Home / Qarabağ  / Faşist Limonov səngərdən Gülüstana boylanıb: “Qarabağ Rusiyanındır…”

Faşist Limonov səngərdən Gülüstana boylanıb: “Qarabağ Rusiyanındır…”

Xəbər verdiyimiz kimi rusiyalı yazıçı, ekstremist-faşist mövqeyi ilə tanınan Eduard Limonov bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərində olub. O, özünün dediyi kimi, “türklərə nifrətinə görə” bu torpaqlara gəlib çıxıb. Çünki Limonovun Türkiyə əleyhinə yazılarını oxuyanlar

Xəbər verdiyimiz kimi rusiyalı yazıçı, ekstremist-faşist mövqeyi ilə tanınan Eduard Limonov bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərində olub. O, özünün dediyi kimi, “türklərə nifrətinə görə” bu torpaqlara gəlib çıxıb. Çünki Limonovun Türkiyə əleyhinə yazılarını oxuyanlar onu Ermənistana, oradan Qarabağa gətiriblər.

“Svobodnaya pressa” Eduard Limonovun Qarabağdan qeydlərini dərc edib. Oradan məlum olur ki, bu faşist rusiyalı siyasətçi qondarma “dqr müdafiə naziri” Levan Mnatsakanyanla görüşüb. Daha sonra onu podpolkovnik Armenin və daha iki erməni hərbçisinin müşaiyəti ilə təmas xəttinin Gülüstan kəndi istiqamətinə, işğalçı qüvvələrin 20 nömrəli postuna gətiriblər. Limonov erməni səngərinin ambrazurundan Gülüstan kəndinə tərəf boylanıb, kənddən “ermənilərin qovulduğunu, azad ediləcəyi günü gözlədiyini” yazıb.

Xatırladaq ki, Gülüstan kəndi neytral zonada yerləşir, hazırda kənddə yaşayış yoxdur. Eduard Limonovu ermənilərin həmin istiqamətdəki “möhkəmləndirilmiş rayonunun” qərargahında Karo adlı polkovnik qarşılayıb, sonra posta yola salıb. “Bu torpaqlar cənnət kimidir, hər tərəf yaşıllıq, bitkilərdir. Yoldan iki-üç metr kənara çıxsan həmişəlik ilişib qalarsan”-bədnam rusiyalı ekstremist yazır.

Daha sonra Limonov Gülüstan kəndinin əfsanəvi məkan olduğunu yada salır. “Burada, 1813-cü ilin oktyabrında Gülüstan sülh müqaviləsi bağlanıb, hansı ki, Fars imperiyası həmin torpaqları, müasir Azərbaycanın bir hissəsini, o cümlədən Qarabağ xanlığını həmişəlik bilirsinizmi kimə verib? Bizə, ruslara, Rusiyaya. Müqavilə Zeyvə çayının sahilində imzalanıb. Və budur, biz həmin kəndin yuxarısındayıq, ona səngərdən baxırıq. Bu tarixi müqavilə barədə dünya unutmağı üstün tutub, hərçənd bu torpaqlar bizim üçün Kuril adalarından daha vacibdir”-Limonov yazır.

Daha sonra Rusiyanı qınayır ki, təvazökarlıq edir, azərbaycanlılara “rədd olun, bu torpaqlar “müstəqil Qarabağa” bağışlanacaq” demir. Yazır ki, Qarabağ “ən ucqar xristian torpağıdır”, Qarabağ erməniləri həmişə Rusiyaya sadiq olub. Və Limonov  Rusiyaya məsləhət görür ki, Qarabağı tanısın, nəticədə İrana birbaşa quru yolu açılsın. “Onsuz da sarı nömrəli İran maşınları Qarabağın dağ yollarında o tərəf-bu tərəfə hərəkət edir”-qeyd edir.

Eduard Limonov müxalifətçi hesab olunur, onun Rusiya Milli-Bolşevik partiyası ekstremist mövqeyinə görə Rusiyada qadağan olunub. Limonov əvvəllər bir neçə dəfə millətçilərin nümayişini təşkil edib. Lakin bir çoxlarına görə bu şəxs əslində Kremlin imperiya ambisiyaları naminə fəaliyyət göstərir və bir növ Vladimir Jirinovskinin missiyasına bənzər missiya daşıyır.

Məsələn, Limonov Krımın ilhaqı ilə kifayətlənməyib Ukraynanın Donbass vilayətini, ümumiyyətlə Şərqi Ukraynanı da bütövlükdə Rusiyaya birləşdirməyə çağırır. 2014-cü ildə isə o demişdi ki, Nursultan Nazarbayevin siyasi səhnədən getməsindən sonra Rusiya Qazaxıstanın şimal vilayətlərini özünə birləşdirməlidir.

Limonov hələ 90-cı illərin ortalarında Qazaxıstanın şimalındakı Kokeştau vilayətində yerli kazakların dəstəyi ilə üsyan planlaşdırmışdı. Lakin qazax xüsusi xidmət orqanları bunun qarşısını alıb. 2001-ci ildə isə Limonov Qazaxıstanla sərhəd Dağlıq Altay vilayətində Qazaxıstana silahlı müdaxilə üçün partizan bazası yaratdığına görə bu dəfə Rusiya xüsusi təyinatlıları tərəfindən saxlanılmışdı.

İndi Limonov “türklərə nifrətinə görə” Qarabağa gəlib çıxır və ermənilər onu “təsadüfən” məhz Gülüstan kəndi ətrafındakı posta qaldırırlar. Bu bədnam yazıçı oradan kəndə boylanıb Gülüstan müqaviləsini yada salır və qayıdıb yazır ki, əslində bütün bu torpaqlar, Qarabağ Rusiyaya məxsus imiş. Və Rusiya bu torpaqları ermənilərə bağışlamaq üçün ixtiyar sahibiymiş…

Limonovun dedikləri Vladimir Jirinovskinin əvvəllər səslənən bəyanatları ilə ziddiyyət təşkil edirmi? Belə görünür ki, yox, çünki onların hər ikisini eyni mərkəzdən təlimatlandırırlar. Həmin Jirinovski ki, Gülüstan müqaviləsini hər fürsətdə yada salır, Qarabağın Rusiya torpaqları olduğuna eyham vurur. Bu yaxınlarda isə Jirinovski Qarabağ məsələsinin “ən asan həll yolunu” təklif edib demişdi ki, Rusiya cənubda öz imperiya sərhədlərini bərpa etməlidir. Və bu zaman heç bir Azərbaycan və Ermənistan olmayacaq, “olacaq İrəvan quberniyası, Bakı quberniyası”…

Əslində Gülüstan müqaviləsinə istinad edib Qarabağın “Rusiya torpaqları” olduğu barədə təkcə Rusiyada Jirinovski və Limonov kimi ekstremistlər danışmırlar. Bir neçə il əvvəl Ermənistanda da belə çağırışlar eşidildi. Limonovun erməni variantı, bədnam yazıçı, Qarabağda erməni separatizminin banilərindən biri Zori Balayan qəfildən durub Rusiya prezidenti Vladimir Putinə məktub göndərdi ki, heç demə Qarabağ “hələ də qüvvəsini itirməyən” Gülüstan müqaviləsinə əsasən Rusiya torpağıymış və indi Rusiya öz torpağına sahib çıxmalıdır.

Həmin müraciətə görə Ermənistanda Balayanı “satqın”, “xain”, “murdar” kimi epitetlərlə yad etdilər. Ancaq Balayanın məktubu onun öz xülyasının məhsulu idimi? Çətin ki…

Kimlərsə vaxtaşırı yada salmaq istəyir ki, bir vaxtlar indiki Azərbaycan ərazilərini də əhatə edən Rusiya imperiyası mövcud idi və bu imperiyanın sərhədlərini bərpa etmək xəyalları həmişə olub, görünür bundan sonra da olacaq…

Limonova gəldikdə isə belə görünür Azərbaycan hüquq-mühafizə orqanları onun açıq-aşkar düşmənçilik əməlini qeydə alacaqlar və barəsində cinayət işi qaldırıb axtarışa verəcəklər. Rusiya Limonovu tutub Azərbaycana verəsi deyil, ancaq müstəqil Azərbaycanın ona cinayət işi qaldırmaq və nəticədə bəzi problemlər yaratmaq hüquqları, imkanları var. Bundan əvvəl qəfildən Qarabağa “köçüb gələn”, sonra qəfildən geri dönən rusiyalı avantürist, keçmiş milyoner və “pravoslav missioneri” German Sterliqovun nümunəsində olduğu kimi… (Fərhad Məmmədov, Virtualaz.org)

POST TAGS:
Review overview