Home / Cəmiyyət  / Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda 652 nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Komitədən verilən açıqlamaya görə, itkin düşən şəxslərin 100-ü 14-18 yaşadək uşaqlar olub. Məlumatda bildirilir ki, ötən illərlə müqayisədə 14-18 yaşadək uşaqların itkin

Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda 652 nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Komitədən verilən açıqlamaya görə, itkin düşən şəxslərin 100-ü 14-18 yaşadək uşaqlar olub.
Məlumatda bildirilir ki, ötən illərlə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları azalıb. Əgər 2000-ci ildə Azərbaycanda 14-18 yaşadək 234 uşaq itkin düşmüşdüsə, 2013-cü ildə belə uşaqların sayı 141, 2014-cü ildə 128 olub.
Əslində, kifayət qədər böyük olan bu rəqəm il ərzində 600-dən çox insanın, o cümlədən 100 azyaşlının hara getməsi ilə bağlı sualları ortaya qoyur. Bəs azyaşlıların itkin düşməsinə səbəb nədir və aidiyyatı orqanlar itkinlərin tapılması üçün hansı işləri görürlər?
Problemdən çıxış yolu – evdən qaçış
Ekpertlər problemin kökünü cəmiyyətdəki gərginlikdə axtarır. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, məhz cəmiyyətdəki gərginlik ailələrə çox ciddi təsir edir və daha çox belə hallara problemli ailələrdə rast gəlinir:
“Azərbaycan ailəsi tarixdə heç vaxt indiki qədər gərgin olmayıb. Kasıb olub, xəstəliklər, müharibələr olub, amma ailənin tərkibində onu ailə kimi saxlayan qüvvələr olub. Əgər ailə gərgin olursa, cəmiyyət də gərginləşir. Bu zaman ora müdaxilə etmək, nizam-intizam yaratmaq da çətin olur. Ailədə, məktəbdə, cəmiyyətdə eyni zamanda gərginliklər baş verir. Bu zaman uşaqların bəzisi özü ailədən baş götürüb qaçır. Bəzən cəmiyyət burulğan kimi onları çəkib aparır”.
Ekspertin sözlərinə görə, azyaşlıların itkin düşmələri ilə bağlı halların qarşısını almaq üçün elmin imkanlarından istifadə etmək lazımdır:
“Ailə institutu ilə bağlı, uşaqların tərbiyəsi ilə bağlı ortada elmi fəaliyyət proqramımız olmalıdır. Bu zaman müəyyən oluna bilər ki, qanunvericilik orqanları nə etməlidirlər, hansı inzibati tədbirlər görülə bilər, maarifləndirmə necə aparılmalıdır, ailələrlə necə işləmək lazımdır. Heç kim elmi əsaslarla proqram hazırlamaq istəmir. Dəfələrlə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təklif etmişəm ki, bu sahədə elmi olaraq işlər görülsün. Amma burada gərək həqiqi elmi mütəxəsisslər olsun. Çünki ailə və uşaqlarla bağlı xeyli problemlər var. Müvafiq qurumlar ciddi əsaslarla işlər görülməlidir. Hələ ki, ortada nəticə yoxdur”.
DİN: 100 yox, 16 azyaşlı itkin düşüb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org-a açıqlamasında bu məlumatın yanlış olduğunu dedi. Onun sözlərinə görə, bu rəqəmlərda ya Statistika Komitəsi səhv edib, ya da məlumatı yayan agentlik:
“Ötən il Respublika üzrə xəbərsiz itkin düşən 887 nəfər daxili işlər orqanları tərəfindən axtarılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində onlardan 652 nəfəri tapılaraq ailələrinə təhvil verilib. Qalan 235 nəfərin axtarışı isə davam etdirilir. Amma bu 235 nəfər axtarışda olan şəxslərin 70-80%-i keçmiş illərdə itkin düşən şəxslərdir. Buna baxmayaraq onların axtarışları davam etdirilir. Yəni yayılan məlumatlarda hansısa yanlışlıq olub”.
E.Zahidovun sözlərinə görə, ötən il axtarışda olan 887 nəfərdən 116 nəfəriyetkinlik yaşına çatmamış uşaqlar olub ki, bunlardan 100-ü tapılıb. Hazırda axtarışda olan 235 nəfər arasında itkin düşən 16 azyaşlı var.
E.Zahidovun sözlərinə görə, itkin düşən azyaşlıların hara yoxa çıxmasına gəlincə, bununla bağlı yalnız ehtimallar səsləndirmək olar. Yəni bəziləri valideynindən xəbərsiz dənizə gedir və suda batır. Bəzən olur ki, qız kiməsə qoşulub başqa ölkəyə qaçır. Və ya uşaq xəbərsiz qohumunun evinə gedir və bundan təşvişə düşən valideyn də 112 xidmətinə zəng vurur. İtkin düşən uşaqların əksəriyyəti yaxın bir-iki gün ərzində polis tərəfindən tapılır, amma qeydiyyata düşdüyünə görə bu statistikada öz əksini tapır.
Dövlət Komitəsi hələ statistikanı araşdırır
Ailə, Qadın, Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsindən isə virtualaz.org-a bildirdilər ki, Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı statistikanı əldə etmək üçün müvafiq orqanlara sorğu göndərilib. Komitədən bu statistika olmadan belə halların qarşısının alınması ilə bağlı hansı tədbirlərin görüldüyünü deyə bilmədilər:
“Azərbaycanda itkin düşən uşaqların sayı ilə bağlı müvafiq orqanlara sorğu göndərmişik. Çünki bununla təkcə statistika komitəsi məğul olmur, həm də Daxili İşlər Nazirliyi və digər qurumlar da araşdırma aparırlar. Əlimizdə dəqiq statistika olmadığından bu barədə heç nə deyə bilmərik. Belə halların qarşısının alınması ilə bağlı hansı tədbirlərin görülməsi, analizlərin aparılması mümkün deyil”.
POST TAGS:
Review overview