Home / Maraqlı  / “8-ci kilometr” bazarı Hilal Əsədovla Akif Çovdarov arasında necə bölündü

“8-ci kilometr” bazarı Hilal Əsədovla Akif Çovdarov arasında necə bölündü

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 7-də proses Cəfər Səfərov və qardaşlarının təqsirləndirilənlərə qarşı iddiası ilə bağlı epizodun araşdırılması ilə davam etdirilib. Xatırladaq ki, zərərçəkmiş “8-ci kilometr” bazarının əlindən zorla alındığını və MTN-in yüksək rütbəli əməkdaşları tərəfindən mənimsənildiyini iddia edir.

MTN-in zirzəmisi varmı?

İclasda ilk şahid ifadəsi ilə Cəfər Səfərovun atası – Cəlilabadda yaşayan Qürbət Səfərov çıxış etdi. Çıxışının əvvəlində şahid xüsusilə vurğuladı ki, ağdamlıdır və 1940-cı ildə Ağdam şəhərində anadan olub. Bununla da o, sanki oğullarının yerlilik prinsipinə əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələrinin olmamasına işarə vurdu. “O adam Yardımlıdan gəlib, Cəlilabadın Alar kəndində yaşayıb, nə mənim, nə də uşaqlarımın ayağı o kəndə dəyməyib”, – şahid bildirdi.

Q.Səfərov dövlət ittihamçısının suallarına cavab verərək dedi ki, oğullarının başına gələnlərdən sonra dəfələrlə ən müxtəlif instansiyalara, o cümlədən MTN-ə ərizələrlə müraciət edərək, məsələnin ədalətli həll edilməsini istəyib.

Vəkil Kamandar Nəsibovun şahidə sual verməyə başlaması ilə məhkəmə zalında səs-küyün yaranması bir oldu. Zərərçəkmişlərin qardaşı Süleyman Səfərov ayağa qalxaraq atasına müraciət edərək, ona sual verənin Akif Çovdarovun vəkili olduğunu qeyd etdi: “Bu, Akifin vəkilidir. Ata, məhkəməni boykot et, cavab vermə”. Bundan sonra məhkəməyə sədrlik edən hakim Həbib Həsənov Süleyman Səfərovun zaldan çıxarılmasını istədi və nəzarətçilər şahidi iclasdan kənarlaşdırdılar.

Vəkillərin verdiyi qısa arayışdan məlum oldu ki, sənədlərə əsasən,

şahid Qürbət Səfərov 1940-cı ildə Ağdamda deyil, məhz Cəlilabadda anadan olub.

Bundan sonra vəkil Kamandar Nəsibov şahiddən niyə yalan danışdığını soruşdu. Qürbət Səfərov isə yaşlı olduğu üçün harda doğulduğunu unutduğunu dedi. Vəkil isə verdiyi suala özü cavab verərək məhkəmə iclasına sədrlik edən hakim Həbib Həsənovun da ağdamlı olduğunu və şahidin bununla sədrlik edənə təsir etmək istədiyini dedi.

Daha sonra vəkil K.Nəsibov şahid Qürbət Səfərovdan 8 oğlundan hansının Ağdam uğrunda savaşdığını soruşdu. Şahid isə hamısının vuruşduğunu dedi. Vəkil isə bununla razılaşmayaraq, “sənin oğlanların özləri deyirlər ki, ömürləri boyu bazarda kartof satıblar, nə vaxt gedib Ağdamda vuruşdular?” sualını verdi.

Şahid Qürbət Səfərov bildirdi ki, bazarı almaq üçün verilən pulun 240 min dollar pulun 90%-ni (təxminən 216 min) özü verib, qalanını oğlanları kredit götürüblər. Və bu söz sonradan Səfərovlara vəkillər tərəfindən əlavə sualların verilməsinə səbəb oldu. Çünki iş materiallarından məlum olur ki, Səfərovların bazarı almaq üçün götürdüklərini iddia etdikləri kreditin məbləği ataları Qürbət Səfərovun dediyindən bir neçə dəfə çoxdur.

Vəkil Kamandar Nəsibovla zərərçəkmiş Cəfər Səfərov arasında maraqlı dialoq baş tutdu:

Vəkil: Atanız iddia edir ki, sizi MTN-in zirzəmisində saxlayıblar. Sizi zirzəmidə saxlayıblar?

