Ramiz Göyüşov: Mənə xatirən qalacaq…

print
12 mart Böyük şairimiz – ruhu bizimlə yaşayan şairmiz Cabir Novruzun ad günüdür.

Mənə xatirən qalacaq…

Mart ayının 12-si, axşam idi. Minik maşınında işdən evə qayıdırdım.Radionun düyməsini basaraq kanalı ən çox dinlədiyim 90 FM dalğasına köklədim. Radioda Azərbaycanın üç böyük sənətkarının -Xalq şairi Cabir Novruz, Xalq artisti, bəstəkar Oktay Kazımi və SSRİ xalq artisit Rəşid Behbudovun yaratdıqları “Tələsin insanlar” mahnısı səslənirdi. Mahnının sözləri, musiqisi və müğəninin ifası hisslərimə hakim kəsilmişdi. Sanki mahnını birinci dəfə idi eşidirdim. Bir azdan mahnı sona yetdi. Arxasınca diktorun səsi eşidildi. Səslənən verliş xalq şairi Cabir Novruza həsr olunmuşdur. Sən demə 12 mart onun doğum günü imiş. Verlişə sona qədər qulaq asdım. Cabir Novruzun əzbərdən bildiyim şeirlərini xatırladım və birdən onun haqqında yazmaq istədim. Buna bir daxili ehtiyac hiss etdim. Yadıma onun “Mənə xatirən qalacaq” şeiri düşdü.Həmin şeirin iki bəndini xatirladım, elə bu yazıya da həmin başlığı verdim.

Hamı çəkilib gedəcək, Təkcə xatirən qalacaq
Hamıdan da etibarlı, Mənə xatirən qalacaq
…. Belədir yekun, nəticə, Adın yaxın, özün uzaq
Hər şey çəkilib gedəcək, Bircə xatirən qalacaq.

Cabir Novruz bu şeiri 1988-ci ildə ömür gün yoldaşı Səfurə xanımın xatirəsinə yazmışdır. Lakin adama elə gəlir ki, özünə həsr edib. Şeir o qədər güclü və təbii, o qədər kövrək və həzin, o qədər yanıqlıdır ki, sanki əziz adamını itirmiş, istənilən bir insanın dilindən yazılıb.
Çox qəribədir ki, şairin ölümündən 5 il sonra təsadüfi avtomobil qəzasında həlak olmuş şairin oğlu, tanınmış dövlət adamı Mirzə Novruzovun faciəli ölümünə yazılmış elegiyaya, şairin kiçik oğlu Müşfiq bu şeiri daxil edib (həmin video diski mənə rəhmətlik Mirzə müəllimi yaxından tanıyan adam kimi Müşfiq xatirə olaraq verib.) … Bu kiçicik yazını yazmaqdan ötrü mən Cabir Novruzun yaradıcılığını yenidən vərəqlədim. Onun həyatını oxudum. Haqqında yazılmış xatirələrə, əsərləri haqqında yazılan esselərə, çox saylı məqalə və yazılara, kitablara nəzər saldim. Onun “Fəxri Xiyaban”da uyuyan məzarını ziyarət etdim. Cabir Novruzun dünyaya göz açdığı Xızı torpağına getdim. Onun təşəbbüsü ilə yaradılmış “Müşfiq ocağı”nı ziyarət etdim. Doğma kəndi, indi artıq mövcud olmayan Upa kəndinin bir zamanlar yerləşdiyi əraziləri gəzdim. Uzun illər yaxın qonşuları olmuş, dostum Eldar Ağayevle Cabir Novruzun ailəsi haqqında xatirələrə qulaq asdım, onun şeirlərinə yazılmış mahnıları dönə-dönə dinlədim. Bir sözlə Cabir Novruzu olduğu kimi hiss etmək istəyirdim. Lakin daha çox diqqət yetirdiyim onun şeirləri oldu.
Cabir Novruzun yaradıcılığı haqqında şairlər, yazıçılar, ədəbiyyatşünaslar, müasirləri çox saylı fikirlər yazmışlar və onların hamisi şairin yaradıcılığına yüksək dəyər vermişlər. Lakin Cabir Novruzun şeirlərini oxuduqca mənə elə gəldiki, onun poetikası hələ tam öyrəniləməyib. Bu yazı da Cabir Novruz yaradıcılığının daha dərindən öyrənilməsində bir addım olacağını düşünərək yazdım. Bir də mənə elə gəlir ki, böyük şairləri, yazıçıları bir sözlə yaradıcı adamları daim xatırlamaq onları müasir oxucuya tanıtmaq, gələcək nəslillərə ötürmək üçün bu səpkili yazıların zaman-zaman müntəzəm olaraq yaranmasına ehtiyac vardır .Cabir Novruz sevənlərə məlumdur ki, onun yaradıcılığı haqqında yazılar əsasən 30-40 il bundan qabaq həmin zamanın baxış bucağından yazılmışdır. Fikrimcə, bu baxımdan Cabır Novruzun şeirləri artıq onun fiziki yoxluğundan keçən 12 ildən sonra yeni yanaşma tələb edir. Cabir Novruz elə sənətkarlardandır ki, onun yaradıcılığı hər zaman tədqiq edilməlidir. Çoxumuza məlumdur ki, Cabir Novruz 2003-cü ildə 70 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun şeirlərini oxuduqca məni təəccüb bürüyür. Necə olub ki, bu qədər həssas qəlbə, güclü müşahidə qabiliyyətinə, incə zövqə, kövrək təbiətə malik olan bu insan 70 il yaşaya bilib. Necə olub ki, son dərəcə həssas qəlbli, kiçik bir hadisədən son dərəcə mütəəssir olan bu insanın ürəyi partlamayıb. Diqqət edin şairin “Yaxşıların itkisinə dözə bilmirəm” şeirinə.

