kimi yaddaşıma həkk olundu…”

Brendon Linin anası sonradan kinostudiyanı məhkəməyə verdi. Məhkəmə isə kino çəkilişləri zamanı lazımınca təhlükəsizlik qaydalarına əməl edilmədiyinə görə Li ailəsinin lehinə qərar çıxardı. Onlara dəymiş mənəvi zərərə görə pul təzminatı ödənildi.

Brendona atəş açan aktyor Maykl Massi isə heç bir məsuliyyətə çəlb olunmadı. Axı niyə də olunsun. O, nə bilərdi ki, silahın içində döyüş gülləsi var. Amma buna baxmayaraq , da həyatının sonuna kimi vicdan əzabı çəkdi. Müsahibələrinin birində o, deyirdi: o səhnə hələ də kabus kimi yuxularıma girir. Maykl Massi 2016-cı ildə mədə xərçəngindən vəfat etdi.

Brendonun ölümündən sonra filmin yarımçıq qalmış səhnələri dublyorlar vasitəsilə çəkilib tamamlandı. Həmçinin o faciəvi səhnə də pozularaq yenidən çəkildi.  Filmə ümumilikdə 15 milyon dollar xərc çəkildi. 13 may 1994-cü ildə filmin ABŞ-da nümayişi oldu. Beləliklə, “Qarğa” filmi 1994-cü ilin ən yaxşı filmi seçilərək “MTV Movie Awards” mükafatına layiq görüldü. Brendon Li isə “ən yaxşı aktyor” adına layiq bilinsə də, rəsmi olaraq heç bir mükafat verilmədi.  Filmin rejissöru Aleks Proyas, ssenari müəllifi Ceyms О’Bar bir-birinə qovuşa bilmədiyi cütlüyün eşqinə dərin hörmət bildirərək filmi Brandon və Elizaya həsr etdilər. Kinoya baxanlar filmin sonun qeyd edilən “For Brandon and Eliza” yazısını yaxşı xatırlayarlar. Ümumilikdə isə film 95 milyon dollara yaxın gəlir gətirdi.

Bu faciədən sonra Eliza depresiyadan uzun müddət çıxa bilmədi. Heç kim onu nə Brendon kimi cəlb edə bildi, nə də ürəyini fəth edə bildi. O, 11 il sevdiyi insanı itirdikdən sonra subay qaldı. Yalnız 2004-cü ildə ailə həyatı qurdu və hal-hazırda Kaliforniyada yaşayır və bir qız övladı var. Amma ortaya belə bir sual çıxır – “o, Brendonu unuda bildimi?” Xöşbəxtdirmi? Gəlin, bu suala belə cavab verək, həyatımızın hər saniyəsində bizi bir yenilik gozlüyür, hansı ki, biz bilmirik, o hadisə gələcək həyatımızda bizə sevinc bəxş edəcək, yoxsa kədər? Eyni zamanda bizlər acizik, cünki hər şey iradəmizdən asılı deyil. Əgər keçmişimizdəki hansısa bədbəxt hadisəni yada salanda kədərlənib bir daha baş verməməsini istəyiriksə, sevincli günlərimizin xatirəsini yada salanda onu yenidən,  sonsuza qədər yaşamaq arzusu ilə yaşayırıq və o gunləri ağlayaraq geri qaytarmaq istəyirik. İstər  Eliza evli, istərsə də ana olsun, bu, ona nə dəlicəsinə aşiq olub bağlandığı Brendonu unutdura bilər nə də ki, onu keçmişdəki olduğu qədər xöşbəxt edər! Həyatda insana bir cox şeylər bir dəfə verildiyi kimi ruhən bağlanaraq aşiq olmaq da bir dəfə verilir. Ən böyük faciəmiz də odur ki, verilmiş bu şansı ya anında dəyərləndirə bilmir,  ya  qovuşmaq nəsib olmur, ya da qovuşduqda bu uzun müddətli olmur…

KİV və sosial şəbəkələrdə gözümüzə soxulan Hollivud “cütlükləri” olan “Tom Kruz-Nikol Kidman”, “Bred Pitt-Ancelina Culi” və digərlərinin nümayiş etdirdikləri saxta “cütlüklər” görüntüsü və xəbərlərdən fərqli olaraq  əsl cütlüklər olan Brendon Li – Eliza Hatton nümunə göstərmək lazımdı.  Həmçinin ümid edirəm ki, bugün hər şeydə “müasirləşərək” çoxərlilik yarışına çıxıb, Avropaya ayaq açan, hətta artıq Avropanı da yavaş-yavaş geridə qoyan “qadın-qızlarımız (hamıya aid deyil) ” Elizanın etdiyi fədakarlıq, sadiqlik nümunələrini özləri üçün örnək götürməlidilər.

Brendon Li ölümü bahasına olsa da, istədiklərinə nail ola bildi. Atasının kölgəsində qalmadı və sevdiyi dram janrındakı ilk və son rolunu layiqincə ifa edərək adını dünya kinosunun unudulmaz atyorları sırasına yazdırdı. O da, atası kimi, hətta atasından da gənç yaşında vaxtsız həyatla vidalaşdı – 28 yaşında.

Mən isə “Qarğa” filminə dəfələrlə seyr edib, seyr edən, ömür nəsib yetsə, yenə də seyr edəcək bir seyirci kimi, filmdəki Erikin qatillərin hamısını öldürdükdən sonra gücü tükənərək, sürünə-sürünə qovuşa bilmədiyi sevgilisinin məzarının başına çataraq Şelli deyib, yenidən ölülər dünyasına – öz yarına qovuşması olan son səhnəni yaşadıqca heç vaxt unutmayacağam. Çünki mənə görə bu səhnədə Brendonun Elizaya necə bağlanaraq aşiq olduğunu görmək olar…

Abdulla İbrahimli

Scroll Up