Üzərində məşhur rəssamların şedevrləri olan açıqcalar, əlfəcinlər, maqnitlər, dünya mədəniyyəti və incəsənəti haqqında kitablar, broşuralar, əl işi olan çantalar, zinət və bəzək əşyaları xarici ölkələrdən gətirilən xoş hədiyyələrdəndir. Azərbaycan muzeylərində belə mağazalar fəaliyyət göstərirmi?

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva buro247.az saytına bildirdi ki, Bakıda mərkəzi muzeylərin bir çoxunda belə obyektlər var: “Muzey Mərkəzində, Dövlət İncəsənət muzeyində, o cümlədən ev muzeylərində müəyyən suvenirlərin satıldığı köşklər fəaliyyət göstərir”. Muzey rəsmisinin sözlərinə görə, Bakıda beynəlxalq müsabiqə və tədbirlərin keçirilməsilə əlaqədar olaraq ölkəyə turist axınını nəzərə alan nazirlik yaxın illərdə bu kimi mağazaların sayının artırılmasını planlaşdırır.

2009-cu ildən fəaliyyət göstərən Bakı Müasir İncəsənət muzeyi şəhər sakinlərinin və turistlərin ən çox üz tutduğu mədəniyyət müəssisələri sırasındadır. Muzeydə əsasən avanqard tərzdə işləyən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanov kimi azərbaycanlı rəssam və heykəltəraşların, eləcə də Pablo Pikasso, Kamil Pissarro, Mark Şaqal, Salvador Dalinin əsərləri qorunub saxlanılır. Muzeyin dizaynının ideya müəllifi rəssam Altay Sadıqzadədir. Burada insanların asudə vaxtlarını keçirmək üçün kitabxana, uşaq incəsənəti zalı, restoran, videozal və art-kafe fəaliyyət göstərir.

Bakının hansı muzeylərində mağazalar var?

Muzeyin kitabxanasında həm Azərbaycan, həm də dünya incəsənətinin görkəmli nümayəndələrinin yaradıcılığına, incəsənət cərəyanlarına həsr olunmuş kitabların satışı, bukletlər və üzərində muzeyin loqosunun əks olunduğu simvolik ikonların satışı həyata keçirilir. Muzeydən buro247.az saytına bildirdilər ki, qarşıdakı illərdə muzeyin daxilində mağazanın açılması planlaşdırılır. İncəsənətə aid kitablarla maraqlananlar burada Ermitaj və Luvr kimi muzeylərin kitabların, ensiklopediyalar, memarlıq və dizayna aid nəşrlər tapa bilərlər. Tələbələrə isə onları maraqlandıran kitabları elə kitabxanada oxumaq şəraiti yaradılır. Bunun üçün muzeyə giriş bileti almaq kifayətdir.

Azərbaycan Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Fuad Rəsulov isə bildirdi ki, muzeyin giriş hissəsində alış-veriş köşəsi fəaliyyət göstərir, burada suvenir xalçalar, milli geyimlər, aksessuarlar, maqnitlər satışdadır. Kitabların arasında Azərbaycan xalçaçılığına dair əsərlər var.

Bakının hansı muzeylərində mağazalar var?

Müasir Bakının rəmzlərindən biri sayılan Heydər Əliyev Mərkəzi turistlərin ziyarət etdiyi məkanlar sırasında ilk yerlərdədir. Mərkəzdə fəaliyyət göstərən mağazada kitablar, mərkəzdə keçirilən sərgilərin kataloqları və mərkəzə aid müxtəlif suvenirlər satılır. Mağaza həftənin çərşənbə axşamı-cümə günləri saat 11:00-dan 18:00-dək, şənbə və bazar günləri isə 11:00-dan 17:00-dək ziyarətçilərin üzünə açıqdır.

Bakının hansı muzeylərində mağazalar var?

Bakı sakinlərinə və şəhərimizin qonaqlarına orijinal suvenirlər təklif edən daha bir yerYARAT Müasir İncəsənət Mərkəzidir. Bayıl qəsəbəsində yerləşən mərkəzdə incəsənət haqqında kitablardan başqa, siz həm də üzərində yerli rəssamların əsərlərinin əks olunduğu futbolkalar əldə edə bilərsiniz.

Bakının hansı muzeylərində mağazalar var?

Ümid edirik ki, yaxın illərdə Bakı ilə yanaşı, Azərbaycanın bütün muzeylərində mağazalar fəaliyyətə başlayacaq.