Yaxşıların itkisinə dözə bilmirəm
Bir işıqlı ürək yenə torpağın oldu
Elə bil ki, kasıblaşdı bu boyda aləm
Elə bil ki, üfüqlərdə söndü bir ulduz
Nanəciblər köbələktək çoxalır gündə,
Nəcibləri tapmaq olmur gündüz çıraqla
Ləyaqətin qıt vaxtında, qıt vədəsində,
Bir ləyaqət sahibi də yox oldu Allah!

Cabir Novruzun yaradıcılığı haqqında yazmaq həm asandır, həm də çətin. Əslində Azərbaycan poeziyasının bütöv bir dövrü Cabir Novruzun yaradıcılığı ilə müşayət olunur. Bu mənada Cabir Novruz yaradıcılığından yazmaq elə bütünlüklə həmin dövrün Azərbaycan poeziasından yazmaq deməkdir. Çünki Cabir Novruz yaradıcılığı o qədər rəngarəng , o qədər əhatəlidir ki, poeziyanın elə bir mövzusu yoxdur ki, şair o mövzuya toxunmamış olsun. Mən çox hallarda Cabir Novruz poeziyasını min bir rəngə çalan göy qurşağına bənzədirəm. Sanki göy qurşağı göydən yerə elə göy qurşağı kimi, min bir rəngə çalan Xızı dağlarına, dağların döşündə min bir gül açan çəmənliyə köçmüş oradan da Cabir Novruz yaradıcılığına hopmuşdur. Cabir Novruz Azərbaycanın milli poeziya ənənələrinə söykənərək özünün – poeziyasını yaratmışdır. Bu poeziya Azərbaycanımızın dilbər güşələrindən olan, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Seyfəddin Dağlı, Məmməd Arif kimi söz, ədəbiyyat nəhənglərini bəxş etmiş Xızı torpağının Upa kəndində doğulmuş, Xızının havasından, billur bulaqlarından, əsrarəngiz təbiətindən, maya tutaraq pərvazlanmış, lakin doğulduğu mahala sığmayaraq Giləzi stansiyasından dəmiryolu reysləri kimi boy alaraq Bakıya çatmış buradan isə bütün Azərbaycana, keçmiş SSRİ məkanına, dünyaya yayılmışdır. Cabir Novruz yaradıcılığının baş mövzularından biri ana mövzusudur. Bu bir həqiqətdir ki, “Ana” mövzusu hər zaman ədəbiyyatımızın şah mövzularından olmuşdur. Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından tutmuş ən gənc şairlərimizə qədər çox böyük əksətiyyəti bu mövzuya müraciət etmiş, bu mövzuda özlərinin ən gözəl əsərlərini yaratmışlar. Anaya olan məhəbbət nə qədər eyni məna kəsb etməsinə baxmayaraq, bir o qədər də fərdi xarakter daşıyır. Lakin burada ən mühüm faktor həmin məhəbbəti ifadə etmək bacarığıdır. Buna isə istedad və poetik ustalıq lazımdır. Cabir Novruz ana mövzusuna silsilə şeirlər həsr edib. Bu şeirlərin hamısı bir- birindən gözəl olmaqla təkcə Cabir Novruzun anasına olan məhəbbətini əks etdirmir, əksinə ümumən övladın anaya olan məhəbbətinin ifadəsinə çevrilir, bəşəriləşir. Mən bu yazıda həmin şeirlərdən birinə “Qocalır anam” şeirinə toxunmaq istərdim. Yeri gəlmişkən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Cabir Novruzun qələm yoldaşı və müasiri Nəriman Həsənzadənin həmin şeir haqqında düşüncələrini bu yazıya gətirmək istərəm. Çünki, bunu ondan güclü ifadə etmək mümkün deyildir. “Şeir bütövlükdə olduqca təsirlidir. Anasını bütün varlığı ilə sevən övlad, bütöv bir gözəllik dünyasının itəcəyindən ehtiyatlanır və bunun qanuna uyğunluğunu dərk etdiyi üçün müqəddəs iztirabı yaranır” .

