Hollandiyada saxlanılan türkiyəli nazir İstanbula qayıtdı – YENİLƏNİB

print
Hollandiya polisi Rotterdamda Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı saxlayıb.

Anadolu agentliyinin məlumatına görə, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya Rotterdama Almaniyadan avtomobillə gəlib.

Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı. Lakin polis ona mane olmaq üçün diplomatik missiyaya gedən bütün keçidləri və yolları bağlayıb. Hadisənin bundan sonra necə inkişaf edəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland tərəfinin qərarına sərt reaksiya verərək bu ölkənin hökumətini faşist adlandırıb. “İndi, bizim xarici işlər naziri ölkənizə buraxılmayandan sonra, sizin təyyarələr (diplomatlar) bizim ölkəyə necə enəcəklər?”, – deyə Ərdoğan Niderland hökumətinə sual edib.

Baş verən insidentlə bağlı Hollandiyanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə cağırılıb.

***

Türkiyənin hakimiyyət orqanları Niderlandın Ankaradakı səfirliyinin və İstanbuldakı baş konsulluğunun binalarına keçidləri təhlükəsizlik nöqteyi-nəzərindən bağlayıb. Bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya enməsinə icazə verilməməsi ilə əlaqədar atılıb.

Hollandiya hökumətinin bu qərarı Türkiyədə kəskin etirazlar doğurub. Rəsmi Ankara sərt cavab tədbirləri görəcəyini bildirib. Türkiyə XİN Niderland səfirinin məzuniyyətdən sonra geri dönməsini arzuedilməz elan edib.

Bir qədər əvvəl isə Hollandiya polisi Rotterdamda Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilini saxlayıb və onun konsulluğa getməsinə mane olub.

***

Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyanın Köln-Bonn hava limanından İstanbula yola düşüb. Nazir xüsusi təyyarə reysi ilə Türkiyəyə qayıdır.

Xatırladaq ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya avtomobillə Almaniyadan Rotterdama gəlmişdi.

Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı. Lakin polis diplomatik missiyaya gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olmuşdu.

Scroll Up