Home / Musiqi  / Eşitməsə də, hamının eşidə biləcəyi əsərlər yazıb

Eşitməsə də, hamının eşidə biləcəyi əsərlər yazıb

"Eşitmə qabiliyyətini itirənin musiqi duyumu ola bilərmi?". AZƏRTAC-ın müxbiri həmin sualla otolarinqoloq, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyevə müraciət edib. Həkim deyib: "Musiqi duyumu təkcə qulaqla deyil, həm də sümük keçiriciliyi vasitəsilə mümkündür. Əgər hissiyyat

“Eşitmə qabiliyyətini itirənin musiqi duyumu ola bilərmi?”. AZƏRTAC-ın müxbiri həmin sualla otolarinqoloq, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyevə müraciət edib. Həkim deyib: “Musiqi duyumu təkcə qulaqla deyil, həm də sümük keçiriciliyi vasitəsilə mümkündür. Əgər hissiyyat mərkəzi onu qəbul edirsə, deməli, qavrama və duyum ola bilər”.

Görünür ki, məşhur alman bəstəkarı Lüdviq van Bethovenin həyatında məhz belə olub…

1770-ci ildə Almaniyanın Bonn şəhərində dünyaya göz açan Bethoven musiqi tarixində özünə əbədi iz qoyan bəstəkarlardan biridir. Onun babası da saray musiqiçisi, peşəkar ifaçı olub. Atası İohan xorda oxusa da, tüfeyli həyat keçirib. Atası ailənin üçüncü övladı olan Lüdviqə piano və skripkada çalmağı öyrətmişdi, lakin o, skripkaya deyil, pianoya daha çox maraq göstərirdi.

17 yaşı olanda məşhur bəstəkar Motsart Vyanada onun improvizasiyalarına qulaq asaraq çox bəyənib. Lakin Lüdviq anasının vəfatı ilə əlaqədar geri qayıdıb. 1792-ci ildə o, ikinci dəfə Vyanaya üz tutub və ömrünün sonunadək həmin şəhərdə yaşayıb.

Lüdviq van Bethoven 1798-ci ildə qulaqlarında küy olmasından şikayətlənir, yüksək səs tonlarını ayırd edə bilmirdi.1802-ci ildə bəstəkar Hayligenştadta istirahətə yollansa da, bu, ona kömək etmir. Lüdviq özünə qəsd edərək həyatla vidalaşmaq istəyib, lakin az sonra fikrindən daşınıb. Qardaşlarına vəsiyyət məzmunlu məktublar yazıb: “Yanımda dayanan birinin uzaqdan fleyta səsini eşitməsi, mənimsə heç nəyi eşitməməyim çox çətindir. Kimsə uzaqdan çobanın oxumasını duyur, mənsə səsləri ayırd edə bilmirəm, bu, çox ağırdır”.

O, öz karlığını məharətlə gizlədə bilirdi, hətta söhbət zamanı qeyri-adekvat cavab verirdi. Əslində isə xəstəliyi çox ciddi idi, bəstəkar tinitdən (daxili qulağın iltihabı) əziyyət çəkirdi. Maraqlıdır ki, Bethoven bütün simfoniyalarını eşitməni itirəndən sonra bəstələyib.

Bəstəkar sətəlcəm və qarın yatalağı kimi xəstəliklərə də tutulmuşdu. 1826-cı ildə Qneyxendorfda istirahətdən qayıdandan sonra səhhəti daha da pisləşdi, qaraciyərindəki sirroz ağrılarından yataqdan qalxa bilmirdi. Bir il sonra 9 simfoniya, piano üçün 5, skripka üçün 1, piano və skripka üçün 1 konsert, 32 piano sonatası və 1 opera müəllifi olan böyük bəstəkar vəfat edərək Vahrinq qəbiristanlığında dəfn edilib. 1888-ci ildə isə onun nəşi Vyana Mərkəzi Məzarlığında onu çox sevən həmkarı Şubertin yanında torpağa tapşırılıb.

Bethovenin ölümü ilə əlaqədar müxtəlif versiyalar söylənilir. Deyilənə görə, onu öz həkimi zəhərləyərək öldürüb, lakin bu, bir qədər mübahisəlidir. Bəstəkarın saçları üzərində aparılan müayinələrdən sonra belə nəticəyə gəliblər ki, onun tüklərinin tərkibində qurğuşun həddindən çoxdur. Əslində Bethovenin həkiminin təyin etdiyi preparatların tərkibində qurğuşunun miqdarı cüzi idi. Onun qarın boşluğuna toplanan maye punksiya ediləndən sonra həmin nahiyəyə qurğuşun tərkibli məlhəm qoyulurdu. Lakin həkim onu nəzərə almırdı ki, artıq öz funksiyasını yerinə yetirə bilməyən qaraciyərə malik orqanizm üçün həmin miqdarda qurğuşun öldürücüdür. Əlbəttə, dəqiq nəticəyə gəlmək üçün bu sahədə çoxlu tədqiqatlar aparmaq lazımdır, amma əsas odur ki, fiziki sağlamlığı yerində olmayan, hətta karlıqdan əziyyət çəkən böyük istedad sahibi dünya musiqi xəzinəsinə bir-birindən gözəl incilər bəxş edib…

Print Friendly, PDF & Email
Review overview