Professor Mustafa Babanlı “Şəhidlər muzeyi”ni ziyarət etdi – FOTO

print
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və Universitetin bir neçə məsul əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən “Şəhidlər muzeyi”ni ziyarət etdi.

Mustafa müəllim tədbirdə iştirak edən Vətən müdafiəçilərini salamladı, bütün Azərbaycan vətəndaşlarının ön xətdə xidmət edən zabit, gizir və əsgərlərə borclu olduğunu qeyd etdi.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu “Şəhidlər muzeyi”nin yaradıcısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri “General Əli bəy” adıyla məşhur olan Əlövsət Qasımovun keçdiyi şərəfli döyüş yolu haqda qonaqlara məlumat verdi.

Əlövsət Qasımov rektor Mustafa Babanlının muzeyi ziyarət etməsindən hədsiz məmnun olduğunu bildirdi. 

Rusiyadan gəlmiş soydaşımız, ədliyyə general-mayoru İntiqam Zeynalov, Zəngilan rayonunun sabiq icra başçısı Ələkbər Həşimov, Qarabağ Azadlıq Təşkilatı sədrinin müavini Şaiq Süleymanov, Bakı Dövlət Universitetinin müəllimi Sövdayar Muradov və başqaları çıxış edərək Muzey haqda geniş məlumat verdilər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan, yaralanan hər bir döyüşçünün xalqımızın əvəzsiz neməti olduğunu qeyd etdi və bildirdi ki, 1-ci Qarabağ savaşının bütün döyüşçüləri xalqımızın baş tacıdır.

O, tədbirdə iştirak edən sabiq döyüşçülərə Universitetin pedaqoji kollektivinin ən xoş arzularını çatdırdı və Universitetin məsul əməkdaşlarından birinə Universitetdə döyüşçülərlə görüş keçirilməsi üçün hazırlıq görməyi tapşırdı.


Muzeyin eksponatları ilə tanış olan rektor belə görüşlərin mütəmadi keçiriləcəyini vurğuladı.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up