Gözüm görə – görə qocalır anam
Görən niyə belə qocalır anam
… Əlindən nə gələr övladların da
Gözünün işığı keçir görürəm
Böyük qocalığın qanadlarında
Anam əllərimdən uçur görürəm
… Gödəlir, qısalır boyu – buxunu
Nazilir, incəlir hər gün
Qocalır əlləri səsi baxışı
Tək adı, famili cavan qalıbdı
Başına ağ duman sanki axışıb
Qırışlar üzündə yuva salıbdır.
Boxçadan çıxarıb geyəndə hərdən
Gəlinlik paltarı gen gəlir ona… …..
….Uçub yaraşığı, itib bəzəyi
Düşür barmağından nişan üzüyü.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyatına nəzar salsaq görərik ki, şairlərin, yazıçıların ömür – gün yoldaşları onlara çox sədaqətli çox bağlı olmuş, onlar təkcə tale ömür gün yoldaşı deyil, həm də şairlərin yazıçıların həmdəmi, sirdaşı, ilk oxucusu, ilk rəyçisi bir sıra hallarda hətta köməkçisi, şeirlərini, əlyazmalarını, yadda saxlayan, toplayan,nəşr etdirən və s. olmuşlar. Bir çox hallarda böyük sənətkarın xanımları şairlərin təkcə sağlamlığı, qayğısına qalmamış, onları həm də yad sözlərdən, düşmən təqsirlərindən, haqqsız tənqidlərdən qorumuşlar. Dediklərimə çox saylı misallar gətirə bilərəm. Böyük Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım da, Cəfər Cabbarlının Sonası da, Rəsul Rzanın Nigarı da, Səməd Vurğunun Xavəri də, Hüseyn Arifin Məleykəsi də, Xəlil Rzanın Firəngizi də, Məmməd Arazın Florası da, Nəriman Həsənzadənin Sarası da,Cabir Novruzun Səfurəsi ola, adlarını saymadığım neçə – neçə böyük sənətkarlarımızın ömür – gün yoldaşları əsl Azərbaycan xanımı olmaqla birlikdə sənətkarların xanımlarının obrazlarını yaratmış və onlar bütün Azərbaycan qadınlarına örnək olmuşlar. Adları sadaladığım sənətkarların bir çoxları xanımlarından əvvəl dünyalarını dəyişmişlər. Lakin onların arasına elələri də vardır ki, artıq ixtiyar yaşlarında həyat yoldaşlarını itirmişlər və bu itkidən bu böyük kədərdən sarsılmışlar. Belə sənətkarlardan mən ikisi haqqında Nəriman Həsənzadə və Cabir Novruz haqqında bəzi parelelləri gətirmək istərdim. Onların hər ikisi təxminən eyni yaşda (55 yaşında) böyük məhəbbətlə sevdikləri ömür – gün yoldaşlarını itirmişlər. Sonra isə bu məhəbbəti poeziya mövzusu edərək milliləşdirmiş, əbədiləşdirmiş, bəşəriləşdirmişlər. Tanınmış ədəbiyyatşünas, alim Rüstəm Kamalın belə bir deyimi var “Nəriman Həsənzadə XXI əsr Azərbaycan şeirinə qadın ölümü mövzusunu gətirdi”. Bu doğrudanda belədir. Nəriman Həsənzadədən sonra isə taleyin diqtəsi ilə bu mövzuya müraciyyət edən Cabir Novruz oldu. Cabir Novruz Səfurə xanıma həsr etdiyi şeirləri həyacansız oxumaq mümkün deyildir. Bu şeirlərdə bir kədər var və bu kədər şairin içinə hopmuş kədərin şeirdə inkasıdır. Ömür – gün yoldaşı Səfurə xanıma yazdığı şeirlərdən.

