Home / Hadisə  / Xətaidə başıbəlalı bina: sakinlər qış vaxtı köçürülür – VİDEO

Xətaidə başıbəlalı bina: sakinlər qış vaxtı köçürülür – VİDEO

Xətai rayonu Gəncə prospekti 20A ünvanında bir başıbəlalı bina var. 80-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunun işçiləri üçün tikilən 16 mərtəbəli binanın 90-cı illərdəki sürüşmədən sonra 7 mərtəbəsi sökülüb, bina isə qəzalı vəziyyətə düşüb. Sonradan

Xətai rayonu Gəncə prospekti 20A ünvanında bir başıbəlalı bina var. 80-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunun işçiləri üçün tikilən 16 mərtəbəli binanın 90-cı illərdəki sürüşmədən sonra 7 mərtəbəsi sökülüb, bina isə qəzalı vəziyyətə düşüb. Sonradan yerli əhali ilə birlikdə məcburi köçkünlər də müvəqqəti olaraq burada məskunlaşıblar. Hazırda isə burada 23 ailə yaşayır.
Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl onlara binanı təcili boşaltmalı olduqları deyilsə də, alternativ yaşayış yeri təklif olunmayıb. Elə onların əsas narazılığı da bundandır: “Qar göydən tökür, şaxta… Səhərə qədər çölə çıx. Hara gedək? Nə Bərdədə evim var, nə Bakıda. Ailədə iki oğul, üç nəvə, iki gəlin, bir özüməm”.
Fövqəladə Hallar Nazirliyi də binanın qəzalı olmasına dair rəy verib. Rayon rəsmiləri burada yaşamağın təhlükəli olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq etsələr də, getməyə yer tapmayan sakinlər çarəsizlikdən günlərini binanın hər an uçacağı təhlükəsi ilə keçirir: “Nəinki mənim, bu 23 ailənin heç birinin getməyə yeri yoxdur. Uşaqların sənədlərinə, özümüzün pasportuna qədər hamını qeydiyyata alıblar, evimizi kvadrata vurublar. Əgər belə idisə, iki-üç il bundan qabaq bizə deyəydilər ki, gəlin çıxın, sizə heç nə olunmayacaq”.
Lakin sakinlər daha əvvəl onlara başqa vədlərin verildiyini iddia edir: “Bizə deyiblər ki, yuxarı instansiyalara məlumat vermişik, yuxarı instansiyalar sizin haqqınızda tədbir görəcək, sizi ya kompensasiya, ya da evlə təmin edəcəklər. İndi də Bərdə, Fizuli, Yevlax və Ağdamdan nümayəndələr gəlib ki, gəlin sizə iki aylıq kirayə pulu verək, ondan sonra gedin başınıza çarə qılın”.
Şikayətçilər binada antisanitar vəziyyətin hökm sürdüyünü, obrazlı desək, siçan və həşəratlarla eyni mənzildə yaşamağa məcbur olduqlarını bildirirlər.
Vəziyyəti daha yaxından görmək üçün binaya daxil olduq. Qapıda bizi hörümçək torunu xatırladan və hər an bədbəxt hadisəyə səbəb olacaq elektrik məftilləri qarşıladı. Bina daxilindəki vəziyyəti isə şərhsiz göstəririk.
Ötən bu illər ərzində binadakı çatların həcmi daha da böyüyüb. Böyüyən həm də sakinlərin evsizlik dərdidir ki, buna heç kim çarə tapa bilmir və ya sadəcə, tapmaq istəmir. Biz binanı tərk etdik, amma sakinlər tələbləri yerinə yetirilməyənədək ərazidən getməməkdə qərarlı idi. Az keçməmiş Xətai Rayon İcra Hakimiyyətinin və “Qaçqınkom”un nümayəndələri də gəlib çıxdı. Özünü təqdim etməkdən imtina edən rəsmilərdən biri sakinlərin buradan köçürülməsi ilə bağlı qəbul olunan qərarın icra edilməli olduğunu bildirdi: “Bina qəzalı binadır, burada yaşamaq qeyri-mümkündür. Bu gün komissiya tərəfindən qərar qəbul olunub ki, onlar bu gün-sabah köçürülməlidir. Hansı rayondan gəlib, o rayonlara getməlidir”.
Material efirə hazırlanarkən İcra Hakimiyyəti nümayəndələrinin binaya baş çəkdiyi və artıq köçürmə prosesinə start verildiyi ilə bağlı məlumat alıb yenidən ora baş çəkdik. Hadisə yerində olan Xətai Rayon İcra Hakimiyyətinin memarı Vadim Surxayev problemə belə aydınlıq gətirdi: “Bura qaçqın-köçkünlərlə bərabər Azərbaycanın müxtəlif rayonlarından gəlib giriblər. Hazırda o qaçqınlar “Qaçqınkom” tərəfindən köçürülür, qalan sakinlər də öz rayonlarına qaytarılır. Çünki bina qəzalıdır, burada yaşamaq olmaz”.
Onların harada yerləşdiriləcəyinə gəlincə, V.Surxayev müvafiq icra hakimiyyəti orqanlarının bütün ailələrin yerləşdirilməsinə yardım göstərəcəyini bildirdi.
Sonda bir sual açıq qalır – az qala 30 ilə yaxındır sürüşməkdə olan binanın sakinləri niyə məhz indi, soyuq qış günlərində köçürülür? Bunu yaz və yay aylarında etmək olmazdımı? Əgər sonda bu sakinlər köçürüləcəkdisə, o zaman mənzillərin sahəsini ölçüb siyahıyaalma aparmaqla sakinləri yeni mənzillə təmin olunacaqlarına ümidləndirmək nəyə lazım idi? (qaynarinfo.az)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview