Suriya qüvvələri Afrinə daxil olub – Bu, iranlı general Süleymaninin planıdır

print
Nəhayət, bir neçə gün davam edən müəmmadan sonra Afrin mövzusuna qismən aydınlıq gəlib. Fevralın 22-də Suriya hökumətinə bağlı Milli Müdafiə Qüvvələri adlı silahlı qrupun Afrinə girməsini əks etdirən fotolar yayılıb. Afrinin mərkəzinə silahlı pikaplarla daxil olan silahlılar ərazini nəzarətə götürdüklərini nümayiş etdiriblər. Yerli əhali suriyalı silahlıları sevinclə qarsılayıblar.

Qeyd edək ki, ilk dəfə fevralın 20-də Suriya ordusuna bağlı qüvvələrin Afrinə girməsi xəbərləri yayılıb. Daha sonra Türkiyə hökuməti bu addımı provokasiya adlandırıb və irəliləyən Suriya qüvvələrinin topçu atəşi ilə geri çəkildiyini bəyan edib. Eyni zamanda rəsmi Ankara bildirib ki, Suriya ordusu qarşı çıxacağı təqdirdə Türkiyə ordusunun zərbələri ilə üzləşəcək.

Ancaq daha sonra məlum oldu ki, Suriya hökuməti ilə danışıqlar gedib və iki tərəf razılaşıb. İlk günlər razılaşma barədə ziddiyyətli xəbərlər yayılıb. Əvvəlcə xəbər verildi ki, kürdlərlə Suriya hökuməti anlaşıb, Afrinə Suriya ordusu daxil olub. Ancaq daha sonra məlum olub ki, kürdlər Suriya ordusunu Afrinə dəvət edib, ancaq anlaşmaya silahları təhvil vermə daxil olmayıb. YPG təmsilçisi bəyan edib ki, Suriya ordusu Afrinə dəvət olunub və silahlı qruplar ASO silahlıları ilə savaşıblar.

Son məlumatlara görə, Hələbdə YPG ilə Suriya rəhbərliyi arasında əldə olunmuş razılığa əsasən Afrin kantonunun 10 inzibati ərazi vahidinin Suriya hökumət qüvvələrinin nəzarətinə keçəcək. O da məlum olub ki, artıq Hələb yaxınlığında dünənə qədər YPG-nin nəzarətində olan bölgə Suriya qüvvələrinə verilib. Ancaq kürd mənbələri bildirib ki, bölgə təslim edilməyib, hazırda hər iki qüvvə sözügedən ərazilərdə keşik çəkir.

PYD-nin Hələb təmsilçisi Hevin Kasso Rusiyanın “Sputnik” Agentliyinə müsahibəsində bildirib ki, Hələb ətrafındakı bölgələri Suriya ordusuna vermədiklərini, ancaq əraziyə Suriya qüvvələrinin daxil olduğunu deyib. Eyni zamanda o, Suriya hökuməti ilə anlaşma əldə etdiklərini təsdiqləyib. O bildirib ki, anlaşmaya əsasən postlarda Suriya ordusu və YPG qüvvələri birgə olacaqlar. Qeyd edək ki, Hələbin şərqində 8 məhəllə YPG-nin nəzarətindədir. Bu məhəllələr 2016-cı ildə Hələbin Suriya ordusu nəzarətinə keçməsi əməliyyatları zamanı YPG tərəfindən silahlı qruplardan təmizlənərək ələ keçirilmişdi.

Ancaq Hələb ətrafında YPG bölgəsinin Suriya ordusuna verilməsi, özü də bu anlaşmanın bu günlərdə baş tutması onu göstərir ki, bu bölgə Afrinlə bağlı danışıqlara daxil olub. Aydın məsələdir ki, Suriya qüvvələrinin Afrinə daxil olması kürdlərlə Bəşər Əsəd hakimiyyəti arasında hansısa anlaşmanın olduğunu göstərir. Hələb ətrafındakı kürd məntəqələrinin Suriya hökumətinin nəzarətinə keçməsi Afrinlə bağlı razılaşmanın olduğunu deməyə əsas verir. Ancaq hələlik bu anlaşma gizli saxlanılır.

Ancaq maraqlıdır ki, Afrinə hələlik Suriya ordusu birlikləri deyil, könüllü silahlı dəstələr daxil olub. Bu isə müəmmalı vəziyyət yaradır. Kürdlərin iddiasına görə, suriyalı silahlılar artıq Afrində döyüş postlarındadır və kürdlərlə birlikdə Türkiyə ordusu və ASO silahlılarına qarşı savaşır. Suriya tərəfi isə sadəcə Afrinə irəliləyən Suriya bayraqlı silahlı maşınları və döyüşçüləri göstərir.

Bu vəziyyət eyni zamanda Türkiyə üçün hələlik uyğundur. Çünki Türkiyə Astana razılaşmasına əsasən terrorçu qruplara qarşı savaşır və Suriya ordusu ilə savaşa bilməz. Yəni hüquqi baxımdan Suriya ordusu statusunda olmayan hərbi birləşmələrə qarşı Türkiyə ordusunun vuruşmaq hüququ var. Bu səbəbdən də əməliyyatlar davam edir. Ancaq suriyalı silahlıların Afrinə gəlməsi həm psixoloji, həm də hərbi dəstək baxımından kürdlərin mövqelərini gücləndirir. Bu da müqavimətin daha da güclənəcəyini deməyə əsas verir. İndi Türkiyə ordusu qarşısında dayanan əsas vəzifə sürətlə irəliləyib kürdlərə daha ağır zərbə vurmaqdır. Ancaq bir ay davam edən əməliyyat göstərdi ki, bu, elə də asan deyil. Türkiyə ordusunun isə vaxtı azdır. Çünki görünən odur ki, kürdlərlə Suriya hökuməti arasında danışıqlar davam edir. Əgər irəliləyən günlərdə və ya saatlarda Suriya hökuməti və kürdlər arasında Afrinin təhvil-təslimi anlaşması imzalansa, o zaman Türkiyə əməliyyatı dayandırmağa məcbur olacaq. Hətta buna qədər tutulan bölgələrin taleyi də gündəmə gələ bilər.

Yeri gəlmişkən, son hadisələrdə iranlı general Qasim Süleymaninin də adı hallanır. Bəzi mənbələr suriyalı silahlıların Afrinə girməsinin Süleymaninin planı olduğunu yazırlar. Məsələ ondadır ki, Afrinlə sərhəddə Hələbin iki şiə qəsəbəsi Nubul və Zəhra qəsəbələri yerləşir. Bu qəsəbələr uzun müddət mühasirədə qalıb və “Hizbullah” tərəfindən dəstəklənib.

Görünür ki, Afrinə də məhz buradakı dəstələr ilk olaraq daxil olub. Bu da onu deməyə əsas verir ki, hələ yekun anlaşma olmamışdan Süleymani prosesə müdaxilə edib. Çünki Qasim Süleymani uzun illərdir, bölgədə çalışır, kürdlər arasında da ciddi nüfuzu var. Mümkündür ki, yekun anlaşma əldə olunmamışdan əvvəl Süleymani danışıqlar prosesinə təsir göstərmək üçün bu cür qabaqlayıcı addım atıb.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up