Home / Ədəbiyyat  / Heminquey: Bəyaz fillərə bənzər təpələr – hekayə

Heminquey: Bəyaz fillərə bənzər təpələr – hekayə

Tehran Vəliyevin tərcüməsində Ernest Heminqueyin “Bəyaz fillərə bənzər təpələr” hekayəsini təqdim edirik: Ebro vadisinin o tayında sıra ilə uzanan uzun təpələr ağappaq idi. Bu tayda nə bir ağac, nə bir kölgəlik vardı, iki dəmiryolu xətti arasındakı

Tehran Vəliyevin tərcüməsində Ernest Heminqueyin “Bəyaz fillərə bənzər təpələr” hekayəsini təqdim edirik:

Ebro vadisinin o tayında sıra ilə uzanan uzun təpələr ağappaq idi. Bu tayda nə bir ağac, nə bir kölgəlik vardı, iki dəmiryolu xətti arasındakı stansiya qızmar günəş altında alışıb yanırdı. Stansiya binasının bir tərəfinə düşəm yeganə kölgəlikdə isə bərk istiydi və buradakı barın açıq qapısından xırda bambuk çöplərindən düzəldilmiş pərdə asılmışdı. Amerikalı kişi ilə yanındakı qız bu kölgəlikdə stolda əyləşmişdi. Bərk istiydi və Barselonadan çıxan sürət qatarının gəlməsinə hələ qırx dəqiqə vardı. Qatar bu stansiyada iki dəqiqə dayanacaq, sonra yoluna davam edib Madridə gedəcəkdi.

  • Nə içəcəyik? – Qız soruşdu. O. Şlyapasını çıxarıb stolun üstünə qoydu.

  • Dəhşət istidir, – kişi dedi.

  • Gəl, pivə içək.

  • Dos cerezas* – kişi pərdəni aralayib səsləndi.

  • Böyüyündənmi? – Pərdə arxasından qadın soruşdu.

  • Hə, iki dənə, böyüyündən.

Qadın iki şüşə pivə və iki dənə keçə altlıq gətirdi. O, altlıqları və pivə şüşələrini stolun üstünə qoyub, kişiylə qızı süzdü. Qızın baxışları uzaqlara, uzun sıra ilə düzülmüş təpələrə dikilmişdi. Bu təpələr qızmar günəşdən ağappaq ağarırdı, bütün ətraf qupquru qurumuş, mis rəngi almışdı.

  • Onlar bəyaz fillərə bənzəyir,- qız dedi.

  • Ömrümdə elə fil görməmişəm, – kişi pivədən bir qurtum içdi.

  • Heç görə də bilməzdin.

  • Niyə ki? – kişi dedi. – Sənin belə deməyin hələ heç nə demək deyil.

Qız gözlərini bambuk pərdəyə dikdi.

  • Onun üstündə nəsə yazıblar, – dedi. – Nə deməkdi o yazı?

  • “Anis del toro”. İçki adıdır.

  • Onun dadına baxa bilərikmi?

Kişi ofisiantı səslədi. Qadın bayıra çıxdı.

  • Dörd real verəcəksiniz.

  • Bizə iki qədəh Anis del toro gətirin.

  • Suylamı?

  • Suylamı istəyirsən?

  • Bilmirəm, – qız dedi. – Suyla daha yaxşı olurmu?

  • Bəd deyil.

  • Onları sizə suylamı gətirim?- Qadın təkrar spruşdu.

  • Bəli, suyla.

  • Biyan kökünün tamını verir, – qız dedi və qədəhini stolun üstünə qoydu.

  • Hər şey belədir.

  • Elədi, – qız dedi. – Hər şey biyan tamı verir. İllah da ürəyin nəyi çox istəyirsə. Elə absent* də bu cür idi.

  • Bəsdi, qurtar.

  • Özün başladın ki, – qız dedi. – Mənim kefim çox duruydu. Darıxıb eləmirdim.

  • Çox gözəl. Gəl yenə də kefimizi durultmağa çalışaq.

  • Mən ki, buna çalışırdım. O təpələr bəyaz fillərə bənzəyir dedim. Bəyəm bu məzəli deyildimi?

  • Məzəliydi.

  • Mən bu təzə içkidən içmək istədim. Bizim elə işimiz-gücümüz də ancaq bu deyilmi: yeni-yeni yerlər görmək, yeni-yeni içkilərdən dadmaq?

  • Məncə də elədir.

Qız baxışlarını yenə də uzaqdakı təpələrə dikdi.

  • Çox qəşəng təpələrdir, – dedi, – əslində onlar heç də bəyaz fillərə bənzəmirdilər. Mən bunu deyəndə, sadəcə, onların da ağacların arasından o cür ağardıqlarını nəzərdə tuturdum.

  • Yenə içəcəyik.

  • Mümkünsə.

İsti külək bambuk pərdəni stola tərəf yellətdi.

  • Pivələri çox yaxşı pivədi, həm də sərindi.

  • Əladı – qız dedi.

  • Bu doğrudan da, çox sadə bir operasiyadır, Ciq, – kişi dedi. – Əslində ona heç operasiya da demək olmaz.

Qız aşağıya, stolun ayaqları altına baxdı.

  • Özün də görəcəksən, Ciq, tamamilə asan bir şeydir. Demək olar ki, heç nədir. Sadəcə bir iynə vuracaqlar.

Qız dinmədi.

  • Özüm də səninlə gedəcəm, bu iş qurtaranacan yanında olacam. Tək bir iynə vuracaqlar, sonra isə hər şey öz-özünə qaydasına düşəcək.

  • Bəs sonra? Sonra bizim halımız necə olacaq?

  • Lap əla, kefimizə baxacağıq. Əvvəl necəydik, elə də olacağıq.

  • Sən nə üçün belə fikirləşirsən?

  • Çünki indi, hər ikimizi narahat edən yeganə şey yalnız budur. Yalnız bu məsələ kefimizi korlayır.

Qız gözlərini bambuk pərdəyə dikdi, əlini uzadıb onun çöplərindən ikisini ovcunun içinə aldı.

  • Yəni, sən deyirsən ki, ondan sonra hər şey yaxşı olacaq, biz özümüzü xoşbəxt hiss eləyəcəyik?

  • Mən buna tam əminəm. Təki sən heç nədən qorxub çəkinmə. Bu cür operasiya elətdirən çoxlu qadın tanıyıram, onların heç birinə heç nə olmayıb.

  • Mən də tanıyıram, – qız dedi. – Onların hamısı bundan sonra lap xoşbəxt olublar.

  • Yaxşı, – kişi dedi, – əgər istəmirsənsə, elətdirmə. İstəmirsənsə, mən təkid eləmirəm. Amma onu bilirəm ki, bu çox asan və sadə bir şeydir.

  • Sən doğrudanmı bunu istəyirsən?

  • Məncə, ən yaxşı çıxış yolu budur. Amma sən istəmirsənsə, lazım deyil, elətdirmə. Mən də istəmirəm.

  • Amma əgər mən razı olsam, bu sənin də ürəyincə olacaq və hər şey əvvəlki qaydasına düşəcək, sən də məni əvvəlki kimi sevəcəksən, eləmi?

  • Mən elə indi də səni sevirəm. Özün də bunu yaxşı bilirsən.

  • Bilirəm, amma mən buna razı olsam, bu operasiyadan sonra hər şey yenidən gözəl olacaq və mən “Bu təpələr bəyaz fillərə bənzəyir” deyəndə sənin də xoşuna gələcək, eləmi?

  • Əlbəttə, lap ləzzət eləyəcək. Əslində bu, elə indi də mənə ləzzət eləyir, sadəcə, indi bu barədə düşünməyə həvəsim yoxdur. Özün yaxşı bilirsən ki, mən narahatçılıq keçirəndə nə hala düşürəm.

  • Bəs mənim operasiya olmağım səni narahat eləmir?

  • Bundan narahat deyiləm, çünki bu çox sadə, tamam təhlükəsiz bir şeydir.

  • Onda gedib elətdirəcəm. Çünki mənə nə olacaq vecimə deyil.

  • Bununla nə demək istəyirsən?

  • Demək istəyirəm ki, mənə nə olacağı məni düşündürmür.

  • Mən özüm sənin qayğına qalacam.

  • Bunu bilirəm. Ancaq mənə nə olacağı mənim vecimə deyil. Gedib bunu elətdirəcəm. Təki sonra hər şey gözəl olsun.

  • Sənə bu cür təsir edirsə, elətdirmə. Onda bunu mən də istəmirəm.

Qız stoldan qalxdı, stansiyanın o biri başına tərəf addımladı. Qarşıda Ebro çayının bu tayında çay boyu əkin tarlaları və ağaclar görsənirdi. Lap uzaqda, çaydan xeyli aralıda dağlar sıra ilə uzanıb gedirdi. Buludların kölgəsi ləngərləyə-ləngərləyə yaşıl tarlaların üstündən keçirdi. Ağacların arasından çayın o üzü görünürdü.

  • Bunlar hamısı bizim ola bilərdi, – dedi,- hər şeyə sahib ola bilərdik, amma biz özümüz hər gün bu imkanımızın üstündən daha bir xətt çəkirik.

  • Nə dedin?

  • Hər şeyə sahib ola bilərdik.

  • Yox, ola bilməzdik.

  • Bütün dünyaya sahib ola bilərdik.

  • Yox, ola bilməzdik.

  • İstədiyimiz yerə gedə bilərdik.

  • Yox, gedə bilməzdik. Daha hər şey bizim deyil.

  • Bizimdir.

  • Yox, bizim deyil. Bir şeyi ki, əlindən aldılar, onu heç vaxt geri qaytara bilməzsən.

  • Axı hələ heç nəyimizi əlimizdən almayıblar.

  • Yaşayarıq, görərik.

  • Gəl qayıdaq, kölgəyə gedək, – kişi dedi. – Bu qədər həyəcanlanmaq lazım deyil.

  • Mən həyəcanlanıb eləmirəm, – qız dedi. – Sadəcə, hər şeyi gözəl anlayıram.

  • Mən istəmirəm ki, ürəyin istəmədiyi bir işi zorla görəsən…

  • Yaxud mənə ziyanlı bir işi, – qız dedi.

  • Bunu bilirəm. Yenə pivə içə bilərikmi?

  • Olar. Ancaq sən anlamalısan ki…

  • Anlayıram, – qız dedi. – Bəlkə bu söhbəti buraxaq?

Stolda oturdular. Qız nəzərlərini çayın o tayındakı qupquru təpələrə, kişi isə əvvəlcə qıza, sonra isə stola zillədi.

  • Sən anlamalısan ki, – kişi dilləndi, – mən heç də səni bu işə zorla məcbur eləmək istəmirəm. Əgər bu, sənin üçün elə vacibdirsə, mən ona da dözməyə hazıram.

  • Sənin üçün bunun heç bir əhəmiyyəti yoxdur? Axı biz birtəhər hər şeyi yola verə bilərik.

  • Əlbəttə, əhəmiyyəti var. Ancaq mənə səndən başqa heç kəs lazım deyil. Heç kəs. Onu da bilirəm ki, bu çox asan, təhlükəsiz bir şeydir.

  • Elədi. Bunun asan, təhlükəsiz bir şey olduğunu sən çox yaxşı bilirsən.

  • Nə deyirsən de, fərqi yoxdur, amma bu, doğrudan da asan bir şeydir.

  • Səndən bir şey xahiş eləsəm, olar?

  • Olar. İstəyirsən lap yüzünü elə.

  • Səndən xahiş edirəm kəs, kəs, kəs, kəs, kəs bu söhbəti!

Kişi dillənmədi, nəzərlərini divarın dibinə qoyduqları çamadanlarına dikdi. Gecələdikləri bütün otellərin yarlıqları hələ də onların üstündəydi.

  • Elətdirmə. Mən də istəmirəm, – kişi. Nəhayət, dilləndi. Bu daha mənə də lazım deyil.

  • Bu saat qışqıracam, – qız dedi.

Qadın əlində iki şüşə pivə bardan çıxıb onların yanına gəldi, pivələri keçə altlıqların üstünə qoydu.

  • Beş dəqiqədən sonra qatar burda olacaq, – dedi.

  • O nə dedi? – qız soruşdu.

  • Qatar beş dəqiqədən sonra burda olacaq.

Qız təşəkkürünü bildirmək üçün qadının üzünə gülümsündü.

  • Mən gedim çamadanları o biri tərəfə keçirim, – kişi dedi. Qız ona da gülümsündü.

  • Sonra bura qayıt. Pivələrimizi içib qurtaraq.

Kişi hər iki ağır çamadanı yerdən qaldırdı, onları stansiyanın o biri başına, o biri platformaya apardı. Yola baxdı, qatar hələ görünmürdü. Geri qayıdarkən barın içindən keçdi. Qatarı gözləyən sərnişinlər burada pivə içirdilər. O bir qədəh anis del toro götürdü, onu içə-içə içəridəki adamları süzdü. Onların hamısı sakitcə qatarı gözləyirdilər.

Bambuk pərdəni aralayıb bayıra çıxdı. Qız stolda oturmuşdu. Onu görəndə gülümsündü.

  • İndi özünü necə hiss eləyirsən?

  • Əla, – qız dedi. – Hər şey qaydasındadır. Özümü lap əla hiss edirəm.

*iki dənə pivə

*yovşan arağı.

1999-cu il

Print Friendly, PDF & Email
Review overview