Tolerantlıq Azərbaycan və Qazaxıstanın böyük nailiyyətidir

print
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayevlə görüş keçirib.

Görüş zamanı dini və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir R.Məmmədov Azərbaycanda və Qazaxıstanda insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarının əhəmiyyətinə diqqət çəkərək, bunu ölkələrimizin nailiyyəti adlandırıb.

Diplomat qeyd edib ki, Yaxın Şərq və Mərkəzi Asiya regionunun bəzi ölkələrində dini ekstremizm və terrorçuluq təzahürləri ilə müşayiət olunan münaqişələr regional təhlükəsizliyə mənfi təsir edir. Ona görə də iki tərəfdaş ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var.

Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı qarşı tərəfə ətraflı məlumat verilib.

R.Məmmədov qeyd edib ki, Azərbaycan və Qazaxıstan dini sahədə sıx əməkdaşlıq edir, dövlət qurumları və ictimai təşkilatların nümayəndələrinin fəal iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Müasir dünyada islamofobiya ciddi problemə çevrilib və ölkəmiz mövcud vəziyyəti dəyişmək üçün ciddi addımlar atmaqdadır. Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” elan edilib, “İslam Həmrəyliyi Oyunlarının” və digər beynəlxalq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Səfirin sözlərinə görə, Azərbaycan mədəniyyətlərarsı dialoq və multikulturalizmi dövlət siyasətinin prioriteti elan edərək bu istiqamətdə qlobal forumlara ev sahibliyi edir. Qazaxıstan da öz növbəsində dini qurum və konfessiyaların ənənəvi toplantılarını təşkil edir. Bütün bunlar ölkələrimizin sivilizasiyalar və dinlər arasında dialoqun qurulmasında həmrəyliyini nümayiş etdirir.

Qazaxıstanın Dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev isə bu il iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illik yubileyinin qeyd olunduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb.

O, bir neçə il əvvəl Azərbaycanda keçirilən Xəzəryanı Dövlətlərin Sammiti çərçivəsində Prezident Nursultan Nazarbayevin Bakıya səfəri zamanı onu müşayiət etdiyini xatırlayaraq, Azərbaycan paytaxtının onda xoş təəssürat oyatdığını qeyd edib.

Nazir həmçinin bildirib ki, ötən ilin noyabr ayında rəhbərlik etdiyi qurumun nümayəndə heyəti Bakıda keçirilən MDB ölkələri Gənclər Şurasının iclasında iştirak edib və ölkəmizin aidiyyəti dövlət qurumlarının rəhbərliyi ilə görüşlər keçirib. N.Yermekbayev təmsil etdiyi nazirliyin Azərbaycanın dini təşkilatları, vətəndaş cəmiyyəti və gənclərlə iş üzrə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

İkitərəfli görüş zamanı səfir R.Məmmədov qazaxıstanlı naziri Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən N.Yermekbayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı tərəfindən də dəvət aldığını və məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirib. Öz növbəsində N.Yermekbayev azərbaycanlı həmkarını da Qazaxıstana dəvət etdiyini diqqətə çatdırıb və Qazaxıstan tərəfinin bu səfəri yüksək səviyyədə təşkil etməyə hazır olduğunu vurğulayıb.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up