Home / İqtisadiyyat  / Tarixi saziş və növbəti 32 il üçün qarantiya

Tarixi saziş və növbəti 32 il üçün qarantiya

Sentyabrın 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi

Sentyabrın 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Prezident İlham Əliyev: “Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək”

“Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. ”Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır”-prezident İlham Əliyev çıxışında belə deyib.

Dövlət başçısı bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. ”Əsrin müqaviləsi” imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft var”.

Prezident “Əsrin müqaviləsi” imzalanan ərəfəyə də tarixi ekskurs edib: “1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşanıb. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayıb. Bununla yanaşı, Ermənistan torpaqlarımızın böyük hissəsini işğal etmişdi. Belə ağır vəziyyətdə xalq Heydər Əliyevi dəvət etdi”.

Dövlət başçısı deyib ki, o dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi: “Bu, böyük məharət tələb edirdi. İndi Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında ”Əsrin müqaviləsi”nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə “Əsrin müqaviləsi” yaratdı”.

“Neftin qiyməti bizi yolumuzdan döndərmədi”

İlham Əliyev çıxışında xatırladıb ki, 2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. Prezidentin sözlərinə görə, “Səngəçal” dünyada ən böyük neft-qaz terminalıdır: “Azərbaycanda neft platformaları tikilir. Bunlar ”Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. “Şahdəniz”, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq”.

Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.

Yeni sazişdə nələr var?

Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar. Sazişi prezident İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu günün Azərbaycan üçün əlamətdar olduğunu bildirib: “Bu gün SOCARla tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq”.

BP-nin prezidenti: “Növbəti 32 il ərzində birlikdə çalışaraq…”

BP şirkətinin baş icraçı direktoru Bob Dadli qeyd edib ki, ötən 23 il ərzində “Əsrin müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişib: “Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi ”Yeni Əsrin Müqaviləsi” adlandırmaq düzgün olar”.

“Avropa İttifaqının ideyası olsa da, «Cənub Qaz Dəhlizi» layihəsini həyata keçirən məhz Azərbaycan və Türkiyə olub”. Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak çıxışında belə deyib.

B. Albayrak deyib ki, gələn il TANAP-ın fəaliyyətə başlaması tarixi hadisə olacaq: “2019-cu ildə TANAP-la birləşəcək və Avropa üçün 4-cü strateki qaz mənbəyinə çevriləcək. Azərbaycan və Türkiyənin birliyi Avropa üçün önəmli nümunədir. Gələn il TANAP ilə 16 milyard kubmetr qaz ixrac olunmağa başlayacaq”.

Türkiyəli nazir bildirib ki, bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir: “Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm”.

Yeni saziş nədən zəruri idi?

“Tuan”ın analtik qrupunun hazırladığı məqalədə bu suala belə cavab verilir: “SOCAR dövlətin maraqlarının müdafiəçisi kimi əvvəlcə 20 sentyabr 1994-cü ildə imzalanan sazişi uzatmaqdansa, yeni sazişin imzalanmasında israr edirdi.

Əvvəla, SOCAR-da hesab edirdilər ki, əvvəlki sazişdə dövlətin maraqları maksimum qorunsa da, o, müasir dövrün tələblərinə cavab vermir. İndiki Azərbaycan öz potensialı və imkanları ilə 1990-cı illərdə yenicə yaranan ölkə deyil. Şirkətlər o vaxt sazişi imzalaynda dövrün bütün risklərini nəzərə almışdı.

İkincisi, o vaxt ölkədə beynəlxalq sertifikatı olan mütəxəssislər praktik olaraq yox idi. Subpodrat işlərini Avropa normativlərinə uyğun yerinə yetirəcək şirkətlər, Azərbaycanın isə öz payını maliyyələşdirməyə imkanı yox idi.

Bu gün vəziyyət başqadır: ölkənin valyuta ehtiyatları $40 mlrd-dan çoxdur, siyasi sabitlik var, iqtisadiyyat şaxələndirilir, infrastruktur inkişaf etdirilir, Azərbaycanın regionda nüfuzu var və qonşu ölkələrdə öz biznesini inkişaf etdirir.

Birinci müqavilədə dövlətin maraqları yalnız layihəyə qoyulan investisiyaların xərcini çıxarmasına cəmləşmişdi, bununla dövlət yüksək mənfəətə nail ola biləcəkdi (80%), indi dövlətin fokusu bir qədər dəyişib.

Məsələ burasındadır ki, əvvəllər AÇG çərçivəsində hasilat intensiv artırdı və əlavə olaraq 2000-ci ildə neft bahalandı. Xərclər tezliklə çıxarıldı (2008-ci ilin ortasında dövlətin mənfəəti 80%-ə çatdı, hərçənd bu məbləğin 5%-i BTC layihəsinə yönəldilirdi ki, o da vaxtından əvvəl gəlir gətirsin). İndi başlıca vəzifə 2020-ci ildən başlayaraq 2030-cu ilə kimi illik hasilat həcmini 24-25 mln. ton həcmində saxlamaqdır. Bu, asan vəzifə deyil, amma yerinə yetirmək olar. Çünki layların mənimsənilməsində intensivlik olmayacaq. Ona görə yeni müqavilə çərçivəsində dövlətin SOCAR və dövlətin nəzarət etdiyi AÇG çərçivəsində iri podrat və subpodrat işləri görən müəssisələr vasitəsilə gəlirləri artacaq.
Daha bir vacib məqam. 2010-2019-cu illərdə Azərbaycanda, regionda və xaricdə həyata keçirilən layihələr çərçivəsində SOCAR-ın üzərinə böyük maliyyə yükü düşəcək. O, çoxmilyardlı kredit borcları götürüb (layihələr işə başlayanda onlar mənfəət hesabına xərcini çıxaracaq) dövlət bu layihələrdə ona kömək edir. SOCAR AÇG-də payını 11,6%-dən 25%-ə artırıb, artıq əvvəlkindən çox qazana bilər. Nəticədə dövlətin üzərinə düşən yük azalacaq”. (“Yeni Müsavat”)

Review overview