Home / İdman  / Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə çıxdı

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə çıxdı

İyulun 20-də Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib. Ağdam təmsilçisi səfərdə “Jos Nosbaum” stadionunda Lüksemburqun “F91 Düdelanj” komandasının qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 36-cı dəqiqəsində “Qarabağ”ın qapısına

İyulun 20-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib.

Ağdam təmsilçisi səfərdə “Jos Nosbaum” stadionunda Lüksemburqun “F91 Düdelanj” komandasının qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 36-cı dəqiqəsində “Qarabağ”ın qapısına təyin olunmuş penalti zərbəsini dəf edən İbrahim Şehiç rəqib komandanın hesabı açmasına imkan verməyib. Komandaların cəhdlərinə baxmayaraq, ilk hissədə hesab açılmayıb.

Görüşün 76-cı dəqiqəsində “F91 Düdelanj” komandasının futbolçusu Momar Ndiaye hesabı açıb. Matçın əsas vaxtına əlavə olunan hissənin sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Reynaldo bərabərlik topunu vurub. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.


İyulun 20-də Gəncənin “Kəpəz” futbol komandası UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

“Kəpəz” komandası “Dalğa Arena”da Avstriyanın “Admira” klubunu qəbul edib.

“Kəpəz”in start heyətində Tadas Simaytis, Kərim Diniyev, Vüqar Bəybalayev, Dario Junior, Şəhriyar Rəhimov, Nicat Qurbanov, Tural Axundov, Şəhriyar Əliyev, Renan Alveş. Serjinyu və Jülen Eba yer alıblar.

Avstriya təmsilçisinin ilk onbirliyində isə meydana Yorq Zibenhandl, Ştefan Tsvirşiç, Tomas Ebner, Markus Lakner, Maksimilian Saks, Kristof Knasmüllner, Daniel Tot, Dominik Starkl, Markus Paviç, Markus Vostri və Eldis Bayrami çıxıblar.

Rusiyalı baş hakim Vitali Meşkovun idarə etdiyi matçın birinci hissəsinə daha fəal başlayan Avstriya təmsilçisi görüşün 17-ci dəqiqəsində istəyinə nail olub. “Admira”nın futbolçusu Kristof Knasmüllner hesabı açıb. Hissənin sonunadək hər iki komanda qol vurmağa çalışsa da, top qapıdan keçməyib.

İkinci hissədə də “Admira” üstünlüyü ilə seçilib. Görüşün 76-cı dəqiqəsində “Admira”nın futbolçusu Patrik Şmidt ikinci topu “Kəpəz”in qapısından keçirib. Beləliklə, görüş 2:0 hesabı ilə “Admira”nın xeyrinə başa çatıb.

Komandalar arasında bir həftə əvvəl Avstriyada keçirilən oyunda “Kəpəz” komandası 0:1 hesabı ilə uduzmuşdu. İki oyunun nəticəsinə görə, “Kəpəz” UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Gəncə təmsilçisi birinci mərhələdə Moldovanın “Daçia” komandasını yarışdan kənarlaşdırmışdı.

“Admira” növbəti mərhələdə Çexiyanın “Slovan” (Liberets) komandası ilə üz-üzə gələcək.

Review overview