Zərərçəkmiş: Bəli, saxlayıblar.

Vəkil: Sizcə, MTN-in zirzəmisi var?

Zərərçəkmiş: O kişi elə bilir. Mənim saxlandığım yerə zirzəmi deyir.

Şahid Qürbət Səfərov məhkəmədə ifadə verdiyi vaxt zala bir neçə kitab gətirildi. Qürbət Səfərov həmin kitabları hakimlərə göstərərək Ağdamla bağlı yazdığı şeirlər toplularının olduğunu bildirdi. Şahid bununla kifauyətlənməyərək, Ağdam haqqında yazdığı şeirləri məhkəmədə oxumağa başladı. Lakin sədrlik edən hakim Həbib Həsənov şeirləri dinləməyərək, şahidə gedə biləcəyini bildirdi. Qürbət Həsənov zaldan çıxarkən Akif Çovdarovun digər vəkili Sadiq Rəsulovla Qürbət Səfərov arasında maraqlı dialoq yaşandı.

Vəkil Sadiq Rəsulov: Ağsaqqal, Cəlilabad haqqında da belə şeirlər yazmısan?

Qürbət Səfərov: Yox, niyə yazmalıyam ki?

Vəkil: Niyə ki, ömrün boyu Cəlilabadın çörəyini yemisən, 8 oğlunu da Cəlilabadın çörəyi ilə böyütmüsən, indi Cəlilabadı bəyənmirsən?

Şahid Ağasəm Səfərov ifadəsində bildirdi ki, zərərçəkmişlərin böyük qardaşıdır və Cəlilabadda yaşayır. O, baş verənlər barədə qardaşlarından xəbər tutduğunu və hadisələrin canlı şahidi olmadığını dedi. Digər şahidlər – zərərçəkmişlərin qardaşları – Hüseyn və Şahbaz Səfərovların ifadəsi də orijinallığı ilə fərqlənmədi.

 

Akif Çovdarovun kürəkəni: “Generalın qızı ilə evlənəndə artıq iş adamı idim”

Prosesdə şahid qismində təqsirləndirilən Akif Çovdarovun kürəkəni, 47 yaşlı Rövşən Qasımov ifadə verib. Şahidin ifadəsinə görə, həyat yoldaşı – Aida Qasımova hazırda “8-ci kilometr” bazarının yarısına sahibdir. “O vaxtlar mən Rusiyada, Sverdlovsk vilayətinin Verxoturye şəhərində yaşayırdım, taxta biznesi ilə məşğul idim”, – R.Qasımov bildirib.

Bu yerdə xatırladaq ki, taxta-şalban alveri ilə məşğul olan zərərçəkmişlərin iddiası üzrə epizoda baxılarkən təqsirləndirilən Akif Çovdarov vurğulamışdı ki, Sverdlovsk vilayətində taxta biznesi var.

Şahid Rövşən Qasımov ifadəsinə davam edib: “Elşən Hüseynovu çoxdan tanıyırdım. O vaxt Bakıda ev alanda da mənə kömək etmişdi. Elşən Hüseynov qaynatamgillə üzbəüz qonşu olub, bir evli kimi idilər. Hələ evlənməmişdən əvvəl onun ailəsinin qaynatamla çox yaxın münasibətdə olduğunu bilirdim. Elə həmin binada ev almışdım ki, Rusiyada yaşayıram, mən burada olmayanda ailəmin bir problemi olmasın, atasıgilə yaxın olsun.

Sonra burda olarkən Elşənə dedim ki, Bakıda da biznes qurmaq istəyirəm, Rusiyadan pul göndərərəm, burada idarə edərsiniz. 2005-ci ilin sonları idi, Elşən mənə zəng etdi ki, belə bir variant var – bazarın yarısını almaq olar. Mənə dedi ki, 150 minə yaxın pul lazım olacaq. 2 gün vaxt istədim. Dost-tanışdan 110 min pul düzəltdim və hissə-hissə Bakıya yolladım. O vaxt bu qədər pulu Bakıya birdən göndərmək riskli idi – adın düşürdü siyahıya, it-qurd gəlib zəhləni tökürdü. Bir az da paxıllıq edirdilər, pis baxırdılar ki, azərbaycanlılar burada pul qazanıb, vətənlərinə göndərirlər”.

