Home / Maraqlı  / Nəsirov kimin güdazına gedib? – Vergi nazirinin həbsi

Nəsirov kimin güdazına gedib? – Vergi nazirinin həbsi

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Ukraynanın Dövlət Fiksal Xidmətinin (Vergilər Nazirliyi statusunu daşıyır) rəhbəri, milliyyətcə azərbaycanlı Roman Nəsirov saxlanılıb. Ukraynanın Milli Antikorrupsiya Bürosu onu “korrupsiyada” və  dövlətə “2 milyard qriven ziyan vurmaqda” ittiham

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Ukraynanın Dövlət Fiksal Xidmətinin (Vergilər Nazirliyi statusunu daşıyır) rəhbəri, milliyyətcə azərbaycanlı Roman Nəsirov saxlanılıb. Ukraynanın Milli Antikorrupsiya Bürosu onu “korrupsiyada” və  dövlətə “2 milyard qriven ziyan vurmaqda” ittiham edir. İttihama əsasən Roman Nəsirov Dövlət Fiksal Xidmətinin rəhbəri kimi öz səlahiyyətlərindən “sui-istifadə” edərək hazırda mühacirətdə olan oliqarx Aleksandr Onişşenkonun şirkətlərinə vergi möhləti verib.

Nəsirovun barəsində çıxarılmış iki aylıq həbs qətimkan tədbiri artıq xəbər verildiyi kimi, bu gün şərti azadlıqla əvəzlənib. Ailəsi onun zaminə buraxılması üçün tələb olunan 100 milyon qriveni (3.4 milyon dollara yaxın) nəhayət tapıb cəmləşdirə bilib və indi Nəsirov barəsində irəli sürülmüş ittihamlardan özünü müdafiə etmək üçün məhkəməni gözləyəcək. Hansı ki, o, həbs olunandan dərhal sonra bu ittihamların absurd olduğunu bəyan etmişdi və bildirmişdi ki, mülkiyyətçisinin kimliyindən asılı olmayaraq hansısa şirkətə vergi möhlətinin verilməsi qanunların pozulması deyil. Əksinə, belə möhlət ölkənin vergi məcəlləsində nəzərdə tutulub.

“Mənə qarşı irəli sürülmüş bütün ittihamları əsassız və sübutsuz hesab edirəm. Mənim həbsim qanunsuzdur və prosessual normaların, hüquqlarımın kobud şəkildə pozulması ilə həyata keçirilib”-Nəsirov məhkəmədə deyib.

Qısa arayış: Roman Mikayıl oğlu Nəsirov 1979-cu ildə Kiyevdə anadan olub. Onun atası Mikayıl Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və orada ailə qurub. 2001-ci ildə Kiyev Dövlət Universitetitini bitirib, daha sonra Londonda menecment təhsili alıb. Uzun müddət bank sektorunda işləyib, daha sonra “Konkord Kapital” investisiya şirkətində qiymətli kağızların idarəolunmasına rəhbərlik edib. Kifayət qədər uğurlu biznesmen kimi tanınan Nəsirov 2013-cü ildə ilk dəfə dövlət işinə keçib,  “Ukrayna Ərzaq-Buqda Dövlət Korporasiyası” sədrinin müavini təyin olunub və 2014-cü ilə qədər həmin vəzifəni tutub. Yanukoviçin devrilməsindən və “Maydan” hadisələrindən sonra Nəsirov indiki prezident Pyotr Poroşenkonun başçılıq etdiyi seçki siyahısında deputatlığa namizədliyini irəli sürüb, deputat seçilib. Poroşenko prezident seçiləndən sonra Nəsirov Dövlət Fiksal Xidmətinin rəhbəri təyin edilib. Onun vergi və gömrük idarələrini özündə birləşdirən bu Xidmətə rəhbərliyi dövründə vergi yığımı 2 dəfə artıb. Çünki Nəsirov vergidən yayınan iri oliqarxları belə vergi ödəməyə cəlb edə bilib.

Bəs bu vəzifədə tezliklə parlayan, Ukrayna hökumətinin gənc və islahatçı kadrlarından biri kimi tanınan Roman Nəsirovun həbsinin əsl motivi nədir?

Virtualaz.org Ukrayna mənbələrindən araşdırıb ki, Nəsirov əslində bu ölkə hakimiyyətində hökm sürən intriqaların güdazına gedib. Bu məqamlar barədə daha sonra. Hələlik vergi nazirinə qarşı irəli sürülmüş ittihamın və mətbuatda onun barəsində az qala “1 nömrəli korrupsioner” imici yaradılması üçün Ukrayna, eləcə də Rusiya mətbuatında başladılmış kampaniyanın əsasını təşkil edən fakt barədə.

Beləliklə, Roman Nəsirov Ukraynadan qaçan oliqarx, Regionlar partiyasından deputat Aleksandr Onişşenkoya bağlı şirkətlərə vergi möhləti verməkdə və bununla da dövlətə külli miqdarda ziyan vurmaqda ittiham olunur. Həmin Onişşenko ki, Ukraynadan qaçandan sonra prezident Poroşenkoya qarşı kompromatlar yaymağa başladı. O, Ukrayna üçün təbii qazın alınmasına dair tenderlərdə korrupsiyaya yol verib , 100 milyon dollar mənimsəməkdə ittiham olunur və axtarışdadır.

Vəkilləri deyir ki, Nəsirova qarşı irəli sürülmüş korrupsiya ittihamının heç bir əsası yoxdur. Axı vergi məcəlləsində nəzərdə tutulan müddəanın tətbiqi-iri məbləğdə vergi borcu olan şirkətlərə borcun ödənilməsi üçün möhlət verilməsi korrupsiyaya dəlalət etmir. Ali Radanın deputatı Aleksandr Kirş də “RBK-Ukrayna” agentliyinə elə bunları deyir. Onun sözlərinə görə, hansısa müəssisəyə vergi möhləti vermək qətiyyən korrupsiya sayıla bilməz və Nəsirova qarşı irəli sürülmüş ittiham “absurddur”.

“Tutaq ki, hansısa müəssisə indi vergiləri ödəyə bilmir, buna imkanı yoxdur, ancaq sonra ödəyə bilər. Nəyə görə ona qanunda nəzərdə tutulduğu kimi möhlət verilməsin? Xüsusən də həmin möhlətin əvəzində vergi borcunun üzərinə inflyasiyadan yuxarı faiz hesablanırsa?”-deputat sual edir. “Əgər biz müəssisəyə möhlət verməsək o məcbur olub vergini ödəmək üçün əsas fondları satacaq, nəticədə müflis olub işini dayandıracaq. O zaman vergi məmurunu ittiham edəcəklər ki, müəssisəni batırıb”-Kirş əlavə edir. Deputat deyir ki, Nəsirovun həbsindən sonra heç bir vergi məmuru qanunda nəzərdə tutulmuş həmin müddəanı tətbiq edə bilməyəcək, çünki qorxacaq ki, onu da həbsxanaya sala bilərlər.

Aleksandr Kirş

Ukrayna hakim elitasına yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, Roman Nəsirovun həbsi əslində siyasidir. Mənbələr deyirlər ki, azərbaycanlı nazir ABŞ-ın indiki administrasiyasına yaxın fiqur hesab edilir. Onun prezident Donald Trampla şəxsi əlaqələri və təmasları olub. (Mənbəmiz Nəsirovun Trampla fotosunu da saytımıza təqdim edib) Hazırda Tramp administrasiyası Ukraynaya dair siyasətin nədən ibarət olacağını müəyyənləşdirməyib və Kiyevdə yeni siyasətin necə olacağını narahatlıqla gözləməkdədirlər.

Əvvəllər Tramp Ukraynaya dəstəyin davam edəcəyi haqda danışmaq istəmirdi və bu məsələdən yayınırdı. Lakin demokratların və Rusiyaya qarşı sərt xətt tərəfdarı olan respublikaçıların güclü təzyiqlərindən sonra Donald Tramp və onun administrasiyasının üzvləri Ukraynaya dəstəyin davam edəcəyini bəyan ediblər. Və məlumatlara görə Tramp administrasiyasında hazırlaşırdılar ki, Ukrayna hökumətinin gənc, islahatçı üzvü kimi Roman Nəsirova stavka etsinlər. Başqa sözlə azərbaycanlı nazir Ukrayna hökuməti ilə ABŞ-ın yeni administrasiyası arasında körpü rolunu oynamalı idi.

“Lakin Ukrayna hökumətinin digər qanadı-hələ də bundan əvvəl hakimiyyətdə olan demokratların çaldığı havaya oynayanlar Nəsirovun Tramp administrasiyasına çıxış imkanlarından narahat oldular və onu vurub sıradan çıxarmaq üçün hərəkətə keçdilər”-Ukrayna siyasi elitasında gedən intriqaların pərdəarxasına yaxşı bələd olan Kiyevdəki mənbəmiz deyir.

“Nəticədə Nəsirov ABŞ-da hələ də söz sahibi olan Co Bayden kimi demokratların, habelə Con Makkeyn kimi “qırğıların” və Trampa qarşı olan respublikaçıların, eləcə də Ukraynaya dair siyasətin nədən ibarət olacağını hələ müəyyənləşdirə bilməyən yeni administrasiyanın yaratdığı siyasi vakuuma düşdü”-mənbə əlavə edir.

Situasiya ilə tanış olan digər mənbə isə deyir ki, hakimiyyətdəki qruplaşmalar bundan əvvəl Nəsirovdan Odessa qubernatoru Mixail Saakaşvilinin vurulması üçün istifadə ediblər. Onların arasında münaqişə yaratmağa nail olublar və nəticədə Saakaşvili Poroşenkonun komandasına qarşı tənqidlərdə Nəsirova da hücuma keçirdi.

“Bütün bunlarla yanaşı Nəsirovun vurulmasında indiki komandanın ən odioz və intriqabaz fiquru, Bakı ermənisi Arsen Avakovun da rolunu istisna etmək lazım deyil”-mənbə deyir.

Doğrudan da son illər Ukraynada önə çıxan xeyli azərbaycanlı iş adamı Avakovun və onun “Azov” batalyonunun yaraqlılarının əli ilə sıradan çıxarılıb, onlarla iş adamı oğurlanıb, iri məbləğlərdə pulları alınıb. Bir çoxları isə xəbərsiz itkin düşüb. Ukraynada azərbaycanlı iş adamlarına qarşı sistemli hücumlar  Azərbaycan rəhbərliyini də ciddi narahat edib. Xəbər verildiyi kimi bir neçə ay əvvəl Azərbaycan Baş prokuroru Zakir Qaralov ukraynalı həmkarına rəsmi məktub göndərərək bu məsələdən narahatlıq ifadə etmişdi.

Bu baxımdan Nəsirovun həbsi ətrafında baş verənlər də Azərbaycanda narahatlıqla izlənilir. Bakıda haqlı olaraq sual yaranır: bu həbs və Nəsirova qarşı başladılmış kampaniya Ukraynada nüfuzlu azərbaycanlılara qarşı kriminalın və digər qruplaşmaların əli ilə həyata keçirilən sistemli təqiblərin tərkib hissəsi ola bilərmi?

Print Friendly, PDF & Email
Review overview