“Ermənistan Ordusu işğal olunmuş ərazilərdən çıxarılmalıdır” – Almaniyalı deputat

print
BMT-nin məlum 4 qətnaməsinə görə, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması zəruridir.

Bunu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Katrin Albsteiger bəyan edib.

Картинки по запросу Katrin Albsteiger

O qeyd edib ki, Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır: “Dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalıdır. Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququ var. Onların öz yurdlarına qayıdışı yalnız Azərbaycanın ərazisi bütövlüyünün və toxunulmazlığının təmin edilməsi ilə mümkündür”.

Deputat bildirib ki, Avropa İttifaqı kimi Almaniya Federativ Respublikası da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “O, regionda sülhün bərqərar olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün lazımi töhfələr verməyə hazırdır. Almaniya Federativ Respublikası Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən zorakı toqquşmaları pisləyir, onların dərhal dayandırılmasını və atəşkəs razılaşmasına əməl olunmasını tələb edir. Mülki əhali zorakı toqquşmaların əsas qurbanı olmamalıdır.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. (Trend)

Scroll Up