Home / Ədəbiyyat  / Cavidan: Soyuq – şeir

Cavidan: Soyuq – şeir

Soyuq Şeir   Soyuq, sopsoyuq şəhərdəyəm indi, Günəşdən sonra orda-burda işıldayan küknar bəzəkləri, küləyin gətirdiyi mavi-boz dəniz nəfəsi, köhnə, Sovetdənqalma heykəlin yanında oynayan uşaqlar, sınıq araq şüşəsi, arvadı cavan ölmüş ortayaşlı kişinin kədərli siqareti, yolu keçən saçıyanmış yava qadın, buludlar var bir də. Saçlarımı yandırıb yava qadın cürətiylə yanaşmaq istəyirəm ortayaşlı kişiyə, “siqaretiniz olmaz, cənab?” pıçıltısıyla kədərini

Soyuq

Şeir

 

Soyuq, sopsoyuq şəhərdəyəm indi,
Günəşdən sonra
orda-burda işıldayan küknar bəzəkləri,
küləyin gətirdiyi
mavi-boz dəniz nəfəsi,
köhnə,
Sovetdənqalma
heykəlin yanında oynayan uşaqlar,
sınıq araq şüşəsi,
arvadı cavan ölmüş
ortayaşlı kişinin kədərli siqareti,
yolu keçən saçıyanmış yava qadın,
buludlar var bir də.

Saçlarımı yandırıb
yava qadın cürətiylə
yanaşmaq istəyirəm
ortayaşlı kişiyə,
“siqaretiniz olmaz, cənab?”
pıçıltısıyla
kədərini alıb
sinəmə çəkmək keçir ürəyimdən,
ölmək istəyirəm
ölmüş arvadının əvəzinə,
ğülümsəsin təki.

Bir də,
bir də ki
heykəlin yanında oynayan uşaqlara
Sovetdənqalma
qəhrəmanlıq nağılları danışmaq istəyirəm,
yaxındakı evin pəncərəsindən
anaları çağırmamış.

Soyuqdu şəhər, soyuqdu,
közərən siqaretlər isitmir adamları,
işıldayan bəzəklərsə küknarları.

Hardasan?
Zəng etsənə!
Azıram, yolları qarışdırıram,
vurnuxuram ora-bura…
Aha!
Diksinirəm qatar səsinə,
hardasa yaxınlıqda vağzal olmalı, xatırlayıram.
Getmək lazım bu şəhərdən,
getmək lazım,
elə sabah səhərdən…

Cavi Dan

Print Friendly, PDF & Email
Review overview