Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı

print
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzada üç tələbə dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində 3 nəfər dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili açıqlamasında deyib ki, həlak olanlar SDU-nun tələbələridir:

“Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetinin, hələlik bildiyimiz qədər iki tələbəsi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib”. “Hal-hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya verəcəyik. Tələbələrimizin ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm. Allah rəhmət etsin!” — N. Cəlili bildirib. O bildirib ki, fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.

Scroll Up