Loading

wait a moment

Əli Həsənov: Məni təhdid edirlər

print
Jurnalistlərin 7-ci qurultayında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək, jurnalistlərin təkliflərinə də münasibətini bildirib:

“Bu gün burada səsvermə keçirildi. Özünüz gördünüz, kimin nə deməsindən asılı olmayaraq kənarda qalan və bu gün Azərbaycan mediasının kənara atılmış müəyyən nümayəndələri olacaq ki, onlar bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər ayrı-ayrı sizə oponentlik etmək istəyən həmkarlarınız olsun və yaxud da xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir. Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri məqsədlərilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal bir hal hesab olunsun? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar, bunun nəyi pisdir? Amma o partiyalar ki, mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız”.

Ə. Həsənov çıxışında ədəbi dil normalarının pozulması hallarından da danışıb:

” Dəyərlərin müdafiəsində Mətbuat Şurası yaxından iştirak etməlidir. O, milli-mənəvi dəyərləri bilməyən adamlara təssüf edirəm. Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız”.

Prezidentin köməkçisi qeyd edib ki, bəzi şəxslər ölkədən qaçıb Azərbaycanın simvollarını təhqir edirlər: “Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar. Azərbaycan mətbuatı isə susur, buna jurnalistlər xüsusi diqqət etməlidir. Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. “Facebook”un imkanlarından istifadə edərək, çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.

Ə.Həsənov bildirib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: “Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”. (Musavat.com)

Scroll Up