Home / Ədəbiyyat  / “Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin adları açıqlandı – SİYAHI

“Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin adları açıqlandı – SİYAHI

“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qalibləri müəyyən edilib. Mükafatın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən, iki ildən bir olmaqla keçirilir. Nazirlikdən bildirilib ki, ənənəyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü

“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qalibləri müəyyən edilib. Mükafatın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən, iki ildən bir olmaqla keçirilir.

Nazirlikdən bildirilib ki, ənənəyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təqdimatı baş tutacaq sayca beşinci “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və cari il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra Komissiyanın yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Nəsr əsərləri nominasiyası üzrə Sona Vəliyevanın “İşığa gedən yol” kitabı, Vaqif Nəsibin “Sənsizlik, mənsizlik, onsuzluq” romanı və Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı, poeziya əsərləri nominasiyası üzrə Firuzə Məmmədlinin “Seçilmiş əsərləri” kitabı, Vaqif Bayatlı Odərin “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri, ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə Bəsti Əlibəylinin “İkinci mətn” kitabı və Nərgiz Cabbarlının “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı, orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Əyyub Qiyas (Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı) və Fərid Hüseyn (Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri), uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Zahid Xəlilin “Ağ leyləklər” kitabı və Qəşəm Nəcəfzadənin “Çiçəkli xalça” kitabı “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülüb.

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü isə Mirmehdi Ağaoğlu (“Alman malı” kitabı) və Şəhriyar del Geraniyə (“Darıxmağın adı” kitabı) veriləcək.

Mükafatın təqdimat mərasimi mayın 1-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.

Print Friendly, PDF & Email
Review overview