Home / Kriminal  / Fədayə Laçının sevgilisi “Qoca” öldürüldü – Rəsmi açıqlama

Fədayə Laçının sevgilisi “Qoca” öldürüldü – Rəsmi açıqlama

Bakının Qaradağ rayonunda "Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyat zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğlunun yarası ağır olmadığından o, 1 saylı Kliniki Tibbi Mərkəzdən Pentensiar Xidmətin müəssisəsinə aparılıb. Digər yaralı 1988-ci il

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyat zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğlunun yarası ağır olmadığından o, 1 saylı Kliniki Tibbi Mərkəzdən Pentensiar Xidmətin müəssisəsinə aparılıb.

Digər yaralı 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğluna dəyən güllə bazu oynağından girib sümüyünü bir neçə yerdən sındırıb. Güllə hazırda onun dirsək oynağı nahiyəsində qalıb. Hazırda xəstəyə baxış keçirilir.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov və onun yanındakı İlqar Əzimov öldürülüb, A.Əsgərov və Ş.Bəyəlizadə güllə xəsarəti alıb. (Report)

***

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.
“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. (Report)

***

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan “Qoca” ləqəbli Etibar Məmmədovun saxlanılması zamanı atışma baş verib və E.Məmmədov öldürülüb.

Bu barədə məlumatı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

E.Sultanovun sözlərinə görə, bu barədə rəsmi məlumat mətbuata açıqlanacaq.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar Xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib. Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

E.Məmmədov və Ə.Ağami Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş Azərbaycan vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

Qeyd edək ki, “Qoca”ın sevgilisi, tanınmış müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

09:42

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Bu barədə report-a hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov olub.
E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Review overview