Home / Mədəniyyət  / Qulu Məhərrəmli: Köhnə kişilər haqda hekayət

Qulu Məhərrəmli: Köhnə kişilər haqda hekayət

Dilimizdə elə cazibədar ifadələr var ki, daşıdıqları məna, anlatdıqları mətləb bir yana, adicə səslənişləri belə adama zövq verir. Məsələn, kiməsə rəğbətimizi bildirəndə işlətdiyimiz “köhnə kişidir” ifadəsi, bu mənada mənə çox enerjili söz birləşməsi kimi görünür.

Dilimizdə elə cazibədar ifadələr var ki, daşıdıqları məna, anlatdıqları mətləb bir yana, adicə səslənişləri belə adama zövq verir. Məsələn, kiməsə rəğbətimizi bildirəndə işlətdiyimiz “köhnə kişidir” ifadəsi, bu mənada mənə çox enerjili söz birləşməsi kimi görünür. Adətən, bu ifadəni özündə illərin izini yaşadan yetkin, həssas, həyatın hər üzünə bələd olan, ən çətin şəraitdə belə düşünülmüş qərarlar qəbul edə bilən müdrik insanlar haqqında işlədirik. “Köhnə kişi” deyəndə, həm də adamın gözünün qabağında ağır təbiətli, təmkinli, qürurlu və şəxsi ləyaqət hissini hər şeydən yüksək tutan  bütöv bir xarakterin sahibi canlanır.

*  *  *

Zahirən qaradinməz adam kimi görünən Muxtar Əfəndi köhnə kişilərdən idi, çalışdığı universitetin nüfuzlu müəllimlərindən sayılırdı. Şərqşünaslıq fakultəsində ərəb dilindən dərs deyirdi, ara-sıra tərcümə ilə də məşğul olurdu. Biliyinə, şəxsiyyətinə, ləyaqətli bir ömür yaşadığına görə ona az qala peyğəmbər kimi baxır, hər yerdə hörmətini gətirirdilər. M.Əfəndiyə dərin rəğbətin gizli bir səbəbi də varıydı, kişi Azərbaycan Cümhuriyyəti dövründə parlament üzvü olmuşdu, Məclisi Məbusanda Əhrar partiyasını təmsil etmişdi. 28 Apreldən sonra başlanmış bolşevik repressiyasından onu nadir ixtisas sahibi olması xilas etmişdi, amma uzun illər nəzarət altında saxlanmışdı…

Böyük Vətən müharibəsindən sonrakı illər idi. Azərbaycan Dövlət universiteti adi günlərini yaşadığı bir vaxtda M.Əfəndi rektorun qəbul otağında görünür. Onda universitetin rektoru görkəmli fizioloq alim, cavanlığına baxmayaraq, elmi dairələrdə böyük nüfuz qazanmış Abdulla Qarayev idi. Onu 30 yaşında universitetə rektor təyin etmişdilər, 35 yaşında isə artıq akademik seçilmışdi. Muxtar müəllimin gəlişini xəbər verəndə rektor otağında universitet qəzetinin gənc əməkdaşı ilə çapa gedəcək səhifələri nəzərdən keçirir, arada suallar verirdi. M.Əfəndinin adını eşidən kimi ayağa qalxdı, müxbirdən üzr istəyib dərhal qapıya tərəf addımladı.

Muxtar Əfəndi kübar insanlara məxsus bir tərzdə kresloya əyləşdi, nəzakətlə rektorla hal-əhval tutdu. Otaqdakı işgüzar mühiti görüb tez də mətləbə keçdi. Bildirdi ki, Şərqşünaslıq fakültəsində oxuyan qızına təqaüd verilmir. Bunun səbəbi ilə maraqlandı, mümkün olarsa tələbə təqaüdünün bərpa olunmasını xahiş etdi. Abdulla müəllim telefonu qaldırıb baş mühasiblə danışdı, tələbənin adını çəkdi, “niyə təqaüd almır” deyə soruşdu. Azacıq pauzadan sonra xəttin o başından əvvəlcə kağız xışıltısı, sonra da baş mühasibin  aydın eşidilən səsi gəldi:»Yoldaş rektor, dediyiniz tələbənin bir fənndən 3-ü var, mövcud qaydaya görə belə olanda təqaüdə düşmür».

