Qarabağla bağlı rəsmi Moskvanın siyasəti açıqlandı

print
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb”, – deyə o qeyd edib.
M. Zaxarova əlavə edib ki, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib:
“Nazirlər vasitəçilər tərəfindən hazırlanan sənədə prinsipal razılıq veriblər. Bir neçə texniki detal qalıb. ATƏT müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır.
O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının perspektivlərinə, bir daha qeyd etmək istəyirəm ki, yalnız tərəflər özləri siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli həll yoluna gələ bilərlər. Ötən ilin oktyabrında Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesinin aktivləşdirilməsi barədə razılaşdılar. Bundan sonra iki dəfə nazirlər görüşüb, bəyanat veriblər. Fevralın birinci ongünlüyündə münaqişə tərəflərinin problemli məsələlərlə bağlı mövqeyini dəqiqləşdirmək üçün həmsədrlər regiona səfər etməyi planlaşdırırlar”. (APA)
Scroll Up