Sənin saçın birdən – birə ağardı
Mənim ömrüm viran oldu dağıldı
İnsan tamam əfsanədi, nağıldı
Əvvəli heç, sonu heçdi ay ana.
Safurənin anasısan, anamsan
Sən də ona mənim kimi yanansan
O, gedəli sən də ömrü talansan
Yaşayırsan gözü yaşlı, ay ana.
….Lap mələklər xidmət edə bu evə
Peyğəmbərlər hörmət edər bu evə
Allah özü diqqət edə bu evə
Səfurəsiz yenə heçdir, ay ana

Lakin sonradan Cabir Novruz sevgili Səfurəsinə şeirlər yaza – yaza özündə duruş tapa bildi. Ona bu sevgisini ürəyində və şeirlərində yaşatmaq qaldı. Bununla belə o qəti əmin idi ki, eşq, məhəbbət heç zaman ölməyəcək.

İnsan – insanı duymasa,
Ruhu ölər, bağrı çatlar,
Yenə qardaş olacaqlar
Bir – biri ilə bütün yadlar.
Məhəbbətdən aşağıdır
Ədavətlər, küdürətlər
And içirəm etiqada
Eşq – məhəbbət ölməyəcək
Sevənə yox zaval, xəta
Eşq – məhəbbət ölməyəcək

Cabir Novruz yaradıcılığında “Gecikmiş məhəbbət” nəğmələri xüsusi bir bölmə təşkil edir. Fikrimcə şairin bu nəğmələri də Səfurəsinə, qadın sevgisinə, qadın məhəbbətinə olan ilahi inamın təzahürü idi.

Sən elə bir vaxtda rast gəldin mənə
Dayanıb durmuşdum yol ayrıcında
Sən elə bir vaxtda rast gəldin mənə
Bir üzüm cavandı, bir üzüm qoca

Nə deyə bildim ki, sevən çağımdır
Nə dedim sevirəm mənə dayaq ol.
Nə deyə bildim ki, mənə yaxın ol
Nə deyə bildim ki, məndən uzaq ol.

Cabir Novruzun yaradıcılığı çoxşaxəli olmaqla o bəşəriyyəti narahat edən problemləri cəsarətlə poeziyasına gətirir. Mən bilmirəm poeziyada publisistik – poeziya ifadəsi varmı. Mən Cabir Novruzun yaradıcılığını bir bölümünü publisistik poeziya adlandırardım. Cabir Novruz o şairlərdəndir ki, onun az qala bütün mövzularda yazılmış əsərləri bu gün də aktualdır və sabah da belə olacaq. O, dünyanı, cəmiyyəti, bəşəriyyəti narahat edən problemləri cəsarət və qətiyyətlə poeziyaya gətirir. Çünki poeziyanın, şeirin dili anlaşılandır. Xüsusilə Cabir Novruzun yaradıcığılığında .

İndi Məkkə dəbə düşüb,
İndi çoxu Həccə gedir…
Yüzlərilə lotu, düşük
Dəllal, oğru Həccə gedir
…..Gedir köhnə kommunistlər
Gedir təzə dinpərəstlər
Ateistlər, populistlər
…..Gedir dünən var səsilə,
Allah yoxdu ulayanlar.
Bircə tikə, bircə gilə
Əqidəsi olmayanlar.

Deyərək, “İndi hamı həccə gedir” şeirində həcc ziyarətinə getməyin dəbə düşdüyünü, bu mərəzə düçar olanları acı və öldürücü ifadələrlə tənqid atəşinə tutursa,
Köhnə dünya təzə dərdə düçar olub
Bu ən qorxunc azar olub
Yayılacaq dövr – dövr, nəsil – nəsil
Amerika gecə – gündüz dollar kəsir
Yer üzünə yayır qəsdən
Ayıq olun ey insanlar
Sayıq olun ay insanlar
Dünya dollar xəstəsidir.

deyərək “Dünya dollar xəstəsidir” şeirində bütün insanlığı düçar olduğu bu xəstəlikdən qurtulmağa haraylayır. Bu şeirlər 20 il bundan öncə yazılsa da bu gün də aktualdır, bu gündə zamanla eyni ruhla səslənir. Cabir Novruz yaradıcılığından söhbət gedəndə belə bir ifadə dolu çox işlənir ki, onun yaradıcılığı hər zaman müasirdir. Bu həqiqətən belədir. Diqqət Cabir Novruzun mövzuları insandır, məhəbbətdir, anadır. Cabir Novruzun 90-cu illərdə yazdığı şeirlər ayrıca bir tədqiqatın mövzusudur. Hamımıza məlumdur ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bir çox faciələr, keşməkeşli bir tarix yaşamışdır. Bir tərəfdən xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edərək ölkəmizə qarşı qəsbkarlıq edən erməni işğalçıları, bir tərəfdən Azərbaycanı parçalamağa çalışan və xaricdən dəstək alan separatçılar, bir tərəfdən “sapı özümüzdən” olan baltalar dövlətçiliyimiz üçün real təhlükə yaratmışdılar. Belə bir zamanda bütün mütərəqqi insanlar, o cümlədən ziyalılar və şairlər mübarizəyə qoşularaq, bu ölüm-dirim savaşının önündə addımlayırdılar. Məhz bu mübarizənin öndə gedən şairlərimizdən biri də Cabir Novruz idi. Həmin illərdə Cabir Novruz, böyük şairimiz Səməd Vurğunun ifadəsi ilə desək “Qələmini süngüyə çevirərək bu mübarizəyə qoşulur” və bir–birinin ardınca xalqı oyatmağa, mübarizəyə səsləyən şeirlər və poemalarını yaradır. Cabir Novruzun həmin illərdə yaradıcılığı əsərləri oxuduqca Mirzə Ələkbər Sabiri xatırladan Cabir Novruz da Sabir kimi həmin illərdə heç nədən qorxmadan, çəkinmədən, cəsarətlə və qətiyyətlə vətən xainlərini, bazar alverçilərini, üzdə bir sifəti batində min sifəti olan əldə qayırma hacıları,xalqın qanını soran, vəzifə düşkünlərini, millətin canı-qanı, xalqın mal-sərvəti hesabına harınlayanları öldürücü şeirləri ilə tənqid atəşinə tutur.

Vaxt keçəcək dövr ötəcək
Qan-qadalı hərb bitəcək.
İnamım var, bizim böyük qələbənin gəlişinə… ………
Onda necə çıxacaqlar,
Çox xainlər el içinə… …..
…. Hansı üzlə qayıdacaq öz kəndinə,
Öz kəndini qoyub qaçan fərarilər… ……
… Hansı qəbrə qoyulacaq
Xalq acından saralanda
Topdağıtmaz sarayında
Hər gün öpüb əndamını, göz qaşını
Öz erməni oynaşını
Yeddi qapı arxasında
Yağ içində saxlayanlar..
Amma üzdə millət deyib ağlayanlar…

 

və ya

Şuşa getdi, tükümüz də dəbərmədi
Birimiz də ölüb,itib gəbərmədik
Heç üfürən olmadı da gözümüzə
Ondan sonra papaq qoyduq,
Kişi dedik özümüzə…

Bu illərdə yazdığı şeir və poemalar bir silsilə təşkil edir. Bu şeirlərdə şair əsl vətəndaş mövqeyindən çıxış edir. Təkcə çıxış etmir, haray çəkir, bütün normal düşüncəyə malik isanların diqqətini məhz belə məsələlərə cəlb edir. “Özünü qoru xalqım” kitabına yazdığı ön sözdə Cabir Novruz həmin illərdə yazdığı şeirləri belə səciyyələndirir: “… son illər xalqımızın həyatında olduqca ağırlı, təlatümlü, faciəli illərdir. Bütün bu faciələrimizin başında da erməni qəsbkarlarının bizə qarşı xaincəsinə, cəlladcasına apardığı müharibə durur. Torpaqlarımızın böyük bir hissəsi yağılar tərəfindən zəbt olunmuşdur… Qarabağ eləcə də bir çox bölgələrimiz düşmən tapdağında nə zamandır inləyir : …. Yetər, bəsdir, bu qədər parçalanmaq, bölünmək, onun, bunun kölgəsində özünü varlığını itirmək. …. Mən inanıram ki, tezliklə erməni gürzələrinin başını əzib öz xərabələrinə qədər qovub, işğal olunan torpaqlarımızın hər bir qarışını onlardan alacayıq.” Həmin şeirlərdən bəzi nümunələri oxucuların diqqətinə çatdırmaq istərdim:

… İllərlə səni, xalqım
Söküb talan ediblər
Balaca səsin qalxıb
Güllə baran ediblər.. …..
…. Amma ki, iradəni
Sındıra bilməyiblər
Yenə göylər dumandır,
Qəhrəman, ulu xalqım.
Ən dəhşətli zamandır
Özünü qoru xalqım

Cabir Novruzu səciyyələndirən xüsusiyyətlərdən biri onu tribunluğudur. Onun yaradıcılığında xalqın problemləri qabarıq şəlikdə verilir. Hətta o dərəcədə qabarıq şəlikdə verilir ki, onun cəsarətinə heyran qalmaya bilmirsən. Yadımdadır. Ömrünün son vaxtlarında xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq o bu şeirləri televiziyada silsilə şəklində gedən verilişlərdə davamlı olaraq söyləyirdi. Sanki,ömrünün sonuna az qaldığını hiss etmişdir. O, yorulmadan yazır və çıxış edirdi. Gəlin onun “Ittiham” poemasından bəzi məqamlara birlikdə diqqət yetirək:

Sizdən soruşuram, sizdən,
Dərdi mənə yaxın olan.
Belə ağır günümüzdə,
Bu qədər çal-çağır olar?
Torpqalar al-qan içində,
Ekran toy-bayram içində,
Oxuyan necə oxuyur,
Yurd tar-mar olan yerdə.

Sonda bir neçə kəlmə Cabir Novruzun mahnı yaradıcılığı haqqında… Fikrimcə Cabir Novruz mahnı janırında şeirlər yazmaq fikrində olmayıb. Sadəcə onun şeirlərindəki lirizm imkan verir ki, həmin şeirlərə musiqi yazılsın. Nəticədə iki böyük sənətkarın Cabir Novruzun və Oktay Kazımınin birgə istedadı mahnı yaradıcılığında şedevrlərin – incilərin yaranmasına səbəb olmuşdur. Daha bir maraqlı fakt Cabir Novruzun mahnı mətni kimi seçilən şeirlərinin məzmunu taleyüklü məsələlərə həsr olunmuşdur. Bu gün artıq Cabir Novruz da, Oktay Kazımı də, Rəşid Behbudov da həyatda yoxdur. Lakin bu üç böyük sənətkarın yaratdığı nəğmələr, onların hər üçünün qırılmış ömürlərinin davamıdır və hələ zaman-zaman yaşayacaqdır.

Ramiz Göyüşov


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up