Bir ailə bir gecədə yox oldu – Xırdalan fəlakəti (YENİLƏNİB)

print
Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 3-ü ilə bağlı məqam xüsusilə ilə sarsıdıcıdır.

Yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı və 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır. L.Xanlayevanın da Gəncədə təhsil aldığı deyilir.

Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Ana Nübar Musayeva ötən gün böyük qızı Lamiyəni Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qızının kirayədə yaşadığı evdə gecələmək istəyib və o gecə bir ailənin son gecəsi olub.

Saytın əldə etdiyi məlumata görə, Xanlayevalar ailəsinin başçısı Vahid Xanlayev də hələ bir neçə il əvvəl dünyasını dəyişib. O da bildirilir ki, ailənin dünyasını dəyişən qızlardan başqa övladı olmayıb. Beləcə, bir ailə bir gecənin içində yox oldu. (Lent.az)

13:49

Xırdalanda qaldıqları mənzildə dəm qazından boğularaq ölən beş nəfərdən ikisinin kimliyi məlum olub. Bunlar Mələk Abbasova və Turanə Xəlilovadır. Onlar Xırdalanda yerləşən Humanitar Kollecin ikinci kurs tələbələridir. Qalan üç nəfərin kimliyi hələ açıqlanmır. Bununla belə məlum olub ki, ölənlərdən 4-ü Balakən, 1-i Cəlilabad rayonundandır. 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ölən tələbələrin cəsədləri morqa aparılıb. (Lent.az) 

13:22

Xırdalanda faciə baş verib.

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qadın dəm qazından boğularaq ölüb.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Faktla bağlı araşdırma aparılır. (APA)

13:02

Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Şəhərdəki evlərdən birində kirayə qalan 5 tələbə qız dəm qazından zəhərlənərək ölüb.

Hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Bu, dəm qazından hər gün insan ölümlərinin qeydə alındığı Azərbaycan üçün belə tükürpədici faciədir. Mənzildə dəm qazının hansı şəraitdə yarandığı da məlum deyil.

Xəbər yenilənəcək. (APA)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up