Home / Ədəbiyyat  / Şairin “müdrik”ləşməsi

Şairin “müdrik”ləşməsi

Şair Kəramət Böyükçöl atasından müsahibə götürüb. Yəni digər şair Qəşəm Nəcəfzadədən. İnsafən deyim ki, Kəramət atamdı deyib güzəştə getməyib. Atasını bir mühasib kimi sıxışdırmağa çalışıb. Nəticədə isə ortaya ənənəvi azərbaycanlı şairin portreti çıxıb. Kəramət müsahibəni şairdən

Şair Kəramət Böyükçöl atasından müsahibə götürüb. Yəni digər şair Qəşəm Nəcəfzadədən. İnsafən deyim ki, Kəramət atamdı deyib güzəştə getməyib. Atasını bir mühasib kimi sıxışdırmağa çalışıb. Nəticədə isə ortaya ənənəvi azərbaycanlı şairin portreti çıxıb.

Kəramət müsahibəni şairdən götürməyə çalışıb, amma Qəşəm Nəcəfzadə suallara şair kimi yox, həyatı anlamış, “müdrik” bir ata kimi cavab verib. Sorğu-sualı oxuyanda məndə ancaq bu təəssüratı oyatdı. Həm də elə bil evdə oturub ata-bala dərdləşirlər. Daha doğrusu atanın növbəti nəsihətnaməsi.510f9e2c468e34854e2dc317cc8f822f

Qəşəm müəllim cəmiyyətdə baş verən proseslərə qarşı duyarlı olan aydın vicdanını sakitləşdirmək üçün ancaq yaradıcılıqla məşğul olmağı məsləhət görür.

İçən şair və yazarları da iki yerə bölür. İmkansızları aşağılayır, varlılara tərif vurur. “Kasıb yeyib içərsə alkaş deyərlər, varlı yeyib içərsə, ona yeyib içən oğlan kimi baxarlar” anlayışı hakimdi. Ondan-bundan pul istəyib içən yazarları tənqid edir, qınayır ki, cibində pulu yoxdursa, niyə içib özünü biabır edir. Nisyə içmək ərdəmlik deyil falan. Üstəgəl haqlı olaraq vurğulayır ki, içib sərxoş olmaq dahilik əlaməti deyil. Amma vəzifədə olub imkanlı yazarların düt deyənə qədər içməyinə yaxşı baxır. “Pulu var içir, əcəb edir”.

Qəşəm Nəcəfzadə yaş ötdükcə müdrikləşdiyini xüsusi olaraq qeyd edir. Bunu da yaxşı ata, ailə başçısı ola bilməklə ölçür. Gənc ikən yoldaşlarıyla yeyib içəndə belə evə tez getməyə çalışırdı ki, körpə Kəramətlə oynasın. Yoldaşları da onun bu xasiyyətini bilirdilər və nəzərə alırdılar.

Ziyalı anlayışının psevdo izahını verdikdən sonra “bu günün ziyalısı siyasətə qarışmalıdırmı” sualına da psevdoehtiyatlılıqla cavab verib. Deyib ki, ziyalı öncə əxlaqlı olmalıdı. Necə əxlaqlı, bax onu açıqlamayıb. Maraqlı olardı bilmək.

Qəşəm müəllim fəxri ad intizarında olduğunu da gizlətməyib. Üstəlik qeyd edib ki, kim ki fəxri adı pisləyirsə, demək ən birinci həmin kəslər arzusundadı. Nəcəfzadənin bütün şair, ziyalı kimliyinin açarı məncə elə bu nüansdadı. O dəyəri oxucudan gözləmir, əlahəzrət dövlətdən umur.

O təkcə kövrək hisslərin tərənnümçüsü yox, həm də evi dolandırmalı olan atadır. İlhama gəlib özü demiş ancaq yaradıcılıqla məşğul olmaqla yanaşı evin N qədər qayğısının da altından çıxmalıdır. İlham-ev dilemmasının gözlərini taraz tutmaq isə hər yazarın bacardığı iş deyil. Kənardan gəlirin olmalıdı ki, yaradıcılığına təsir etməsin, ya da həvəskar səviyyədə olmalısan. Həvəskar o anlamda ki, çörəyə görə qələmini sağa sola fırlamayasan.

Qəşəm Nəcəfzadənin müsahibəsi məndə həm də belə fikir yaratdı ki, gəncliyində belə üsyankar olmayıb. İmkansızlığın yaratdığı qəzəb olub sadəcə. İllər keçdikcə də bu qəzəb soyuyaraq yerinə “hər şeyin yerini bilən” adama keçib. Yəni azərbaycanlı müdrikliyi. Cəmiyyəti narahat edən problemlərin qarşısında əbədi susqunluq, havanı yaxşıca “iyləmə” qabiliyyəti, ictimai-siyasi dəyişikliyi böyük həssaslıqla duya bilmək, böyük-kiçik yeri bilmə və s. Bu müdrikliyin içində Hüseynbala Mirələmov haqqında kitab yazmaq var.

Qəşəm Nəcəfzadənin yaradıcılığıyla tanışlığım yoxdu. Ümumiyyətlə şeirlə aram o qədər də yaxşı deyil. Arada rastıma çıxsa, kimsə məsləhət görsə və özü canlı səsləndirsə, xəbərim olur. Nəcəfzadənin ola bilər yaxşı şeirləri var. Lakin bu müsahibəylə o göstərdi ki, ancaq Azərbaycan səviyyəsində aydındır. Lakin bu aydınlığı da “müdrik”ləşir.

Image result for rəşad babalı

Rəşad Babalı

Print Friendly, PDF & Email
Review overview