“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi – VİDEO

print
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Oyunun birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Y.Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək hesabı açıb – 1:0.

Matçın 4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Dino Ndlovuna qarşı kobud oyuna görə hakim “Kopenhagen”in heyətində Maykl Lüftnerə sarı vərəqə göstərib. Oyunda ilk təhlükəli vəziyyət matçın 9-cu dəqiqəsində qeydə alınıb. Ev sahiblərinin sol cinahdan başlatdıqları hücumdan sonra “Qarabağ”ın qapısı qarşısına ötürülən topa hücumçulardan heç biri çata bilməyib. Bir dəqiqə sonra isə Benqstonun güclü zərbəsi Maksim Medvedevə toxunaraq qapıdan yan keçib.

Oyunun 11-ci dəqiqəsində ağdamlıların heyətində zədələnən Donald Qerryeni Əfran İsmayılov əvəzləyib. Qarşılaşmanın 16-cı dəqiqəsində “Qarabağ” futbolçularının hücumunu Qara Qarayev güclü zərbə ilə tamamlasa da, top qapının üstündən keçib. Oyunun 32-ci dəqiqəsində danimarkalıların son cinahdan hücumundan sonra B.Verbiçin güclü zərbəsini “Qarabağ”ın qapıçısı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun səhvindən sonra topa sahib olan K.Kuskun zərbəsi qapıdan bir qədər aralı keçib. Bir dəqiqə sonra İ.Şehiç danimarkalıların hücumu nəticəsində yaranan təhlükəni sovuşdura bilib.

Matçın 44-cü dəqiqəsində kobud oyuna görə hakim Miçelə sarı vərəqə göstərib. Danimarkalılar bu fürsətdən istifadə edərək hesabı açıblar. Matçın birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək komandasını hesabda irəli çıxarıb.

İlk hissə bu hesabla başa çatıb.

Ağdam klubu ikinci hissəyə sürətli hücumlarla başlayıb və bu oyunun tempini xeyli artırıb. “Qarabağ” ikinci hissədə ilk təhlükəli vəziyyəti matçın 53-cü dəqiqəsində yaradıb. Ansi Aqollinin qüvvətli zərbəsini “Kopenhagen”in qapıçısı dəf edə bilib. Görüşün 57-ci dəqiqəsində Aqollinin hava ötürməsindən sonra Miçelin başla güclü zərbəsini qapıçı Olsen çətinliklə uzaqlaşdıra bilib. Oyunun 58-ci dəqiqəsində isə Miçelin başla endirdiyi zərbədən sonra top qapının üstündən keçib.

Ağdamlılar istəklərinə matçın 63-cü dəqiqəsində nail olublar. Ansi Aqollinin ötürməsindən sonra Dino Ndlovu rəqibin cərimə meydançasında topu ram etdikdən sonra dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib – 1:1. Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yenidən hesabda irəli çıxıblar. Ankersonun hava ötürməsini Pavloviç başla dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb – 2:1.

Görüşün 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçuları ev sahiblərinin qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaradıblar. Lakin Dino Ndlovunu ötürməsindən sonra Miçelin zərbəsi bir qədər dəqiq olmayıb. Üç dəqiqə sonra ev sahiblərinin təhlükəli hücumu zamanı Verbiçin vurduğu top qapıdan bir qədər aralı keçib. Oyunun son dəqiqələrində topa nəzarətə tam ələ keçirən “Kopenhagen” komandası bütün cəhdlərinə baxmayaraq, “Qarabağ”ın müdafiə xəttini yara bilməyib. Beləliklə, matç 1:2 hesabı ilə “Kopenhagen”in xeyrinə başa çatsa da, iki oyunun nəticəsinə görə “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, bu qarşılaşma Azərbaycan klublarının Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar Liqasında isə 60-cı oyunu olub.

Scroll Up