Yel çərşənbəniz mübarək!

print
Xalq təqviminə uyğun olaraq, Boz ayın üçüncü çərşənbəsi “Külək çərşənbəsi” və ya “Yel çərşənbəsi” adlanır.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Asəf Orucov  müsahibəsində bildirib ki, Yel çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində bir neçə istiqamətdə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Həmin dövrdə əsən küləyə “vədə yeli” də deyilir.

“Vədə yeli ağ yeldir” deyib atalarımız. Küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını da bildirir. Qaraqoyunlu türklərində Cənubdan gələn yelə “ağ yel” deyərlər. Bu yel hər il fevral ayının sonunda əsər. Ağ yel isti külək olub qarları əridir. Bu yelin əsməsini xalq Novruzun gəlişi ilə bağlayır:

Əsdi vədə yeli yaz müjdəsiylə,

Qondu eyvanıma yenə qaranquş!

Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən “vədə küləyi” (yəni gözlənilən vaxtda əsən) adını alıb. Xalq arasında vədə yeli həm də “ələyəz yeli” (ələyəz ot adıdır) adlandırılır. Deyimə görə, ələyəz yeli qalxdı, artıq qar əriyər, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvanda sözü, fikri, əqidəsi bilinməyən adama belə deyirlər: ələyəz yelidir, hər tərəfə əyilir.

Digər bir deyimə görə, vədə yeli yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə kömək edər. Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri sayılır. Bu quşların gəlməsi ilə əsl yaz başlayar.

Xalq arasında belə bir deyim də var: Leylək deyər: “Təzə ildə gəlmərəm, köhnə ildə də qalmaram”. İnanca görə, leyləyə daş atmazlar, əgər atılarsa, küsüb gedər, yaz yubanar. Digər bir inanca görə, ilk gələn leyləyin dimdiyində ot görünürsə, bu, insanlar tərəfindən sevinclə qarşılanır. Leyləklə bağlı materiallara AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadənin tədqiqatlarında da rast gəlirik. Bununla bağlı müəllif qeyd edir ki, xalqın müşahidələrinə əsasən, yazın ilk əlaməti leyləyin qayıtmasıdır. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Bu, “leylək boranı” adlanır. Xalq arasında o da geniş yayılıb ki, gərək leyləyin yumurtasının üstünə qar yağa. Ümumən, leyləklər erkən qayıtdıqda öz köhnə yuvalarına dönürlər.

“Xalqın uzunmüddətli müşahidələrinə görə, quşların astral simvolika və feneoloji zaman hesablaması ilə əlaqəsi var. İnama görə, qartalın hərəkəti fəsillərin dəyişməsi ilə sıx bağlıdır. Qanadlarını bir dəfə çalanda yaz, iki dəfə çalanda qış gələr. Bundan əlavə, inama görə, cəhrəçi quşun görünməsi yazın gəlməsinə bir işarədir. Bu köçəri quşlar içərisində yazın carçısı qaranquşla durnanı xüsusi qeyd etmək olar. Bizim mifologiyamızda da hər iki quşun feneoloji zaman hesablaması ilə əlaqəsi var”, – deyə AMEA Naxçıvan Bölməsinin əməkdaşı qeyd edib.

Asəf Orucov deyib: “Yaz ilin elə bir dövrüdür ki, hər şey ondan asılıdır. Gərək hər işi vaxtında, vədəsində görəsən. Bir el söyləməsində deyildiyi kimi, hər şey vədəyə baxsa da, vədə heç nəyə baxmaz”.

Yel çərşənbəniz mübarək!

Scroll Up