Dövlət ittihamçısının suallarına cavab verərkən şahid dedi ki, bazarın ümumi qiyməti 450 min dollar idi, yarısı bizim payımıza düşürdü, buna görə də, tələb olunan məbləği göndərmişdim. “Pulun yerdə qalanını Elşən özü əlavə etmişdi”, – şahid deyib. R.Qasımovun sözlərinə görə, əvvəlcə bazarın yarısı Elşən Hüseynovun adına rəsmiləşdirilib.

Zərərçəkmiş Cəfər Səfərovun “Sizin xəbəriniz var ki, bu bazar mənim əlimdən zorla alınıb?” sualına cavab olaraq şahid Rövşən Qasımov bildirdi ki, o, iş adamıdır və Rusiyada yaşadığına görə burada baş verənlərdən ətraflı xəbəri olmayıb: “Mənə iş təklif olundu, pulumu verib aldım”.

Vəkillərin biznes həyatında qaynatasının Akif Çovarovun olması faktorunun rolu barədə sualını Rövşən Qasımov lakonik şəkildə cavablandırdı: “Mən hələ evlənməmişdən əvvəl iş adamı idim və bu faktor iş həyatımda elə də rol oynamayıb. Akif müəllim ağsaqqalımdır, qaynatamdır, amma biznesimə aidiyyatı yoxdur”.

Prosesdə keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov ifadə verdi. Həmin ifadə virtualaz.org-da tam şəkildə dərc edilib.

 

“Salman Cəfərov dedi ki, qardaşım pulu alıb, bizə heç nə çatmayıb”

Şahid qismində ifadə verən Elşən Hüseynov bildirdi ki, Qarabağ müharibəsi veteranıdı və 2-ci qrup əlildi. Hazırda “8-ci kilometr” bazarının bir hissəsinin sahibi olan “Nəzrin-E” MMC-nin direktorudur. Onun sözlərinə görə, bazar alındıqdan sonra oraya 5 milyon manata yaxın investisiya qoyulub və ticarət obyekti büsbütün rekonstruksiya edilərək, sahəsi azı 4 dəfə artırılıb.

Şahid əlavə etdi ki, Çingiz Əsədovdan bazarı alarkən, verilən 450 min dollardan əlavə, onunla borc öhdəliyi barədə müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, o vaxtdan bəri bu günə qədər hər ay Çingiz Əsədova bazarın əldə etdiyi mənfəətdən 5 min manat vəsait ödənilir.

Elşən Hüseynov prokurorun sualına cavab olaraq qeyd etdi ki, bazarın satılması barədə məlumatı qonşusu Akif Çovdarovdan alıb.

Zərərçəkmiş Salman Səfərov

Şahid bildirdi ki, bazarı alandan sonra zərərçəkmiş Cəfər Səfərovun və qardaşlarının da “halallığ”ını alıb, onlara bu sövdələşmədən 300 min dollar pul qalıb. “Salman Səfərov yanıma gələrək dedi ki, qardaşım Cəfər pulun hamısını götürüb bizə vermir və kiçik qardaşım, bacımın həyat yoldaşı işsiz qalıb, onlara maddi yardım et. Mən də şəriklərimlə danışaraq, Salmanın qardaşlarından birinə aylıq 1000 manat vəsait ayırdım. Bacısının ərinə isə bazarda pulsuz yer verdim, o da həmin yeri başqasına pul müqabilində icarəyə verdi. Sonra Cəfərovların bacısının əri Rusiyada həbs edildi, toplanmış pullarını yığaraq ona yolladıq”, – şahid deyib.

Elşən Hüseynov 2013-cü ildə Həcc ziyarətinə getməzdən əvvəl bazarı Akif Çovdarovun qızı Aida Qasımovanın adına rəsmiləşdirdiyini deyib. Şahid onların bazarı alarkən qiymətinin 5-10 milyon olması barədə səslənən fikirlərə verdiyi məntiqli cavab maraqlı oldu. Şahid “Çingiz bazarı 2002-ci ildə Səfərovlara verəndə sahəsi 1118 kv.m. olub, 2005-ci ildə Səfərovlardan geri alandada sahəsi hələ də 1118 kv.m. olub. Niyə bazarın qiyməti dəyişməli idi ki? Bazarın ərazisi bizim dövrdə artırılıb və təmir olunub”.

Məhkəmənin növbəti iclası bazar ertəsi, iyunun 12-də keçiriləcək. (Virtualaz.org)

Review overview