Cavan rektorun üzünə hissolunacaq bir gərginlik çökdü, qaşları çatıldı və ani fikrə getdi. Soruşdu ki, tələbənin “3”-ü hansı fənndəndir və əlavə göndərişlə qiyməti düzəltmək mümkündürmü?

Bir az keçdi və telefonda yenə mühasibin aydın və soyuq səsi canlandı:

– Abdulla müəllim, tələbə 3 qiyməti Muxtar Əfəndidən alıb, amma problem yoxdur, əsasnaməyə görə yenidən imtahan verib qiymətini düzəldə bilər.

Bu dəfə rektorun gözləri güldü, içində bir rahatlıq hiss etdi, sanki üstündən ağır dağ götürülmüşdü, problem ona həll edilmiş kimi göründü. Telefonun dəstəyini yerinə qoyub ağsaqqal müəllimə və həm də indiki halda təqaüdü kəsilmiş tələbənin atasına baxdı. M.Əfəndi fikrə getmişdi, rektorun “hə, nə deyirsən” bildirən baxışlarına cavab verməyə tələsmirdi, sanki tərəddüd içində nəyi isə ölçüb-biçirdi. Amma bu qeyri-müəyyənlik uzun sürmədi. Köhnə kişi yavaş-yavaş ayağa qalxdı və çox qətiyyətlə:

– Abdulla müəllim, sizə çox minnətdaram, amma mənim qızımın ərəb dilindən biliyi bugünkü halda “3”- dən yuxarı deyil, ona görə də mən onun qiymətini düzəldə bilməyəcəm, — dedi.

Onun səsində bir qram da inciklik duyulmurdu. Əksinə, rektorla övladı kimi çox səmimiyyətlə xudahafizləşib qapıya üz tutdu. M.Əfəndini ötürüb geri qayıtdıqdan sonra rektor özünü, sanki boşluqda hiss edirdi. Kreslosunda əyləşib  gözlərini məchul bir nöqtəyə zilləsə də ürəyində M.Əfəndinin belə davranışını götür-qoy etməsi şübhəsiz idi. Elə bu düşüncələr içərisində o, əlini telefona atıb yenidən baş mühasibi yığdı, tapşırığı çox qısa oldu:

– Bu semestrin sonuna kimi həmin tələbəyə təqaüdü mənim maaşımdan kəsib yazarsınız!

*  *  *

Bu əhvalatın baş verdiyi 40-cı illərin sonlarında bütün ölkədə, o cümlədən Bakıda iqtisadi vəziyyət çox ağır idi. Müharibədən sonra dolanışıq xeyli çətinləşmişdi, aclıq təhlükəsi Damokl qılıncı kimi başlar üzərində yellənirdi, amma buna baxmayaraq ləyaqətli adamlar nə qanunu pozur, nə də mənəvi sədləri keçirdi…

Qulu Məhərrəmli

Картинки по запросу qulu məhərrəmli

P.S. Bu hekayəti mənə o böyük kişilərin söhbətinin şahidi olmuş universitet qəzetinin əməkdaşı danışıb. Xatırladınızsa, M.Əfəndi rektorun yanına gələndə otaqda gənc müxbir də var idi. Həmin müxbir sonralar böyük alim və tədqiqatçı kimi tanınmış, mətbuat tariximizi və mənəvi irsimizi böyük sevgi ilə araşdıraraq bizlərə çatdırmış, özü də indi klassık mənada köhnə kişilərdən sayilan, professor Şirməmməd Hüseynov idi.

http://ayna.az/2017/kohne-kisiler-haqqinda-hekayet/

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview