Home / Səyahət  / Saza beşik quran Borçalının yavrusu – Kəpənəkçi

Saza beşik quran Borçalının yavrusu – Kəpənəkçi

Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarım! Niyəsə Kəpənəkçi adını dilə gətirəndə, bu ad, sazımızın Urfanı havası kimi mənim ürəyimdə həmişə həyəcan doğurur. Körpəliyimə şirin vüsal bağışlayan laylalarım burada çalındığına görəmi, ömrümə məna, məzmun gətirən çayların, meşələrin, dağların

Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarım!
Niyəsə Kəpənəkçi adını dilə gətirəndə, bu ad, sazımızın Urfanı havası kimi mənim ürəyimdə həmişə həyəcan doğurur. Körpəliyimə şirin vüsal bağışlayan laylalarım burada çalındığına görəmi, ömrümə məna, məzmun gətirən çayların, meşələrin, dağların əsrarəngiz gözəlliyinə şahidlik elədiyinə görəmi, Ulu Türkün qutsal harayı olan saza beşik quran Borçalının yavrusu olduğuna görəmi – Kəpənəkçi adı doğmadır ürəyimə, sevincimə.


Hər zaman bu yurda üz tutanda içimdə vüsal deyil, həsrət sevinir, könlümə könüldaş istəyəndə həsrət ayağa durur.
Toy-busatlı, dağlı-aranlı xatirələrin, yaylaqlı günlərin nisgili içimdə şeiriyyətə çevrilir.
Həsrətimin şeiriyyəti ilə dağları qucmaq istəyirəm.
Ozan babalarım kimi sazı köksümə sıxıb ev-ev gəzmək – doğmalaşmaq, halallaşmaq istəyirəm yurdumun dünəniylə, bugünüylə, sabahıyla.
Baş-başa, göz-gözə, ürək-ürəyə söykənmək istəyirəm hikmətli ağsaqqalların, sevdalı gənclərin dünyasında elimin şərəfiylə.
Yol olmaq istəyirəm yurdumun başına dolanan. İstəyirəm sevdalı ürəklər mənim köksümdən keçib qutsal Sabaha yol başlasınlar.
Öz boyasını, öz boyunu, öz xislətini öyən sözə, yadlığa qarşı döyüşkən ruha bənzəmək istəyirəm – yurdumun sədaqətli yavrusu kimi.
Belə, istəkli yurddaşlarım! Borçalının bu gözəl yurdunda adam şair olmaq, ozan olmaq sevdasıyla yaşayır. Həm də bu diləklər bizə ulu yurdumuz Böyük Azərbaycan-Türkelin burada ləyaqətini dərk eləmək sorumluluğu (məsuliyyəti) tapşırır. Hər bir soy, el, elat böyük ulusa – etnosa bağlıdır. Nəyimiz varsa, Ulusdan gəlir, nə yaradırıqsa, Ulusa veririk. Bu bizim aqibətimizin yönüdür.
Bizim köyümüz (kəndimiz) Borçalının bir parçasıdır. Borçalı yalnız bu gün coğrafi cəhətdən Azərbaycan-Türkelin ərazisi sayılmır. Ancaq Borçalının nəyi varsa – tarixi, gələnəkləri, dili, sazı, mənliyi – Türkə, Türkelə bağlıdır. Biz özümüzü yadların torpağında duymamalıyıq, əzəli yurdumuzda yaşayırıq. Doğrudur, Kəpənəkçi bir köy olaraq çox da uzaq keçmişdə salınmayıb. Ancaq biz buraya – öz böyük yurdumuz Azərbaycanın bir parçasına başqa bir parçasından gəlmişik. Siyasal istəklərlə tarixi yanlış sunanlar (təhrif edənlər) bizim varlığımızı saxtakarlıqların altında danmaq istəyirlər, ən azı gizləməyə çalışırlar. Həqiqət isə işıqdır, onu qaranlıqda gizləmək olmaz. Bizi qaranlıqda azdırmaq çabaları tamamilə mənasız çabalardır. Tarix yalnız həqiqətlə doğrula bilir. Xalqlararası münasibətlər də həqiqət üzərində qurula bilər. Yalnız bu halda xalqlar gözəl olar, dəyərlər yarada bilərlər. Bir xalq başqa xalqın danılması üzərində əsilləşə bilməz, bəşərilik məzmununda öz təsdiqini tapa bilməz. Bu səbəbdən də Borçalıların, eləcə də Kəpənəkçililərin bədbin yaşamalarına, özlərini gözü kölgəli saymalarına heç bir əsas yoxdur. Yalan söhbətdir ki, Borçalılar indiki yurdlarına XI-XIII yüzillərdə gəliblər. XI-XIII yüzillərdə Borçalıya gələn Səlcuqlar (ulu babalarımız olan türklər) öz ata-baba yurdlarına, doğmalarının yanına gəliblər. Əgər bu “sonradan gəlmə” deyimini biz doğru saysaq, onda məntiqli bir sorğu yaranır: – Bəs o çağa kimi Borçalı kimin yurdu olub? Axı o çağlar orada nə ruslar olub, nə də rusların etkisi. Gürcüstana qalanda isə, Borçalı yalnız bir dəfə gürcü çarlığının inzibati yönətiçiliyinə (idarəçiliyinə) qatılıb – milad günsırasıyla (təqvimiylə) 1736-cı ildə Azərbaycan hökmdarı Nadir şah tərəfindən. Bununla da, Nadir şah bizim tariximizdə çox ciddi bir suç işlədib. Vətənin bir parçasını gürcü çarlığının inzibati yönəticiliyinə tapşırmaq böyük yanlışlıq idi! Bu gün Borçalı məsələsi Azərbaycan üçün qapanmış məsələ deyil, açıq məsələdir.
Beləliklə, aydınlaşır ki, Borçalı kimi böyük bir yer, tarixdə 11 rayondan oluşan bir mahal – Gümrü (Leninakan), Calaloğlu (Stepanavan), Daşlı (Kalinino), Başkeçid (Dmanisi), Bolus (Bolnisi), Borçalı (Marneuli), Ağbulaq (Tetriskaro), Barmaqsız (Zalqa), Qaratəpə-Qarayazı (Qardabani), Boranlı (Noenbryan), Qaracayurdu (Saqaredco) əzəli türk yurdlarıdır.
Başqa bir yandan, adın mənası da Borçalının qədim türk yurdu olduğunu sübutlayır. “Borçalı” iki sözün birləşməsindən oluşub – börü və çala. Börü – qədim türklərin qurda, canavara dediyi söz, çala isə yuva anlamındadır. Yəni qurd yuvası. Bu isə qədim türklərin totemçiliyi – bozqurdçuluğu ilə bağlıdır. Doğrudur, bu gün də bizim ayrı-ayrı yerlərimiz qurd adı daşıyır. Məsələn, Qurddar. Kəndin tarixi XVII yüzillə bağlı olsa da, ayrı-ayrı adlar qədimə bağlanır. Bu isə o demək deyil ki, Borçalı sözü də sonradan yarana bilər. Adından göründüyü kimi Qurddar adındakı qurd sözü çağdaş sözdür. Börü isə qədim sözdür. Son yüzillərdə heç kim heç yerə Börü adı qoymayıb. Borçalı min illər öncə yaranan sözdür və çox qədimdə qoyulan bir addır.
Bu yazıda bizim nə Borçalının bütöv tarixini, nə də türkün totemçilik tarixini araşdırmaq fikrimiz yoxdur. Vurğuladığımız tarix faktları haqqında ayrı-ayrı yazılı qaynaqlar var. Bu yazı köyümüzün salınma çağına bağlı bilgiləri yeni, doğma bir baxışla öyrənmək və sunmaq (təqdim eləmək) məqsədi daşıyır. Borçalı ilə bağlı bəzi bilgilərə isə ona görə üz tutduq ki, oxucuda çaşğınlıq yaranmasın. Yəni Borçalı əzəli türk yurdudur, onun tarixi miladdan öncəki VI yüzildən o yana soraq verirr. Əlavə eləmək yerinə düşər ki, coğrafi əraziləri totemik adlandırmalar da, əsasən miladdan öncəki yüzillər üçün səciyyəvidir. Onu da vurğulamaq istəyirik ki, bizim toxunduğumuz bu məsələlər tarixi həqiqətləri bilmək və bildirmək istəyimizdən doğur, heç kimə qarşı düşmənçiliyə, yağılığa çağırmırıq. Biz gürcülərlə türklərin sağlam münasibət qurmasının, həqiqəti ləyaqətlə boynuna almasının (etiraf etmələrinin) yanlısıyıq. Tarixi adlarımızı, köylərimizin adlarını qondarma biçimdə gürcüləşdirmək çabaları, özünü zor üstündə qorumaq anlamsızlığıdır. Ayrı-ayrı çağlarda bilimli, aydın (ziyalı) insanları işsiz qoymaq, onlara ayrı-ayrı yönlərdən basqılar göstərməklə Borçalıdan uzaqlaşdırmaq, Borçalını aydınsız qoymaq, onu ələbaxan (“qara”) işçi qüvvəyə çevirmək meyilləri həqiqəti axıra qədər ört-basdır edə bilməyəcək. İndinin özündə belə antihumanist siyasət yürütməklə gizli təbliğatlar aparılır ki, guya Borçalını Göyçənin aqibəti gözləyir. Bizə görə bunun heç bir əsası yoxdur. Türksüz Ermənistan niyyətinin türksüz Gürcüstan variantı bir neçə səbəbdən mümkün deyil. Birincisi gürcülər öz ölkələrində “ada”dırlar. Abxaziya, Osetiya, Acarıstan, Borçalı kimi muxtar toplumlarla yörələniblər. Yalnız gürcülərdən oluşan Gürcüstan meyli baş qaldıra bilməz. Başqa bir yandan, gürcü özünü yörələndiyi (əhatə olunduğu) Türk Dünyasına qarşı qoymaqla məhv ola bilər. O buna getməyəcək. Ermənini Türk Dünyasına qarşı ingilislər, fransızlar, ruslar qoyurlar. Türkiyə ilə Azərbaycanın arasında Azərbaycan torpaqları hesabına Ermənistan yaradan həmin məkrli dövlətlər hələ ki, Ermənistanın arxasında dayanırlar. Erməninin başqa yolu qalmayıb. O ya ləğv olmalıdır, ya da özünün oyuncaq funksiyasını yerinə yetirməlidir. Təki Azərbaycanla Türkiyənin birliyi möhkəmlənməsin. Bu isə ona görədir ki, Türk Dünyasının qüdrətindən qorxurlar. Biz Türk Dünyasını heç bir xalqa qarşı qoymuruq, öz ləyaqətini qorumasını istəyirik. Ancaq bu cür gedişlə biz erməninin sabahını görmürük. Məkrli qüvvələrin əlində oyuncağa çevrilmək sabahsızlıqdır. Gürcülər öz sabahlarını uçurmaq istəməyəcəklər. Bu dediklərimiz sadəcə bir siyasal təskinlik deyil. Biz balaca bir Borçalı deyilik, üç yüz milyonluq türk dənizinin bir parçasıyıq. Özümüzü ümumtürk varlığının bir parçası kimi dərk etməliyik.

xxx

İndi qayıdaq Kəpənəkçi məsələsinə. Bir vaxtlar gözəl gələnəklər vardı. Babalar nəvələrə öz babaları haqqında danışardılar. Bunu danışmağa da, dinləməyə də böyük həvəs vardı. Bir soyun (nəslin) tarixi şifahi şəkildə yaddaşlardan yaddaşlara ötürülürdü. Gələnəksəl olaraq tarix bir neçə yöndə araşdırılır: yaddaşlardan öyrənməklə, maddi dəlillər əsasında araşdırmalar (tədqiqatlar) aparmaqla, söz yox, yazılı qaynaqlara üz tutmaqla. (Başqa bilim yönləri də var: antropologiyanın, etnoqrafiyanın və b.k. köməklikləri ilə. Bu cür geniş araşdırma tarix institutlarının işidir. Biz bu balaca oçerkdə onları edə bilmərik).

Qurddarda yerləşən Nazlı (Yazılı) Kilsə

Bu gün biz, Kəpənəkçi olaraq, bu olanaqların hər birini itirməkdəyik. Gənclik başqa meyillərə köklənir, babalar yaddaşlarında olanları özləri ilə sonevə (qəbrə) aparırlar. Yazı səviyyəsi ilə ciddi uğraşılmır, maddi qaynaqlar isə bizə qarşı olan qüvvələr tərəfindən, harda imkan düşür, orada dəyişdirilir, saxtalaşdırılır. Ola bilər, bizdən öncə, kimlərsə qeydlər aparmış, Kəpənəkçi ilə bağlı ayrı-ayrı faktları yazıya almışdır. Ancaq biz buna üzdə rast gəlmirik. Odur ki, el ağsaqqallarının, ayrı-ayrı eyitimli (təhsilli) adamların yaddaşlarındakı bilgiləri yazıya götürmək istəyimizi ortaya qoyduq. Bizim bu yazımız bilim baxımından (elmi cəhətdən) əsaslı bir tarix deyil. Biz sadəcə istədik ki, el ağsaqqallarının yaddaşlarında olanları torpağa gömülməkdən qoruyaq, elimizin gənclərinə ərmağan edək. Həm də razılaşmaq olar ki, el ağsaqqallarının, dünyagörmüş qocaların yaddaşları da öz-özlüyündə gözəl bir tarixdir. Bəlkə bunlar gələcəkdə daha geniş araşdırma aparmaq istəyənlər üçün gərəkli oldu.
Beləliklə, milad günsırası ilə 14 fevral 2005-ci il tarixində Kəpənəkçi ilə bağlı ayrı-ayrı bilgilər toplamaq haqqında qərara gəldik. İlk olaraq Kəpənəkçidə böyüklü-kiçikli bütün soyların (nəsillərin) adsırasını (siyahısını) tərtib elədik. Bu işdə Talıblı Qara Asdan oğlunun və onun qadını Cahan Hümbət qızının köməyi başlanğıc oldu. Bizim işimizə adı çəkilən adamların böyük həvəs və maraq göstərməsi məsələnin çözülməsinə (həllinə) başlamağı xeyli yeyinləndirdi. Bu adamlar tərtib elədiyimiz adsırada hər bir soy haqqında bilgi əldə eləmək üçün üz tutulmalı adamların adlarını da dedilər. Biz Kəpənəkçidə olan bütün soyların adsırasını yazdıq. Ancaq bizi düşündürən məsələ, yalnız bir sıra köklü soylar haqqında bilgilər tapmaq idi. Başqa sözlə, Kəpənəkçinin yurdsalma (məskunlaşma) tarixini bilmək üçün onun bünövrəsini qoyan soyların nümayəndələri ilə görüşmək daha önəmli idi. Biz də önəm verdiyimiz məsələdən başladıq. Söz yox, bütün soyları bir-bir öyrənmək gərəklidir. Biz əminik ki, bu əməl bizim addımımızla sınırlanmayacaq (məhdudlaşmayacaq), dəyərli oğullar həmişə bu cür axtarışlara üz tutacaqlar.
Biz öz elimizin boynuna minnət qoymaq fikrində deyilik. Bu bizim üçün ayıb olar. Ancaq bildirməliyik ki, ayrı-ayrı bilgili adamları tapmaq olduqca çətindir. Vaxtımızın azlığı da bu çətinliyin üstünə çətinlik gətirir. Həm də biz bir bölgənin qayğısı ilə deyil, ümumazərbaycan qayğıları ilə yaşayırıq. Diləyimiz odur ki, heç olmasa, hər 50 ildən bir bu gələnək daha yüksək səviyyədə davam etdirilsin.

xxx

15 fevral 2005-ci il tarixdən başladıq, necə deyərlər, təğyiri-libas olub ev-ev soraqlamağa. İşimizin ikinci günündə Talıblı Hamlet Abbas oğlu ilə, sonrakı günlərdə isə Talıblı Yaşar Əmirasdan oğlu ilə Kəpənəkçini bu başdan o başa gəzib dolaşdıq. Bu gənclər səhərdən axşamadək, böyük həvəs və sevgi ilə bu işdə bizə bələdçilik etdilər. Onların bu işə umacaqsız (təmənnasız) sevgiləri ləyaqət göstəricisidir. El qarşısında üzləri həmişə ağ olsun!

İndiki çağda Kəpənəkçi aşağıdakı soylardan oluşur (ibarətdir): Talıblı (Talıbovlar), Turablı (Turabovlar), Zərgəralılı (Zərgərovlar), Məmmədli (Məmmədovlar), Mehdili (Mehdiyevlər), Saraclıöyü (Saraclıyevlər), Hacıməmmədlilər (Məmmədovlar), Əyyublu (Əyyubovlar), İmdadöyü (Həsənovlar), Budaqlı (Budaqovlar), Ayvazalılar (Ayvazovlar), Göycəlililər (Cəlilovlar), Qaravəlioğlu (Vəliyevlər), Dimidöyü (Əhmədovlar), Balaməmmədlilər (Mamedovlar), Tatöyü (İsmayılovlar), Bəkirlilər (Bəkirovlar), Veysalovlar (el arasında nədənsə bunlara Nəziklər deyirlər), Kərimlilər (Kərimovlar), Çobanöyü (Çobanovlar), Nənəcanlılar (Nənəcanovlar), Hacalılar (Acalovlar), Cəfəröyü (Cəfərovlar), Göyüşlülər (Göyüşovlar), Sonaöyü (Sonayevlər), Qarabayramlılar (Qarabayramovlar), Namazlılar (Namazovlar), Mollaöyü (Mollayevlər), Allahverdiyevlər, Omaröyü (Omarovlar), Mustafalılar (Mustafayevlər), Yolçulular (Yolçuyevlər), Buludlular (Buludovlar), Bədəllilər (Bədəlovlar), Güləhmədlilər (Güləhmədovlar), Mirilli (Miriyevlər), Məlik Qasımlılar (M.Qası-movlar), Qasımlı (Qasımovlar), Seyidlilər (Seyidovlar), Qırxılı (Qırxıyevlər), Həvilöyü (Həvilovlar) (bunlar yəqin ki, Habilovlardır), Saxıllı (İsayevlər), Xasılı (Xasıyevlər), Tahirli (Tahirovlar), Molla Musalı (Musayevlər), Yaqublu (Yaqubovlar), İmirzalı (Mirzəyevlər), Sərdaröyü (Sərdarovlar), Yusifli (Yusifovlar), Nəsibli (Nəsibovlar), Xəlilovlar, Süleymanovlar, Qocayevlər, Ruqayevlər, Guvalovlar, Orucovlar, Ocaxlı (Ocaqovlar), Qarabağovlar. Ola bilər ki, burada bəzi soylar qeyd olunmayıb, buna görə bizi üzrlü bilsinlər. Ardıcıllığa qalanda isə Qara və onun qadını Cahanın dilindən necə eşitmi¬şik, o cür də sıralamışıq. Təbiidir ki, onlar öz yaşadıqları yerdən üzü yuxarı sadalamağa başlayıblar. Bu məsələdə bizim bələdsizliyimizi və kömək edənlərin yaşlı olmasını gözə (nəzərə) almaq yaxşı olardı.
Göründüyü kimi, bu yazıda bir çox adları (deyək ki, anlayışları) elin dilində işləndiyi kimi göstərmişik. Bunu da biz çaşqınlığın olmaması üçün etmişik. Bir də biz elimizə minnətdarıq ki, soyadların özümlüyünü dillərində qoruyub saxlayıblar. Belə ki, rəsmi sənədlərdə soyadlar ruslaşdırılmış şəkildə yazılsa da, elin dilində özümlüyünü qoruyub saxlayıbdır. Məsələn, heç kim Göyüşovlar demir, Göyüşdüllü deyir və s. Biz də elin qoruyub saxladığı üsluba, demək olar, toxunmuruq.
xxx

Kəpənəkçi Borçalının qədim Bolus rayonunun ən böyük köylərindən biridir. Dağlarla, meşələrlə yörələnmiş Lök dərəsində yerləşir. Biz Kəpənəkçinin yerləşdiyi yerə (əraziyə) yazılarda rast gəlməmişik. Habelə, Kəpənəkçi ilə Talıblını ayıran çayın adı da bizə bəlli deyil. Odur ki, biz bu çaya “Lök çayı”, Kəpənəkçinin yerləşdiyi yerə isə “Lök dərəsi” deyirik. (Yaşlı adamlardan eşitdiyimizə görə bu çaya Kəpənəkçi çayı da deyilib). Şübhə yoxdur ki, bu təyinat öncələrdə mövcud olubdur (Azərbaycanın başqa bölgələrində də Lök mənşəli toponimlər var). Çay da, dərə də Lök dağlarından başlayır. Lök dağları bir üzdən Dağ Borçalıya, o biri üzdən Bolus ərazisinə söykənir. Batıdan (qərbdən) isə Başkeçid ərazisinə girir. Lök dərəsində Kəpənəkçi üzü batıya doğru Ağalıq, Xaçın, İncəoğlu, Şəmşiöyü, Çataq köyləri ilə, doğuya (şərqə) doğru Mığırlı, Cəfərli, Dəli Xaç, Qoçulu, Faxralı köyləri ilə qonşudur. Güney-Doğu (cənub-şərq) tərəfdən Talıblı ilə, quzey-batı (şimal-qərb) tərəfdən Sarallar, quzey (şimal) tərəfdən isə Bolus rayon ortası (mərkəzi) ilə sınırlanır. Kəpənəkçi ilə Bolusu Yeldağı adında çox da yüksək olmayan bir dağ ayırır. Lök dərəsində yerləşən köylər bu dağın zirvəsinə ziyarətgah kimi tapınırlar. Bugünün özündə də dağın yanından ötənlər onun ətəyində daşlı bir yerə nəzir qoyurlar. Sovet dönəmində nəzirvermə pul atmaqla və ev quşlarından qurban kəsmələrlə yerinə yetirilirdi (icra olunurdu). Bu gün əsasən pul atmaqla yerinə yetirilir. Yeldağı¬nın ziyarət olunması mifoloji əsaslara söykənir, bizim bunu araşdırmağa çağımız yoxdur. Bəlkə də, gec-tez mifoloji yanaşmalar (münasibətlər) tarixin arxivinə atılacaqdır. Ancaq biz Yeldağının adının üzərində başqa bir cəhətdən dayanmaq istəyirik. Tarixdən bəllidir ki, ermənilər ingilislərin və rusların qısqırtmasıyla bir neçə dəfə qanlı soyqırım əməlləri törətmişlər. Onlar bu əməlləri Türkiyədə, Azərbaycanda başqa-başqa bölgələrdə həyata keçirmişlər. Ümumiyyətlə, bu millət (erməni) naturaca çox qorxaq olur. Qorxu duyğusu vəhşi əməllərə stimul verən duyğudur. Cəsur insanlar heç vaxt namərdlik törətmirlər. Ermənilər silahsız, köməksiz insanları soymaqdan, öldürməkdən zövq alan bədxahlardır… Biz burada da tarixi xronologiyanı göstərmək niyyətində deyilik. Ancaq Kəpənəkçinin hünərli oğlu İsrafil ağanın qurtarıcılıq (xilaskarlıq) ləyaqətini indiki və sonrakı soylara sunmaq (təqdim eləmək) istəyirik. Başqa-başqa bölgələrdə qırğın olayları törətmiş ermənilər Lök Dərəsindən keçib Borçalının da aqibətinə soyqırım vəhşəti yazmaq istəyiblər. Yaraqlı (silahlı) ermənilər (deyilənə görə onlar 800 nəfər olublar) Lök Dərəsindən aşağı bölgələrə keçib getmək üçün İsrafil ağadan yol istəyiblər. Vədləri də bu olub ki, keçib gedərkən onlara toxunmayacaqlar. Erməni azğınlığına bələd olan İsrafil ağa ermənilərin keçib getməsinə bir koşulla (şərtlə) razı olacağını bildirir. Koşul budur ki, gərək Lök Dərəsini keçməmiş ermənilər yaraqlarını təhvil versinlər və dərəni çıxandan sonra geri götürsünlər. Bu koşula ermənilər razı olurlar. Maraqlıdır, necə olub ki, onlar bu koşula razı olublar?! Bizə görə, bunun iki nədəni ola bilər: – birincisi, görünür ki, yaraqlılar arasında hərbi təcrübəli başbilən olmayıb. İkincisi, çox güman ki, ermənilər İsrafil ağanı tanıyırmışlar və onun doğruluğuna inanıblar. Beləliklə, yaraqları təhvil verib Lök Dərəsindən keçiblər. Yeldağının dərəsinə enəndə pusquda dayanan Borçalının silahlı adamları tərəfin¬dən gülləbaran ediliblər. Bəlli olur ki, İsrafil ağa ermənilərlə danışığa getməzdən öncə Borçalı ağalarına çaparlarla soraq göndəribmiş. Deyilənə görə, onlardan yalnız üç nəfər qaçıb canını qurtara bilib. Bu olay XX yüzilin 18-ci ilində baş verib. Beləliklə, Yeldağı soyqırıma qarşı sipər kimi yaddaşlara yeriyir.
(Bir fikri burada vurğulamaq yerinə düşər. Oxucular rahatsız olarlar ki, biz bu olayı burda yazmaqla ermənilərə qarşı soyqırımın olması görüntüsü yaradırıq. Onsuz da ermənilər dünyaya car çəkirlər ki, türklər onları soyqırıma uğradıblar.
Ancaq belə deyil. Bilmək gərəkdir ki, yaraqlı döyüşçüləri qırmaq heç bir tarixdə soyqırım kimi yazılmayıb. O da ola ermənilərin yaraqlanıb türkləri qırmağa gedəndə özlərinin qırılması…).
17 fevral 2005-ci ildə Saxıllı soyunun mənşəyi ilə bağlı bilgilər əldə eləmək üçün bu soydan olan Qasım kişiyə üz tutmuşduq. Bu kişi bizi yas tədbiri (40 deyilən törən) keçirilən bir həyətə dəvət elədi. Buraya toplaşmış ağsaqqal adamlarla söhbətləşərkən ermənilərin qarşısını kəsməyə qatılan Kəpənəkçi kişilərinin adlarını çəkdilər: İsaoğlu Osman, Ayvazalı oğlu Qəhrəman, Emin ağa, Mürvət oğlu İsrafil, Molla oğlu Səfər bu olayda qatılmış adamlardır. Ola bilər ki, bunlardan başqa da qatılanlar olub. Saxıllı Əhməd oğlu Xıdırın və Ayvazalılıdan Kamal oğlu Ziyəddinin saydıqları yalnız bu adlar oldu – əlbəttə, Kəpənəkçidən. Borçalının başqa bölgələrindən qatılanların adları bizə bəlli deyil.
Bu olayla qurtarıcı baxımından yaxın olan başqa bir olayı biz Zərgəralılı Molla İsa oğlu Ziyəddin kişinin gündəliyindən oxumuşuq. Bolusda yaşayan almanlarla Kəpənəkçililər arasında düşmənçilik var imiş. Alman qoşun bölüyü Yekaterinfeldə (o çağda Bolus belə adlanıb) gələndə almanlar bölük sərkərdəsinə şikayət edirlər. Bölük Kəpənəkçinin üzərinə yeriyir. Ələ keçən kişiləri kəndin o vaxtkı ortasında (mərkəzində) (Molla İsanın evi qarşısında) toplayırlar. Kəndin baş tərəfində pulemyotlar qoyulur. Sərkərdə almanlarla aparılan düşmənçiliyin qarşılığında Kəpənəkçini dağıtmaq (yerlə-yeksan etmək) əmrini verir. Molla İsa özünün mülkədar dostu və oğlunun kirvəsi Eniş İosif oğlu Valkerdən sərkərdə ilə danışmağı xahiş edir. Eniş sərkərdəyə başa salır ki, kəndin kişilərinin böyük çoxluğu əli yaraqlı dörd tərəfdə pusqudadırlar. Bu meydanda bir Kəpənəkçiliyə ziyan dəysə, alman bölüyü, sərkərdə başda olmaqla, məhv ediləcəkdir. Sərkərdə mitinqdəki çıxışının sonunda Kəpənəkçini burada yaşayan yaxşı adamlara bağışladığını bəyan edir və bölüyə kəndi boşaltmaq (tərk eləmək) göstərişi verir. Çox hayıfsılanırıq ki, tarix – olayın hansı ildə baş verdiyi ilə ifadə olunduğu halda, burada olayın dəqiq ili göstərilməyib. Məntiqcə İsrafil ağanın erməni azğınlığını zərərsizləşdirməsindən öncə olub.

xxx
Kəpənəkçinin yurdsalma (məskunlaşma) tarixi ilə bağlı fikirlər (mülahizələr) başqa-başqadır. Bəziləri bu tarixin 300 il, bəziləri 350, hətta 400 il olduğunu deyirlər. Tariximizi bir az da uzaq göstərməyi diləyənlər də var. Ancaq heç bir bilim əsası olmayan uzaqlıq həqiqəti öyrədə bilməz. Tarixin ömrünü süni şəkildə uzatmaq – qədimliyimizə yalnız kuşku (şübhə) yarada bilər.
Biz dedik ki, Kəpənəkçinin haçağ salınmasından asılı olmayaraq, Borçalının tarixi min illərə təndir. Bizim məqsədimiz də bir köyün həqiqi durumunu öyrənməkdir.
Bizə çatan bilgilərə görə, Kəpənəkçidə ilk dəfə yurd salan Məlik Qasım kişi olub. Məlik Qasımov Bayram Məhəmməd oğlunun gündəliyinə əsasən, onların ulu babaları Qazax rayonunun M.Qasımlı köyündən gəlibdir. İlk dəfə indiki Kürüstü Kəpənəkçinin ərazisində yurd salıblar. Oradan isə köçüb Qoçulu köyü tərəfdən keçərək Faxralıya gəliblər. Ancaq o vaxtlar Kürüstü Kəpənəkçi adlı köyün olduğu haqqında, eləcə də Qoçulunun köy halında mövcud olduğu haqqında bilgi verilmir.
Faxralı dərəsində su soğulduğuna görə Məlik Qasımgillər köçüb indiki Kəpənəkçi ərazisinə gəliblər. Onlar Faxralıya gələndə orada yaşayış var imiş, ya yox, – bu haqda da bilgi verilmir. Bütün bunları dəqiqləşdirmək üçün isə uzun aylar, bəlkə də illər (daha geniş araşdırmalar aparmaq) gərəkdir. Ola da bilər ki, bu bilgilər kimlərdəsə artıq var. Varsa, çox sevindiricidir.
Bizə Faxralı haqqında dəqiq bilgi bəlli olmasa da, məntiqli olaraq belə bir sorğu ortaya çıxır: – əgər Faxralı köy kimi mövcud idisə, necə olur ki, su qıtlığından təkcə M.Qasımlılar oradan köçür? Belə çıxır ki, bunlardan öncə orada yurdsalma yox imiş. Ya da ola bilər ki, M.Qasımlıların yurd saldığı dərənin suyu quruyur, başqa suyu olan dərələrdə yurd salanlar qalıb. Turablı Nəbi Novruz oğlunun da dedi¬yinə görə Faxralıda “kənd soveti”nin başçısı işləmiş Əli bildirir ki, Kəpənəkçililər ilk dəfə Faxralıda yurd salıblar. Orada Kəpənəkçililərə özgün (aid) olan iki sonevin (qəbrin) olması da bunu sübut edir. Bunlardan biri qadın sonevidir.
Beləliklə, M.Qasımlılar indiki Kəpənəkçi ərazisinə köçüblər. Buralarda su bol olub. Deyilənə görə Talıblının yarğanlarından başlayaraq Saxıllı Xıdırın evinə qədər (bu zonaya Zabazların yurdu deyirlər) su olub. Bu taydan o taya qayıqlarla keçirlərmiş. Bu bölgələr bütünlüklə meşəliklər imiş. Təbiidir ki, yurdsalma sonucunda (məskunlaşma nəticəsində) meşə doğrandıqca su çəkilib gedib.

xxx
Asdan oğlu Məhəmmədin dediyinə görə (hazırda 2005-ci il tarixində bu kişinin 107 yaşı var. Çox mədəniyyətli, düşünər bir ağsaq¬qaldır) Calada qara su olub. Kəpənəkçiyə ilk gələnlər (Məhəmməd kişi Saxıllıların adını çəkir) ilk dəfə bu suyun üstündə yurd salıblar. Ancaq onlar burada biryolluq (daimi) qalmırdılar. Yaylağa köç edirmişlər. Atın, inəyin, öküzün belinə çul qoyub əşyalarını yükləyirmişlər. Bir ay içində, orda-burda yurd sala-sala, yol gedirmişlər. Qayıdanda da eyni qayda ilə köç edirmişlər. Ola bilər ki, M.Qasımlılardan sonra gələn soy Saxıllılar olub.

xxx
M.Qasımlı Bayramın gündəliyinə əsasən, 1718-ci ildə Kəpənəkçidə 10-15 ev, 1736-cı ildə 30-40 ev olub. Bu rəqəmlərdən bəlli olur ki, Kəpənəkçinin yurdsalma tarixinin 300 il olduğu daha ağlabatandır. Deməli, yurdsalma XVII yüzilin axırlarında başlayıb. Kəpənəkçinin batı yarımparçasındakı (yuxarıkı) sonevliyində (qəbirstanlığında) ilk sonevlər də M.Qasımın anasının və özününküdür. Gürcü millətindən olan Yuzanın bildirdiyinə görə, rəsmi qeydiyyatda da bu fakt yazılıbdır. Bayram Məhəmməd oğlunun köməkliyi ilə sonevlik-dəki qədim başdaşıların tarixini oxuduq. Qədim başdaşılardakı tarixlər Qəməri günsırası (təqvimilə) ilə göstərilibdir. Orada ərəb qrafikasıyla yazılar var. Bu yazıları biz oxuya bilmədik, ancaq illəri oxuya bildik. Bir neçə köhnə başdaşılar var ki, onlarda heç bir yazı, nişan yoxdur. Ya onlar daha qədim daşlardır, ya da daşa yazı yazdırmaq olanağı (imkanı) olmayan yoxsul adamların ölənlərinin sonevləridir. Necə olmasından asılı olmayaraq, biz yazılı qaynağa istinad edirik və faktları əsas götürürük. Yazılı başdaşılardan ən qədimi Qəməri günsırası ilə 1209-cu ilə özgündür (aiddir). Bu isə miladla 1779-cu ilə uyğundur. Təəssüf ki, heç birində doğum tarixi göstərilməyib, yalnız ölüm tarixi göstərilib. Gözə alsaq ki, o çağlarda insanlar 100, hətta bir az da çox ömür sürürdülər, onda məntiqlə yurdsalma tarixi XVII yüzilin 2-ci yarısına gedib dayanır. Biz isə optimal tarix XVII yüzilin axırları, XVIII yüzilin başlanğıcını seçirik. Deməli, 300 il deyilişi təsadüf deyil. Görünür ki, rəsmi qaynaqlara əsasən bu tarix yaddaşlarda qalıb. Biz də elin yaddaşına güvənərək başqa-başqa deyilişləri tutuşdurmaqla bu sonucun üzərində dayanırıq.
1801-ci il çar Rusiyasının adsıralamasına (siyahıya almasına) görə Kəpənəkçidə 43 ailə olub. 1843-cü il adsıralamasına görə 66 ailə olub. Bu arada Kəpənəkçidən bir çox ailə Qarsa köçüb. Ona görə də artım az olub. Bu faktları Bəkirov Ramiz Alı oğlu ilə dəqiqləşdirdik. Ramiz Alı oğlu bizə Tiflisdə yaşayan Darvazlı elm adamı Valeh Hacılının telefonunu verdi və onunla bağlantı qurmağımızı önərdi (tövsiyə etdi). Görünür bu faktları o, Valeh Hacılıdan götürmüşdür.
1950-55-ci illərdə Kəpənəkçiyə 700 Kəpənəkçi deyirmişlər, yəni 700 ev varmış. Bunu da Bayram Məhəmməd oğlunun gündəliyindən götürmüşük.

1941-ci ildə 500 ev Kəpənəkçidə, 50 ev İncəoğlunda, 50 ev Sarallarda, 50 ev Mığırlıda var idi. Bu bilgini isə Turablı İsrafil Yusif oğlu bildirir. Bu kişi həmin tarixdə “kənd sovetliyi”ndə işləyib. Adları çəkilən köylər də bu sovetliyə tabe imiş.
İndiki çağda (2005-ci il) Kəpənəkçidə 2000 ev var və burada 8000-ə qədər insan yaşayır. Kəpənəkçidən köçüb başqa yerlərdə yaşayanlarla birlikdə isə bu say daha çox göstərilir. Deməli, son yarım yüzildə artım daha yeyin (sürətli) olub.

xxx
Kəpənəkçidə ilk evlər torpağın altında düzəldilib. 50 sm diametrində palıd ağaclarından dirəklər qoyulub, üstü əydəmli (maili) şəkildə torpaqlanırmış. Ortasında baca yeri oyub altında ocaq qalayırmışlar. Araba olmadığına görə, odunu adamlar bellərində daşıyırmışlar. İlk kirəmitli evlər Hacı Güləhməd oğlunun, Ayvazalılı Qəhrəman kişinin, Zərgəroğlu Molla Nəsibin, Ağalıqda isə üstü dəmirlə örtülü ev İsrafil ağanın olub. Molla Əyyub Xoca Türkiyədə eyitim (təhsil) almış bilimli (elmli) adam olub. İlk kirəmitli evlərdən biri də onun imiş.
xxx

Zərgəralılı Hüseyn Alı oğlu (bu yazının yazıldığı tarixdə bu kişinin 86 yaşı var) öz uşaqlıq xatirələrini danışır: “Yığılıb dağa gedirdik. 30-40 evə bir nəfər yaşlı kişi qalıb qarovul çəkirdi. Qarovul çəkən adama Bəyçi deyirdik. “Lök Candar”da, “Papaqçı Tala”da binələr salırdıq. Orada bizim damlarımız var idi. Çox vaxt qışda da oralarda yaşayırdıq”.
Bizim üçün “bəyçi” yeni sözdür. O da maraqlıdır ki, 30-40 evi bir kişiyə, özü də yaşlı adama tapşırırmışlar. Necə də gözəl babalarımız olub! Ən böyük kişi əməli imiş – inam, etibar, doğmalıq.
Kəpənəkçinin, mal-qaranı otarmaq üçün yaz və payız mövsümündə köç edib binələr saldığı ərazilər Lök dağının və Lök dərəsinin yörəsi olmuşdur. Yayda isə yaylağa köç edirdilər, bu gün də belədir. Kəpənəkçinin indiki yaylağı Başkeçid rayonunun ərazisi sayılan Axçalı Dərəsi, Yastı Qar, Xımı Qalası adlanır. Bundan öncə Qaranlıq Dərəsi deyilən yaylağa və Qaraxaç yaylağına gedərdilər. El arasında Qaraxaça “Dəlidağ” da deyirlər. Oranın “Qaraxaç” adlanmasının din mənası daşıyan “xaç” sözüylə bağlılığı yoxdur. Qaraxaç – Qara arxac sözü¬nün yanıldılmış (təhrif olunmuş) biçimi olduğu ehtimal edilir. Qara – qədim türk sözüdür, “böyük” deməkdir, arxac isə qoyun yatağı deməkdir. Bu ehtimal hansısa bir dəlilə söykənmədiyi üçün az inandırıcıdır. İkinci variant Qaraqaç sözündə “q” səsinin “x” səsi ilə əvəz olunması sonucunda (nəticəsində) Qaraxaç adlanması mülahizəsidir. Qaraqaç – yəni “yayda aran yerləri isti olduğuna görə yaylağa get” mənasında işlənmiş və tədricən ada çevrilmiş sözdür. Bəllidir ki, Qarabağda da Qaraqaç yaylağı var və gözə (nəzərə) alsaq ki, Kəpənəkçililərin bir kəsimi Qarabağdan gəliblər, Qaraxaçın Qaraqaç mənşəli söz olduğuna kuşku qalmır.
Əslində Kəpənəkçi adının özü də ciddi maraq doğuran sözdür. Bu sözün də mənşəyi ilə bağlı el arasında başqa-başqa fikirlər var. Bir variant odur ki, köyün kişiləri dağ-aran arasında daim səfərdə olduqlarına görə yapıncı geyərmişlər. Elə bu səbəbdən də, yəni tələbat olduğuna görə, köyün özündə yapıncı düzəldənlər varmış. “Yapıncı” “yepançı” sözündən alınmadır. Görünüşcə yapıncı geyənlər kəpənəyə bənzədiyindən köyün adı “Kəpənəkçi” kimi işlədilib. Bu ad həm də köy toplumunun dağ-aran arasında köç eləməsinə işarədir – kəpənək kimi çəməndən-çəmənə qonmaq. “Kəpənək” və “yepançı” anlayışlarına biz Dədə Qorqud boylarında da rast gəlirik. Bu mənada Kəpənəkçi adının uzaq tarixə bağlılığını – milli yaddaşın sonrakı zamanlarda görünməsi (təzahürü) kimi də qiymətləndirmək olar. Başqa bir variant, Kəpənəkçi sözü Kapanakçı adından da gələ bilər. Beşinci yüzildə O bölgədə Kapanakçı şəhərinin olduğu və batdığı bildirilir. Bununla bağlı sonrakı bölmədə söz açacıq. Kapanak da qədim türk sözüdür.
Başqa bir variant atlarda yayılan xəpənək xəstəliyi ilə bağlıdır. Belə ki, bu köydə atların xəpənək xəstəliyini sağaldan adamların olduğu bildirilir. Qıraq köylərdən buraya atı sağaltmağa gətirənlər səfərlərini “xəpənəkçilərin yanına gedirəm” kimi ifadə edirmişlər. Ola bilər ki, atların sağaldılması bu köydə ciddi bir olay kimi qəbul olunurmuş. Ancaq köyün adının atı sağaltmaqla bağlılığı o qədər də inandırıcı görünmür. Çünkü bu köydə öncələr ciddi, müdrik insanlar olub. Onlar köyün adının at xəstəliyi ilə bağlanmasına razı olmazdılar. Köyün adının ata hər hansı yanaşma ilə bağlılığı da mümkündür, ancaq xəstəliklə bağlılığı yox. Məsələn, bizim bildiyimizə görə, Saraclı köyünün adı sərrac sözündəndir. Sərrac – atın yəhər-yüyəni, noxtası, nalı ilə uğraşan (məşğul olan) adamlara deyərmişlər. Qədimdə türkün ata yanaşması yaraqdaşlıq səviyyəsində olub. Bizim folklorumuzda igid sözü ilə at sözü uyğun səslənir. Hayıf ki, bugünkü gənclik folklorumuzu öyrənməkdən uzaq düşüb. İgidin at belində olması xüsusi zəhm, sanbal yaradıb. Bunu biz şeirimizə, sazımızın nəğməsinə çevirmişik. Bu deyilənlər “Dədə Qorqud”da da, “Koroğlu”da da öz yerini (əksini) tapıb. Əlbəttə, qədimdə döyüşü başqa xalqlar da əsasən at belində aparırdı. Ancaq burada söhbət ata yanaşmadan gedir.
Bizim Kəpənəkçi adının qədimliyə bağlılığının üzərində dayanmağımız elə-belə yurdsevərlikdən irəli gəlmir. Azərbaycanda başqa-başqa bölgələrdə – Qarabağda, Zaqatalada, Kəlbəcərdə, Borçalı mahalının Borçalı (Marneuli) və Qaratəpə (Qardabani) rayonlarında da Kəpənəkçi adlı köylərin olması onu göstərir ki, bunların hamısı bir kökdən qaynaqlanır. Göründüyü kimi, Kəpənəkçini ayrılıqda at xəstəliyi ilə bağlamaq onu süni şəkildə qədimlikdən ayırmaq kimi bir yanlışlığa gətirib çıxara bilər. Əlbəttə, söhbət burada yurdsalmanın qədimliyindən deyil, toponimin ulusa bağlılığının qədimliyindən gedir.
xxx
Kəpənəkçiyə qonşu olan köylərin bu köyün tarixi ilə bir sıra bağlılıqları olduğuna görə bəzi məsələlərə diqqət yetirməyi gərəkli sayırıq. Kəpənəkçinin batı tərəfində, 2-3 km aralıda Xaçın köyü yerləşir. Köyün toplumu (əhalisi) bütünlüklə ermənilərdir. Aşağı-yuxarı XVIII yüzilin axırlarında gəliblər. Çoxları Qarabağdan köçənlərdir. Onların yurd saldığı bu yer də bütünlüklə sıx ormanlardan (meşəlikdən) oluşuq (ibarət) olub. Ovçuluqla uğraşdıqlarına (məşğul olduqlarına) görə Kəpənəkçililər onları buraya yönləndiriblər. Mal-qaranın və adamların vəhşi heyvanlardan qorunması üçün ovçu ermənilərin orada yurd salması Kəpənəkçililər üçün uyğun olub.
Xaçından sonra gələn İncəoğlu köyünü Kəpənəkçililər salıblar – aşağı-yuxarı (təxminən) XVIII yüzilin axırlarında. Kəpənəkçidən adı bizə bəlli olmayan kimsə İncədən (Qazağın İncə dərəsindən) qız alır və indiki İncəoğlunda yurd salır. Kəpənəkçidən başqa soylardan olanlar da burada yurd salıblar. Bu yurd salanlar arasında Yaqublular da olub. Nənəcanlı Yasin Qurban oğlunun bildirdiyinə görə (bu kişi yazımızın yazıldığı tarixdə 89 yaşında idi), Xaçınlılar İncəoğlunda yurdsalanları da, Talıblıda olan 5-6 evi də köçürtdürmək istəyirmişlər. Kəpənkçililər öz sonevliyindən qədim başdaşı çıxarıb İncəoğluna basdırıblar. Bundan başqa 300 adamın qolu ilə məktub hazırlayıb “mərkəzi komitəyə” üz tutublar (müraciət ediblər). Bununla da köçürtmə əməlinin – erməni məkrinin qarşısını alıblar. Yasin kişi bu olayın dəqiq tarixini bilmir. Ancaq Talıblıda 5-6 evin olduğu çağ sovet dövlətinin qurulmasının ilk illərinə uyğun gəlir…

xxx
1957-ci ildə Kəpənəkçinin adı dəyişdirilib “Kvemo-Bolnisi” qoyulur. (“Kvemo” gürcü dilində “aşağı” deməkdir). Bilgi üçün deyək ki, o illərdə “kənd soveti”nin başçısı İsmayılov Qasım (el ara¬sın¬da Tat Qasım deyirlər) olub.
Heç bir səbəb olmadan, heç kəslə hesablaşmadan yerli hökumət (Gürcüstan SSR, Nazirlər Kabineti) köyün adını dəyişibdir. Bu addım da indiyə kimi hər yerdə türk adına, tarixinə edilən qəsd əməllərinin bir parçasıdır. Türk adına qarşı yağı addımlar sovet dövründə özünün zirvəsinə çatmışdı. Azərbaycanın adından, dilindən, tarixindən türk sözünü çıxartmaq Sovet imperiyasının baş planında əsas maddələrdən biri idi. Kəpənəkçi adının gürcü tərəfindən dəyişdirilməsi onun özü üçün nə qədər önəmli olsa da, Sovet imperiyası üçün bundan az önəm daşımırdı. Əslən Kəpənəkçidən olan aydın Hacallı Abbas Abdulla oğlunun bildirdiyinə görə addəyişməyə qarşı olan adamlardan 30-40 nəfəri tutuqlamışdılar. Bu əməl Kəpənəkçi cəsurluğunun qarşısını kəsmək, iradəsini sındırmaq anlamı daşıyırdı…

xxx

Kəpənəkçidə ilk oxul (məktəb) XX yüzilin 20-ci illərində tikilib. İndiki 2 saylı oxul həmin oxula özgün olan ərazidədir. Zərgəralılı Ziyəddinin bildirdiyinə görə, ilk oxul Molla İsanın dəyirman materialları ilə qurulubdur. İlk oxulun direktoru Hacallı Rəşid olub. Kəpənəkçidə ilk eyitimli öyrətmən (təhsilli müəllim) Güləhmədov Məhəmməd, ilk yüksək eyitimli (ali təhsilli) öyrətmən Allahverdiyev Novruz olub. 1 saylı orta (yuxarı) oxul 1964-cü ildə qullanılmağa (istifadəyə) verilib. Bu oxulun ilk direktoru Allahverdiyev Novruz olub.
İlk oxuldan öncə evlərdə eyitim (təhsil) verilirmiş – görünür ki, mədrəsə səviyyəsində. Zərgəralılı Hüseyn Alı oğlu Ayvazalı Qəhrəmanın qardaşı oğlu Yetim Osmanın evində dərs alıb. Bu evdə Yetim Osmanın öz oğlu Sədi öyrətmənlik edirmiş. Bundan başqa Hüseyn Alı oğlu öyrətmənlik edənlərdən Əfəndi oğlu Osmanın da adını çəkir…

xxx
Xalqların keçmişindən nişanə saxlayan, gələcəyinə soraq aparan tarixi abidələrdən biri də sonevlikdir. Sonevlərə sayğılı yanaşmaq təkcə ölülərə qarşı mərhəmətli olmaq duyğusundan irəli gəlmir, bununla insanlar həm də keçmişlərinə sayğılı yanaşma ifadə edirlər. İnsanlar vətəndən qovulanda, qoyub gəldikləri ev-eşiyə, mal-qaraya, varidata görə o qədər də acımırlar. İnsan harda yaşayırsa yaşasın, mülk, varidat əldə eləmək olanağını (imkanını) heç yerdə qoyub gəlmir, bu olanaq onun bireysəl (fərdi) keyfiyyətlərində yaşayır. Ancaq öz keçmişinin simgəsi (rəmzi) olan sonevliyi isə heç yana daşıya bilmir. Bu səbəbdən də vətənsizlik dağı onun ruhunu daim göynədir, heysiyyətini sarsıldır. Vətəndən yalnız xatirələrlə ayrılmaq insanın qəlbinə acı fəryadlar gətirir.
Kəpənəkçinin keçmişinə görənlik (şahidlik) edən iki sonevliyi var, üçüncüyə də 2002-ci ildə ilk iki sonev salıblar. Tarixləşən yaddaş üçün bildirək ki, yeni sonevliyə ilk olaraq, 92 il ömür sürmüş Quluöyü Əhmədalı Musa oğlu gömülüb. İlk sonevlik Kəpənəkçinin batı yarımparçasında yerləşir. M.Qasım kişinin və onun yaxınlarının sonevləri də bu sonevlikdədir. İkinci sonevlik köyün doğu (şərq) yarımparçasında yerləşir. El arasında buraya, nədənsə, “Ləzgi qəbirstanlığı” deyirlər. Güman ki, Bolusda yaşayıb ölən bir ləzgini almanların sonevliyində deyil, Kəpənəkçi sonevliyində gömdükləri üçün.
Yuxarıda vurğuladığımız kimi, Kəpənəkçi haqqında dolğun söz demək üçün ayrı-ayrı köklü soyların burada yurdsalma tarixinə diqqət yetirmək böyük önəm daşıyır. Ancaq bu məsələdə də hayıfdoğurucu cəhətlərdən yan keçə bilmədik. Belə ki, soylar haqqında həmin soylardan olan nə ağsaqqalların, nə də eyitim görmüş (təhsilli) adamların bilgiləri istənilən səviyyədə deyil. Böyük çoxluğunun bilgisi, necə deyərlər, “yeddi arxa dönəninə” gedib çıxa bilmir. Bu isə onu göstərir ki, iki-üç soydan sonra Kəpənəkçi soyları haqqında bilgilər azalmağa, yox olmağa doğrudur. Soyların ulu keçmişinin yaddaşları tərk eləməsi ilə Kəpənəkçi haqqında təsəvvürlər sonrakı soyların ağlında üzdəki görüntülərdən artıq olmayacaqdır. Bunun qarşısını almaq üçün qeyrət göstərmək gərəkdir.
İkinci bir çətinliyimiz onunla bağlı oldu ki, ayrı-ayrı soyların nümayəndələri ilə söhbət qura bilmədik. Bəzilərini tapa bilmədik, bəzilərinin darvazaları bağlı idi, bəziləri “bugün, sabah” deyə-deyə işin üstündən keçdilər və b. k. Bununla belə, bəzi soylarla bağlı bizdə olan bilgiləri sunuruq…
Zərgər Nizaməddin Yusif oğlu – 66 yaşı var, İstanbulda yaşayır. Hazırda (mart 2005) Bakı şəhərində çalışır, iş adamıdır. Onun söylədiyinə görə, Zərgərlər milad günsırası (təqvimi) ilə 1220-ci ildə Mavərannəhrdən gəliblər. Bu, Monqolların istilaçılıq dövrü ilə üst-üstə düşür. Onlar Azərbaycanın Füzuli rayonunun torpaqlarına gəliblərmiş və orada Zərgər köyünü salıblarmış. Qeyd edək ki, “Mavərannəhr” Orta Asiyada Ceyhun çayının (indiki Amudərya) sahillərinə deyilirmiş. Bu bölgə isə ümumtürk yurdu olub, Türküstana özgündür.
XVI yüzilin axırlarında Zərgərlərin bir kəsimi Gəncəyə gəliblər. Bu soydan olan adamlar altunçuluqla (zərgərliklə) uğraşdıqları üçün onlara bu ad deyilib. O dövrdə Gəncə iri alış-satış şəhəri olduğuna görə Zərgərlər öz sənətlərini gəlişdirmək (inkişaf etdirmək) üçün buraya üz tutublar. Təbiidir ki, buraya köçənlərin hamısı heç də zərgərliklə uğraşmayıblar. Az sonra maldarlıqla, başqa təsərrüfat işləri ilə uğraşanlar Gəncədə qalmayıb və Qaratəpənin (Qardabani) indiki Candar köyünə köçüblər. Bu ada qədər oranın adı “Zərgər-Kəpənəkçi” olub.
Nizaməddin Zərgər ilginc bir olaydan da bəhs etdi. Nadir Şah Gəncəyə gələndə tacında çat var imiş. Göstəriş verir ki, bütün zərgərləri toplasınlar və bu təmir işini daha kamil səviyyədə görə biləcək zərgəri seçsinlər. Zərgərlər toplananda Xalıl adlı bir zərgər hamının keçdiyi yerdən keçmir. Nadir Şah səbəbini soruşanda cavab verir ki, orada kömür var; kömür də onun işində gərəkli araç (vasitə) olduğu üçün tapdalayıb keçmir. Nadir Şah – onun tacını bu cür məslək adamının düzəldə biləcəyini düşünür. O, öz tacının düzəldilməsini Xalıla tapşırır. Zərgər Xalıl bir neçə arının iynəsinin ucundakı ağusunu toplayıb ondan yapışdırıcı (lehmə) kimi qullanır və tacın çatını aradan qaldırır. Nadir Şah öz tacında çatın yerini ayırd edə bilmir.
Sonralar Zərgər Xalılın oğlu Güney Azərbaycana köçüb. Qohumlardan bir parçası, dediyimiz kimi, Zərgər-Kəpənəkçiyə köçür, bir parçası isə Amasiyanın Xançallı köyündə yurd salır. Bolus-Kəpənəkçiyə gələnlər haqqında Zərgər Nizaməddin bir şey demədi. Bilgi üçün deyək ki, “Zərgər” Nizaməddin bəyin ixtisası, sənəti deyil, soyadıdır.
Xançallı köyündə yurd salanlardan Hacı Musa Soyuqbulağa köçür və pendir, süd, ət məhsullarının hazırlanmasından və satışından oluşan kooperativ yaradır. 1906-cı ildə İstanbulda “Quləli’əsgər litseyi”ni bitirən Musa öz kooperativinin olanaqları hesabına Soyuqbulaqda oxul açır və özü də öyrətmənlik edir. Bəllidir ki, Nikolay hökuməti türklərə qarşı çox başdansovdu (biganə) olub. Onlar üçün oxul-eyitim (məktəb-təhsil) olanaqları yaratmayıb. Türklərin biliksiz və küt qalmaları üçün hər cür addımlar atılırdı. Türklər bir-birini öldürəndə cəza təyin edilmirdi. Türklərin öz aralarında düşmənçilik yaranması üçün zəmin hazırlanırdı. Türklər əsgər qulluğuna çağırılmırdı ki, döyüş (hərb) sənətini öyrənməsinlər, yaraq işlədə bilməsinlər. (Bilmək gərəkdir ki, bu gün gürcü hökumətinin Borçalı türklərinə yanaşması, oxul-eyitim baxımından, o yanaşmanın eynidir. Borçalıda kütləvi biliksizlik başlayıb və bununla dövlət səviyyəsində ilgilənən yoxdur. Biz Kəpənəkçinin ayrı-ayrı aydınlarından özündənkeçmə (fədakarlıq) umuruq – kütləvi biliksizliyə (savadsızlığa) qarşı bilim və ideoloji yöndən savaşsınlar (elmi, ideoloji mübarizə aparsınlar).
Belə bir durumda türklər üçün oxul açmaq və öyrətmənlik etmək – az olsa da, özündənkeçmə və milli ləyaqət idi. Hacı Musa 1920-ci ilə qədər orada dərs deyib.
İlginc olduğu üçün bəzi bilgiləri də yazmağı diləyə uyğun saydıq. Nizaməddin Zərgərin bildirdiyinə görə, “tanınmış” türk qatili Andronikin köməkçisinin tüfəngi və Nadir Şahın tacını düzəldən Zərgər Xalılın alətləri Qarsın Susuz litsəsinin Porsuxlu köyündə Hacı Muradın evindədir. Hacı Murad Bolus-Kəpənəkçidə Molla İsa oğlu Ziyəddinin dayısıdır.
Zərgər(ov)li Ziyəddin Molla İsa oğlunun bilgisinə görə, onların ulu babası Zərgər Alı Bolus-Kəpənəkçiyə Qaratəpənin Zərgər-Kəpənəkçi köyündən gəlibdir. Yəqin Alı kişinin adına görədir ki, bunlara Zərgərlər yox, Zərgəralılar deyirlər. Ancaq bu yerdəyişmə hansı illərdə baş verib, – bunu Ziyəddin bəy bilmir. Yazılı təkcə bir fakt var – Molla Nəsib Allahverdi oğlunun sonevinin baş daşına Qəmər günsırası ilə 1325 yazılıb. Bu daşı Qarabağdan aparıblarmış. (Bu faktı Zərgəralılı Ziyəddinin gündəliyindən götürmüşük).
Bolus-Kəpənəkçidə Zərgəralıların ulu babası Allahverdi olub. Allahverdinin dörd oğlu (Həmid, Nəsib, İsgəndər, Vəli bəy) bu soyun babalarıdır. Vəli bəyin bir oğlu Çantoy Musa (çiynində zərgər çantası daşıdığına görə ona “Çantoy Musa” deyiblər) indiki Çantoyların babasıdır. Nəsib isə Ziyəddin kişinin babasıdır. Zərgər Alı Allahverdinin ya babasıdır, ya ulu babası. Molla İsa Soyuqbulaqda yaşayan Hacı Musanın qızına evlənib. Nizaməddinin anası da Hacı Musanın ikinci qızıdır. Bugün Qarsda, İstanbulda Kəpənəkçidən gedənlər var ki, onlar Kəpənəkçi soyadı daşıyırlar.


Kəpənəkçinin köklü soylarından biri Ayvazalılardır. Biz burada da Kəpənəkçini quran soyların yurdlaşma illərini dəqiq bilmədiyimizə görə ardıcıllığı qoruya bilmirik.
Ayvazalı soyundan olanların ulu babası Süleyman iki qardaşı ilə birgə Kaxet zonasının Qabal köyündən gəlibdir. Qardaşlardan birinin adı Qurban – Faxralıda yurd salıb, o biri – İsmayıl Darvaz köyündə, üçüncüsü – Süleyman isə Kəpənəkçidə yurd salıbdır. Görünür ki, bunlar gələndə adı çəkilən köylərin hər üçü var imiş. Çünkü qardaşlar boş yerlərə belə bölünməzdilər. Böyük ehtimalla hərəsi bir eldən qız alıb yurd salıblar. Ayvazalılı Piri Murtuz oğlunun dediyinə görə, Qabaldan gəlmiş qardaşlar oradakı Molla Mahmudlu soyundan olublar. Bu soy ya öncə, ya sonra Aşırlılar adlanıblar. İndi Darvazda olanlar da, Faxralıda kök salmış Qurbandan davam edən soy da Aşırlılar adlandıqları üçün Aşırlı soyadı Molla Mahmudludan sonrakı ola bilər.
Süleymanın Ayvazalı adında oğlu olub ki, Kəpənəkçidə Ayvazalı soyu bu kişinin adı ilə bağlıdır. Ayvazalının soy davamı Mahmud və Alı adlı oğlanları ilə bəllidir. Mahmudun da Qəhrəman oğlundan doqquz oğul indiki soyların əsasını təşkil edir. Bilinməsi üçün burada Qəhrəmanın oğlanlarının adlarını sunuruq: Süleyman, Təhməz, Musa, Məhəmməd, Adil, Qurbanalı, Ayvaz, Əhməd (erkən ölüb), Hümbət, Əhməd (öncəkinin adını buna qoyublar).
Onu da deyək ki, Süleyman (Qəhrəmanın ulu babası) Kəpənəkçiyə Aşırlı soyadı ilə gəlib. Sonrakılar Aşırlı soyadını və Süleymanın adını deyil, onun oğlu Ayvazalının adını soyad seçiblər.
Ayvazalının başqa oğlu Alıdır ki, ondan da davam eləyən soy el arasında “Aşağkı Ayvazallı” adlanır. Alının oğlunun adı Osmandır. Bu kişi Kəpənəkçinin Qaş Məhəllə deyilən bölgəsində yaşayan Ziyəddin Kamal oğlunun babasıdır.
Ayvazalının arvadı Böyükxanım Qars qızıdır.
Soyda adlar təkrar olunduğu üçün şəxsləri atasının adı ilə birgə sunacağıq. Sonradan Qəhrəmanın oğlu Ayvazalı (buna sadəcə Ayvaz da deyirlər), hansı səbəbdənsə, adam öldürdüyünə görə Türkiyəyə köçüb. Bu yaxın çağlara kimi Qarsda Ayvazalının (Qəhrəmanın oğlunun) soyu var imiş. Sonradan bizə bəlli olmayan səbəbdən Güney Azərbaycana köçüblər. Qarsda onlar Ayvazoğlu soyadı daşıyırmışlar.
Qəhrəmanın qardaşı oğlu yetim Osman öz evini oxul kimi qullanılmağa vermiş adamlardan biri olub. Yetim Osmanın oğlu Sədi bu evdə dərs deyib. Sədinin qardaşı Bayram 32 il şəhər komendantı işləyib. Deyilənə görə, bu adamın 7-ci sinif eyitimi (təhsili) olub. Qəhrəmanın nəvəsi Murtuz Süleyman oğlu 1932-ci ildə Tiflisdə türkdilli oxulu bitirib, Bolusda (Bolnisidə) raykom komsomolda, sonra Çataxda meşə idarəsində çalışıb. Savaş çağında əsgər qulluğu¬na çağrılıb. Murtuzun anası Oruclu qızıdır.
Qəhrəmanın arvadı Məlik Qasımlıdan olub. O öləndən sonra Qəhrəman ikinci dəfə evlənib – bu dəfə Mehdili qızı Ayna qarı ilə. Deyilənə görə, Qəhrəman kişi 126 yaşında (1936-cı il) ölüb. O da bildirilir ki, Süleyman kişi ilk dəfə Kəpənəkçiyə gələndə Qəhrəman oğlu Hümbətin indiki yurdunda yurd salıbmış. Ayvazalılıdan olan evlər – ailələr Kəpənəkçinin ayrı-ayrı yerlərində var. Bildirildiyinə görə, 2005-ci ildə aşağı-yuxarı 70 evdirlər.
Bu soyla bağlı bilgiləri Ayvazallı Qənbər Hümbət oğlu (65 yaş), Ayvazallı Ziyəddin Kamal oğlu (65 yaş) və Ayvazallı Piri Murtuz oğlu ilə dəqiqləşdirdik.

xxx
Kəpənəkçinin qədim soylarından biri olan Turablı haqqında, geniş olmasa da, yığcam bilgini Turab(ov)lı İsrafil Yusif oğlundan (82 yaş) və Turab(ov)lı Nəbi Novruz oğlundan (74 yaş) əldə elədik. Bu ağsaqqal kişilərin dediyinə görə, Turablıların ulu babası XVIII yüzilin başlanğıcında indiki Goranboy rayonunun Molla Alxaslı köyündən gəliblər. Üç qardaş olub – Alı, Nəsib, Oruc. Bunların atasının adı Mustafadır. Böyük ehtimalla Turab Mustafanın atası olub. Nəbi Novruz oğlunun dediyinə görə, Kəpənəkçidə bu soydan ilk yurd salan Alı olub. Alının Məhəmməd, bunun da Alı adlı oğlu sonuncu ardıcıllığın nümayəndələridir. Nəvə Alının da Novruz, Uğurlu… adlı oğlanları hazırda yaşayanların babalarıdır. Turablı 2005-ci ildə aşağı-yuxarı 45 evdən oluşubdur.

xxx
Bəllidir ki, hər bir insan ailəyə bağlıdır, ailə soya (nəsilə), soy elə, el ulusa (millətə), ulus bəşərə bağlıdır. Soy özündə xalqın gələnək-görənəyini (adət-ənənəsini), mədəniyyətini, tarixi keçmişini qoruyub sabaha çatdırır. Bizim soyumuz da xalqın başqa təmsilçilərindən biridir. Hər bir soyun nüfuzu özünün keçmişi ilə qorunur. Habelə, hər bir soyun nüfuzu xalqın gələnək-görənəklərinə yanaşma ləyaqəti ilə ayırd olunur. Gələnək-görənəklərin doğru bilinməsi, qorunması və sabaha çatdırılması soyun ağsaqqallar, aydınlar ləyaqətiylə nizamlanır. Bunun üçün soyda ağsaqqal-aydın birliyi, nizamı öz biçimini doğru tapmalı, yönü ulusal olmalıdır.
Hər bir insandan bu yer üzündə ən azı xatirələr qalır, ya da qalmalıdır. Unutmaq olmaz ki, hər bir ölən bizim keçmişimiz, əcdadımızdır. Biz öz keçmişimizdən başlayırıq. Bizdən başlayanlar da var. Deməli, biz həm də bizdən öncəkilərlə sonrakılar arasında körpüyük.
Biz bilməliyik ki, həyata yemək, işləmək, soymaq, soyulmaq üçün gəlmirik. Özümüzün mahiyyətimizdəki insanlığı üzə çıxarmağa – İnsanca Mənamızı təsdiq eləməyə gəlirik. Gəlirik ki, cismən qurtarsaq da, ruhən qalaq. Yaşayırıq ki, İnsan var olsun, Ulus var olsun.
Nəhayət, hər bir insan soyun yaranmasına, yaşamasına təkcə cismani olaraq qatılmamalıdır, onun mənəvi böyüklüyünü yeni aşamaya çatdırmalı, əxlaqca keyfiyyətlərini hər an yüksəltməlidir. Bunun üçün həm də soylarımızın keçmişini bilməyimiz, özümüzü tanımağımız gərəkdir. Özümüzü tanıyaq ki, Ulusumuza gərək ola bilək.
xxx
Kəpənəkçinin köklü soylarından biri də Talıblılardır. Talıblı – adından göründüyü kimi, bu soyun ulu babası Talıbın adıyla bağlıdır. Hərçəndi, Talıbın atası Xalıl da bizə bəllidir. Xalılın Talıbdan başqa Abdulla adlı oğlu da olub. İndiki Talıblını Talıbın Hümbət, Vəli, adını orta dəqiqliklə bildiyimiz Xalıl adlı üç oğlunun və qardaşı Abdullanın törəməsi saymaq olar. Hümbətin Cahangir, Bəxtiyar və Nəsib adlı oğlanları bu soyun bir qanadını, Vəlinin oğlu Əhməd və onun da oğlu Musa o biri qanadını oluşdurur. Bu ikinci qanada, Musa dəllək olduğu üçün, “Dəlləköyü” deyirlər. Talıbın üçüncü oğlu Xalıl, eşitdiyimizə görə, ara davası sonucunda əlindən xata çıxıb və Goranboy rayonuna qaçıb. Onun Cahangir adlı oğlundan olan törəmə indi də orada yaşayır.
Habelə, Talıbın qardaşı Abdullanın da nəvələri olan Qarabı, Allahverdi, Tanrıverdi adlı oğlanları Talıblı soyunun başqa qollarını oluşdururlar.
2002-ci il fevralın 17-də coğrafi Talıblıda 64 ailə, 57 ev qeydə alınıb. Kəpənəkçidəki Talıblı soyundan olanların evləri isə 18-dir. Bakıda və Rusiyada yaşayanların evlərini burada göstərmirik. Talıblının indiki ərazisində XX yüzilin başlanğıcında almanlar olub. Bəxtiyar Hümbət oğlunun yarağı (tüfəng-beşaçılan) olduğu üçün almanların sahələrinə qaravulçu gəlib. Az sonra qardaşı Nəsib, daha sonra Yusif və başqa qohumları yerləşib.
Deyilənlərə görə, Talıblı soyunun ulu babası da Qarabağdan gəlib. Ancaq dəqiq tarixi bəlli deyil. Talıblı Asdanın atası Yusifin (Qara Usuf) doğum və ölüm tarixi əsasında isə aşağı-yuxarı dəqiqləşdirmə aparmaq olar. Yusif 1850-ci ildə anadan olub. Onun atası Cahangir 90 il ömür sürüb, – XX yüzilin 10-cu ilinə qədər. Bu hesabla anadan olduğu tarix 1820-ci ilə gedib çıxır. Cahangirin atası Hümbət, onun atası Talıb, Talıbın da atası Xalıl öz doğum tarixləri ilə Cahangirin doğum tarixi arasında 100 il ara yaratsalar, 1720-ci illəri, bir daha xatırladaq ki, soyun buradakı yurdsalma tarixi kimi qəbul etmək olar.
Qara Asdan oğlunun bildirdiyinə görə, onun ulu babası Cahangir Kəpənəkçidə kənd icmasının başçısı işləyib. Bu, aşağı-yuxarı XIX yüzilin ortalarına dayanır. O çağda kənd icmasının inzibati cəhətdən necə adlandığını dəqiq xatırlamırıq, ola bilər ki, kəndxudalıq olub.
Cahangirin oğlanlarından biri Zülfüqar pəhləvanlıq edərmiş.

xxx
Kəpənəkçi soylarından Bədəlli əsasən iki qardaşın övladlarından oluşub. Bunlar Bədəl və Məmmədalı qardaşlarıdır. Üçüncü qardaş Musa İncəoğlunda yurd salıb. Orada yaşayan Musayevlər onun soyudur. Bu soydan Kəpənəkçidə də var, el arasında onlara Quruşoğulları deyirlər.
Bədəl(ov)li Abbas Osman oğlunun (61 yaş) bildirdiyinə görə, onların ulu babası Qarabağdan Qazağa, oradan isə Bolus-Kəpənəkçiyə köçüblər. Bədəl(ov)li Rəşid Bədəl oğlunun dediyinə görə, bu soydan ilk dəfə Kəpənəkçidə yurdsalan Bədəl olub. Ancaq tarixin doğruluğuna bizdə kuşku yaranır. Çünkü bu soyun Kəpənəkçiyə gəlişinin XVIII yüzilin başlanğıcında olduğu bildirilir. XVIII yüzilin öncələrində gəliblərsə, necə olub qardaşlardan biri XVIII yüzilin ikinci yarısında yaranmış İncəoğlu köyündə yurd salıb. Bəs ona qədər harda olub? Bəzi məqamlarla bağlı dəqiqsizliklər Bədəlli ilə bağlı fikirləri açıq saxlayır.

xxx
Qırxılı soyunun Kəpənəkçidə kök salması isə 250 il bundan öncə baş verdiyi bildirilir. Qırxı və Sərdar adlı iki qardaşın Kəpənəkçiyə gəlişi ilə Qırxılı və Sərdarlı soyları başlayır.
Qırxı kişinin Musa və Bayram adlı oğlanları olub. Bunlardan sonra Yunus və Mahmud olub, ancaq bunların atası yuxarıda adı çəkilənlərdən hansı olduğu bildirilmir. Ola bilər Yunus və Mahmud əmi oğulları olublar. Yəni Musa və Bayramın oğulları.
Mahmudun davamı Haqverdi (97 yaş), İsmayıl və Kərəmdir. Yunusun davamı isə Mikayıl və Musadır.
Bu soyun ulu babası Füzuli rayonunun Sərdarlı köyündən gəlibdir. Hazırda 35-40 evdirlər. Bu bilgiləri Qırxı(yev)lı Nurəddin İsmayıl oğlundan (55 yaş) əldə etmişik. Nurəddin İsmayıl oğlu 1 saylı oxulda kimya fənni üzrə öyrətmənlik edir.

xxx
Yaqub(ov)lu Ağakişi Şamil oğlu (65 yaş) da 1 saylı oxulda öyrətməndir.
Yaqublu haqqında bilgiləri Ağakişi Şamil oğlunun yaddaşına dayanıb sunuruq. Ağakişi Şamil oğlunun Yaqub(ov)lu İlyas Rüstəm oğlundan öyrəndiyinə görə, Yaqublular Qarabağın Kəpənəkçi köyündən gəliblər. Öncə Borçalının qədim bölgəsi “Qaracayurdu”na (Qaraçöpə) köçüblər. Sonradan bir parası orada qalıb, başqa parası Bolus-Kəpənəkçiyə köçüb. Öncə Xasılıların indiki ərazilərində yurd salıblar. Saxıllılarla arada çox ciddi toqquşma olduğuna görə bir kəsimi Türkiyəyə üz tutub, başqa kəsimi İncəoğlu köyündə yurdlaşıblar.
Gərəkən vurğu: Saxıllı və Yaqublunun toqquşma tarixi unudulub və unudulmalıdır. Toqquşma kimlərinsə yanlışı ucbatından baş vermişdir, onu sabaha daşımaq olmaz. Köy bütövlükdə elə qaynayıb-qarışıb ki, hansısa tarixdəki bir suçu gənc soyun əməlinə qaytarmaq bütövlükdə köy üçün faciələrə gətirib çıxara bilər, – ailələr dağıla bilər, abır-həya əldən gedər. Bir sözlə, yanlış tarixdə qaldı. Ona görə toqquşmanın nədənini də burada yazmırıq…
İncəoğlunda erməni kökənli knyazın ərazisində yurdlaşan Yaqublular yeni bir toqquşma ucbatından yenidən Kəpənəkçiyə qayıdıblar – Bayram ağanın yurduna, yəni indiki yurdlarına. Bu toqquşmanın səbəbi odur ki, qaçaqlar knyazın evini yağmalayıblar, kuşku (şübhə) Yaqubluların üzərində qalıb.
Yaqubluların Qarabağdan gəlişi XVIII yüzilin ortalarına bağlanır. Ancaq Kəpənəkçi ilə İncəoğlunun arasındakı yerdəyişmələrin dəqiq illəri bəlli deyil. Hətta sonralar Türkiyədən bəziləri indiki yurdlarına qayıdıblar. Bəs İncəoğlundakı bugünkü Yaqublular öncədənmi orda olublar, sonradanmı qayıdıblar – bu haqda da bilgi verilmir. Bu yazının yazıldığı tarixdə Yaqubluda 40 ev vardı.
Burada gərəkən bir faktı da vurğulamaq yerinə düşər. Bu kitab çapa hazırlandığı üçün Yaqublu soyundan olan şair Zəlimxan Yaqubun da bilgilərini soruşub kitabın bu kəsimində yazmaq qərarına gəldik. Ancaq Zəlimxan bəy sağlamlığının imkan vermədiyini bildirdi. Biz də ona sağlamlıq dilədik, rahatsız etmək istəmədik.

xxx
Sunacağımız sonrakı soy Xasılılardır. Bu bilgini əldə etməyimizdə Xası(yev)lı Vəli Dünyamalı oğlu (64 yaş) köməklik göstərdi.
Bəlli olur ki, bu soyun ulu babası Xası da Qazaxdan gəlib. Xasının dörd oğlu olub. Bunlardan Hümbət və Məhəmməd Qarsa köçüblər və orada Dələvir köyünü salıblar. Deyildiyinə görə, bu köy yalnız o iki qardaşın soyundan oluşub.
Üçüncü qardaş Allahverdi Başkeçidin Şindilər köyündə, dördüncüsü Tanrıverdi isə Bolus-Kəpənəkçidə yurd salıbdır. Allahverdi, bəlli olmayan səbəbdən, adam öldürüb, Qarsa gedib. 1915-16-cı illərdə barışıq olduqdan sonra yenidən Şindilərə qayıdıb.
Tanrıverdinin Musa adlı oğlundan iki oğul olub – Nəsib və Hümbət. Nəsibdən Məhəmməd və Nadir, Hümbətdən isə Dünyamalı, Əhməd, Təhməz və Oruc dünyaya gəlibdir.
Xasının Qazaxdan gəlişi XVIII yüzilin axırlarına dayanır. Kəpənəkçidə hazırda 25 evdirlər.

xxx
Şah İsmayıl Xətai Diyarbəkrdə yönətimi (inzibati idarəetməni) yaraqdaşlarına tapşırıb Ərdəbilə qayıdır. Az sonra Diyarbəkrin Şah İsmayılın tabeliyindən boyun qaçırmasının sorağını alır və orada qiyam etmiş yerli yönətim qurulunun bölükləri üzərinə ordu bölüyü yeridir. Qiyamçılar arasında hərbçi sərkərdələrdən Təkə bəy, Qıpçaq Mehdi adlı şəxslər də olub. Şah İsmayıl qiyamçıları darmadağın edir, adı çəkilən şəxslər Diyarbəkrdən çıxırlar.
– Mehdili Azər İsa oğlunun (Azər Mehdioğlu) bilgiləndirməsinə görə, hansısa yazılı qaynaqda bildirilir ki, Qıpçaq Mehdi ya Qarsda, ya da Borçalı yaylaqlarında Kəpənəkçi tayfalarına qoşulur. Belə çıxır ki, indiki Bolus-Kəpənəkçidə Mehdililərdən ilk yurd salan Qıpçaq Mehdinin özü yox, onun öz soyundan kimlərsə olub. Çünkü XVI yüzilin başlanğıcı ilə XVIII yüzilin başlanğıcı arasında iki yüz il ara var. Qıpçaq Mehdinin öz yaşını da üstünə gəlsək, hardasa 250 il demək olur ki, bu da Kəpənəkçinin yurdlaşma tarixinə uyğun və inandırıcı görünmür. Burada ilginc görünən “Kəpənəkçi tayfaları” deyimidir. Bu isə bizi çaşdırmamalıdır: – Ayrı-ayrı tarixi qaynaqlarda Kəpənəkçi adının çəkilməsi – məsələn, akademik Musxelişvili yazır ki, V yüzildə Bolus rayonunun ərazisində Kəpənəkçi köyü olub (bu faktı Abbas Abdulladan götürmüşük). Eləcə də Qurucu Davidin çağında (XIII yüzil tarixdə) Kəpənəkçi adının mövcud olması bildirilir. Bu faktlara İsa Mehdioğlu da hardasa rast gəlibdir. Məsələyə aydınlıq gətirməzdən öncə, başqa sözlə, adı çəkilən fakta toxunmazdan qabaq İsa Mehdioğlunun özü ilə bağlı bir neçə söz demək yerinə düşər. Yuxarıda vurğuladıq ki, Kəpənəkçidə yurd salan qədim soylardan biri Mehdili soyudur. İsa bəy də bu soyun oğludur. Bu adı mən lap uşaqlıqdan eşitmişəm. El arasında ona Doxdur İsa deyirlər. Bu ad onun ixtisasca həkim olmasına görədir. Burada İsa bəyin həkimliyi ilə bağlı söz demək istəyimiz yoxdur. İndi Kəpənəkçidən olan insanlar arasında həkimlər, mühəndislər, öyrətmənlər və başqa peşə yiyələri yetərincədir. Odur ki, İsa bəyi peşəçilər arasından seçib sunmaq yersiz olardı. Onun adının vurğu olunmasının başqa nədəni var. Biz İsa Mehdioğlunu vətənsevər, millətsevər aydın kimi tanımışıq. Peşə insanı olmaq asandır. Peşə insanı işini görəv kimi yerinə yetirir. Bu, həm də onun dolanışıq qaynağı olur. Ancaq “Aydın” olmaq çətindir. Hər yerdə də deyirlər ki: El üçün ağlayan kor olar”. İçində “Aydın”lıq olan insanı bu deyim qorxutmaz. O, “kor olmağı” seçər, buna sevə-sevə gedər. Burada onun qazancı yoxdur, xərcləmələri var. Hələ Sovet dönəmində İsa Mehdioğlu elin, köyün şərəfi ilə bağlı ayrı-ayrı çabalar göstərmişdir. Onun çabaları ciddi sonuca varmasa da, həvəsdən düşməmişdir. Hətta sovetlər dağılandan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstituna üz tutmuş, onlara Kəpənəkçi ilə bağlı, eləcə də Kəpənəkçinin yörəsində araşdırılmalı məsələlərin olduğunu bildirmişdir.
Yurdumuz Azərbaycanın tarixi qədimliyini nişan verən tarixi qaynaqlara nədənsə Tarix İnstitutu başdansovudu yanaşmışdır. Ancaq İsa Mehdioğlu özü bacardığı qədər bu məsələlərə aydınlıq gətirməyə çalışmışdır. İsa bəyin millətsevərlik işləri bununla bitmir. O, tarixdən bəlli olan sufilik təriqətinin incəliklərinə varmış, öz ulusu üçün insan böyüklüyünün, gözəlliklərinin doğru yönünü aydınlaşdırmağa çalışmışdır.
Mən İsa Mehdioğlu ilə ilk dəfə 2004-2005-ci illərdə Kəpənəkçidə tanış oldum. Yəni üz-üzə oturub söhbət elədim. Bu görüş İsa bəyin oğlu Azər Mehdioğlunun araçılığı ilə baş tutmuşdur. Bakıda Azər bəylə tez-tez görüşürdük. O bu görüşümüzdən aldığı bilgilərlə bağlı İsa bəyə deyibmiş. Mənim daşıdığım əqidə İsa bəyin diqqətini çəkmişdir.
Mən o söhbətdə öz əqidəm haqqında geniş danışıb bilgi vermişdim. Hətta yazılarım çıxmış dərgilərdən, kitablarımızdan da bağışlamışdım. Sonra üstündən illər keçdi, bizim İsa bəylə görüşümüz olmadı. Bir gün, 2012-ci ildə, əl telefonuma zəng gəldi, – İsa bəy idi. Görüşmək istədiyini dedi, görüşdük… İndi artıq tez-tez görüşürük. Bu görüşlərin hər biri mənə sevinc verir. Yüksək mədəniyyətli, mərifətli ağsaqqal, gələcəyə ayıq gözlə baxan bir eloğlumun varlığı ilə öyünürəm.
İndi isə Kəpənəkçi adının qədimliyi ilə bağlı məsələyə aydınlıq gətirək. Yel Dağının güney-doğu tərəfdən qarşısında kilsə var. Adına “Sarı Kilsə” deyirlər. Kilsə çox qədimdir. Akademik Musxelişivilinin yazdığını əsas götürsək, kilsənin tarixi V yüz ili aşır. Görünür ki, Bolus rayonu ərazisində Kəpənəkçi köyü elə bu kilsənin olduğu yerdə imiş. Hətta İsa Mehdioğlu bunun köy deyil, şəhər olduğunu güman edir. O, bizimlə söhbətdə uşaqlıq illərində gördüklərini təsvir etməyə çalışırdı. İsa bəy Yel Dağından başlayaraq, indiki Kəpənəkçi köyünün üst (quzey-batı) yanından keçməklə, ermənilərin Xaçın köyünün arxasına qədər bir ərazidə kalafaların olduğunu gözü ilə gördüyünü söyləyir.
Kalafaların üst tərəfi “Faldaşı”na, alt tərəfi isə indiki Kəpənəkçi köyünə dayanırmış. Kalafa – yəni batmış yerlər. Yel Dağından Xaçın köyünün arxasına qədər ara 6 km olar. Görünür ki, bu arada Kəpənəkçi köyü, ya da şəhəri olubmuş. (Biz buna şəhər desək, daha doğru olar. Çünkü bu böyüklükdə arada köy yox, ancaq şəhər ola bilərdi). Əgər bu ərazidə ciddi qazıntı işləri aparılsa, hər şey bəlli olar.

Doğal olaraq bu şəhərin batma nədəni ilə də bağlı sorğu doğur. Burada da İsa bəy gümanını söylədi: “Məncə, Çingiz Xan Qafqaza gələndə bu şəhəri özünə tabe eləmək istəyib. Şəhər tabe olmayıb, o da batırıb”. Tarixdən bəllidir ki, Çingiz Xan basdığı yerlər tabe olmayanda yandırıb batırırmış. Ancaq Çingiz Xan Qafqazda olubmu, hansı çağda olub – bununla bağlı yazı yazarının bilgisi yoxdur.
İsa Mehdioğlunun gümanına görə belə bir batmış şəhər Saxundurda olub. Orada da səkkizayaq deyilən bir kilsə var. Ancaq olduqca ilginc bir məsələdir – hər şey batıb, yalnız kilsələr qalıb. Qıymayıblar, ya nişan saxlayıblar bəlkə.
“Saxundur” sözü ilginc sözdür. Bizə görə bu söz “Sakındır” anlamındadır. Yəni sakların yurdudur. Saklar türk boylarından biridir. Çox ola bilər ki, Kəpənəkçidəki soylardan olan Saxıllılar “İsayev”dən deyil, “Sak”dan gəlmə bir deyilişdir. “İsayev”i Saxıllı adlandırmaq uyğun da gəlmir. Bu İsaxıllı deyil. Çünkü “İsaak” sözü də “İsayev”lə bağlı görsənmir. Deməlli, böyük ehtimalla saxıllılar saka türklərinin soyundandırlar.

Yuxarıda haqqında danışdığımız Kəpənəkçi şəhərinin adı da Kapanakçı kimi vurğulanır. Kapanak (Qapanaq) arı türk sözüdür. Ancaq indiki “Kəpənəkçi” sözü Kapanakçı sözündən qaynaqlanır, ya yox, demək çətindir. Bununla belə, bir məsələ var ki, indiki Kəpənəkçi köyü Kapanakçı şəhərinin varisi deyil. Kapanakçı çoxdan batmış, xarabalıqları qalmışdır. Dediyimiz kimi, varisi olsaydı, ən azından sonevlərin tarixi bunu sübut edərdi. İndiki Kəpənəkçi isə ormanda, ağacların kəsilməsi ilə salınmışdır ki, bu haqda yuxarıda danışdıq. Bəs necə olmuşdur, 300-350 il qabaq salınmış bir köyə Kəpənəkçi adı qoyulmuşdur? Görünür ki, qədimdə Oğuzlar köylərinə Kəpənəkçi adını qoyurmuşlar. Gələnək yəqin ki, ordan gəlir. Yüz il bundan sonra salınacaq hansısa bir köyə də Kəpənəkçi adının veriləcəyinə tamamilə təbii baxırıq. Doğrudur, bu gün “yapıncı” geyimi gələnəksəl deyil, ancaq dağ-aran arasında yurd salmalar bu gün də var, yapıncı geymək isə heç də aradan qalxmayıb. Qədim gələnəklərə, yeri gələndə, üz tutmaq isə gerilikdən deyil, ləyaqət-dən¬dir. Deməli, Kəpənəkçi adlarının çox olması – Oğuzların yurdlarına öz gələnəklərindən irəli gələn yanaşmalarıdır.
Bilgiyə görə, Qıpçaq Mehdi özüylə çoxlu cins atlar götürübmüş və bu atların dölündən Mehdililər XX yüzilin birinci yarısına qədər saxlayıbmışlar. Hətta çarın da iştirakı ilə 1893-94-cü illər Tiflisdə keçirilən atların qaçış yarışlarında bu atlar qalib çıxmışlar. Hələ o vaxtlar Mehdilinin yurdundan köyün güney tərəfdən indiki qurtaracağına qədər olan ərazi qoruq imiş. Buraya “Mehdilinin qoruğu” deyirmişlər.
İndi isə, biz Kəpənəkçinin ilk yurdsalanlarından biri olan Mehdilinin soy ardıcıllığını sunuruq: – Doxtur İsa – Molla Mahmud – Musa – Qara Nəbi – Qara Hüseyn – Qara Abdurəhman – Musa… Bu davam Qıpçaq Mehdiyə dayanır. Ardıcıllıq bu gündən qədimə doğru göstərilib. Təbiidir ki, bu ardıcıllıq Mehdilinin bir qoludur, başqa qollar haqqında bilgimiz yoxdur.

xxx
Kəpənəkçinin daha bir soyu Hacallıdır. Biz bu soyla bağlı bilgini şair Abbas Abdulladan dinləmişik. Bu soyun Kəpənəkçidə nə vaxt yurdsalmasıyla bağlı sorğunu Abbas Abdulla qəbul etmir, əzəli bir yurdda olduqlarını inad edir. Biz bu inada sayğı ilə yanaşırıq. Ancaq inad əsaslı fakta söykənsəydi, əlbəttə, biz yalnız bu inadın yurdçuluq ləyaqətini təkcə ölçü qəbul edərdik. Akademik Musxelişvilinin “V yüzildə bu ərazidə Kəpənəkçi kəndi olub” fikri, doğrudan da, çox ilgincdir. Ancaq bu fakt, yuxarıda dediyimiz kimi, indiki Kəpənəkçiyə bağlı deyil. Bağlı olsa, ortaya sorğu çıxır. V yüzildən XVIII yüzilə qədər arada 1300 il vaxt var. Əgər bu deyilən fikir doğrudursa, bəs bu yüzillərdə ölənlərin sonevləri, sonevliyi haradadır? Elə ona görə də istənilən faktsız qovğa özünü doğrultmur.
Beləliklə, bildirilir ki, indiki Hacallı soyunun kökü Seyid Hacala dayanır. Hacallıdan da bizə aşağıdakı “qol” sunuldu: Abdulla ağa – Alxas ağa – Hacı Əmirasdan ağa – Məhəmməd ağa – Mənsur ağa – Abdulla ağa… Ardıcıllıq bu gündən dünənə göstərilib. O da bildirilir ki, Seyid Hacal Uyğur türkü olub. Alxas ağanın sonevi Kəpənəkçinin doğu yarımparçasındakı sonevliyində yerləşir. Hacı Əmirasdan ağa Məkkədə ölüb.
Gələnəksəl olaraq, el haqqında təsəvvürləri ayrı-ayrı şəxslər öz əməlləri ilə dolğunlaşdırır və tarixi aydınlıq yaradırlar. Belə şəxslərdən biri də Hacallıdan olan Emin ağadır. Emin ağa eyitim görmüş şəxs olub. 1905-ci ildə Borçalıda erməni-türk qırğınının qarşısını almaqda, barışığa çağırmaqda İlya Çavçavadze ilə birgə gərgin əmək qoymuşdur. 1918-ci ildə Osmanlı Qafqaz-İslam ordusunu Türkiyə sınırında qarşılayıb və Qazaxa qədər bələdçilik edib. Bu vaxt Bakıda ermənilər və ruslar türk-müsəlman qırğını törətməkdə idilər. Qırğının qarşısını almaq üçün Qazaxdan Bakıya hərəkət edən Osmanlı türk paşası Qarsı erməni yağılığından qorumağı Emin ağaya uyarır. Emin ağa Qarsa yollanır və orada Milli İslam Şurası hökuməti yaradır, özü də onun başçısı olur. 1919-cu ilin fevralında bu Şura əsasında “Cənubi-Qərbi Qafqaziya Türk Cümhuriyyəti” qurulur. Bunun quruculuğunda Emin ağa yaxından qatılır. İngilislər bu cümhuriyyəti dağıdırlar və qurucuları tutuqlayırlar. Emin ağa ingilislərin əlindən qurtarıb Batuma, oradan Tiflisə gedir. Tiflisdə onu gürcü-menşevik hökuməti tutuqlayır. Çox çətinliklə dustaqxanadan qaçır və Qazaxa gəlir. 20-ci yüzil 30-cu illərin ortalarında burada ölür. Sonevi Qazaxın Qarapapaq sonevliyindədir.
Emin ağanın anası Pəri xanım Alxas ağanın bacısıdır. Atası Əyyub ağa isə Alxas ağanın əmisi oğludur.
Talıblının güney tərəfində yerləşən dağın zirvəsi “Emin ağanın qayası” adını daşıyır.

xxx

İstəkli sabahdaşlarımız! Beləliklə, Kəpənəkçi haqqında, onun bəzi köklü soyları haqqında ağlımızın, qəlbimizin gücü çatdığı qədər bilgilər sunduq. Bu el haqqında bir az dərin düşünəndə bəlli olur ki, buraya təsadüfi bir yığamat kimi baxmaq olmaz. Kəpənəkçi təkcə özünü təmsil eləmir, Borçalının varlığını, milli keyfiyyətlərini ifadə edir. On illərdir yadların qovmasına uğrayan (deportasiya) Kəpənəkçililər öz türk simasını qoruyub saxlaya bilmişdir. Bunun səbəbi təbiətlə sazın ülvi birliyi olmuşdur. Elə adamlar var ki, onlara sazın məcnunu demək qətiyyən yanıltmaçılığa səbəb olmaz.
Türk vüqarı sazımızda nəğməyə çevrilib. Saz səsi gələndə dağlara baxırıq, duyğularımız ən uca zirvələrdə qərar tapır. Saz şeiri yazılır köksümüzə dağlardan. Dağ xislətli, saz hikmətli bir elin gələnək¬lərində türk mənliyi yaşayıb bu günə qədər.
Bu gün yad gələnəklər yeriyir üstümüzə. Dünyanın batısından dalğa-dalğa hərcayi mədəniyyət yurdumuzu bürüməkdə, qapımızı döyməkdədir. Bürüyüb də, döyüb qapımızı, açmışıq da. Bu, bizim mənliyimizə qarşı düşünülmüş qəsddir. Sazımızı susdurmaq, vüqarımızı öldürmək xətası işləyir içimizdə. Yazı sistemimizi məhv eləyən, türk adımızı aradan qaldıran ərəbçilik; Güneyli-Quzeyli olmaq etibarilə parçalanmağımıza, ruhumuzun çolaq olmasına qərar verən farsçılıq-rusçuluq amansızlığı; özgürlüyümüzün, bağımsızlığımızın oyuna çevrilməsini, ailəçiliyimizin, əxlaqımızın hərcayi duruma salınmasını təkanlaşdıran ingilisçilik Azərbaycanın varlığı üçün ciddi qorxu kimi dərk olunmalı və mənəvi-ruhani dirəniş gələ¬nəyi yaranmalıdır bunlara qarşı. Gələnək-görənəklərimizin addım-addım “çağdaşlaşması” dirəniş görməsə, bizim öyə-öyə araşdırdığımız Kəpənəkçidən də bir şey qalmaz. Bax, ən böyük tarixsizlik, aqibətsizlik bu demək olar. Sazımızı toylardan, ruhumuzu sazımızdan uzaqlaşdıran əllər kəsilməlidir. Bu gün az qala əngəl görmədən evlərimizə soxulan “çağdaşlıq” heç də gəlişmə və yenilik demək deyil, özünəyadlaşma fəlakətidir. Özünəyadlaşma ümumxalq sorunudur. Yurdumuz Azərbaycan-Türkelin bu gün sosial-siyasal, mənəviyat-əxlaq baxımından çolaq durumda olmasının başlıca səbəbi özünəyadlaşma prosesidir. Biz elimizin hər bireyinin (fərdinin) diqqətini bu cür məsələlərə yönəltməklə yurdçuluq, ulusçuluq ləyaqətini gözardı etməmək səviyyəsi umuruq. Bugünkü həyatda Azərbaycanı balaca saymaq günahı yaşayır. Azərbaycanın qorxaq, cılız, satqın, zəlil obrazı yaradılır, onu gözdənsalma əməlləri həyata keçirilir. Azərbaycanı sevmək yox, söymək öyrədilir gəncliyə. Biz böyüklüyü, qurtarıcılığı (xilaskarlığı) qıraqda axtarmalı deyilik, öz qurtuluşumuzu, qurtarıcımızı özümüz yaratmalıyıq. Azərbaycanın əsas xalqı olan türk təkcə ulusdur ki, bənzəri olmayan dəyərlər yaradıb. Bəşəriyyətə ilk Peyğəmbəri – Zərdüştü o verib. Dədə Qorqud olayı ki, insan qocalanda müdrik olur, yol göstərir, öyüd verir, gələcəkdən soraq verir – bu Azərbaycanda yaranıb. Qocalmaq – ağlını itirib uşaqlaşmaq demək deyil, ucalmaq, kamil səviyyəyə qalxmaq deməkdir. Babək elə bir olaydır ki, onda Qəhrəmanlıq, Filosofluq, Peyğəmbərlik uca birlik yaradır. Ərəb azğınları yandırdılar Babəkin fərəhçilik fəlsəfəsini, özünü isə sümük-sümük doğradılar. Çünkü nə ideyalarının gücü çatırdı Babəkə, nə də qollarının. Kin ərşə dayanmışdı Babəkə qarşı. Həmin kindir ki, Babəkə qarşı bu günə qədər böhtanlar yağdırılır, – Azərbaycandakı zəlil havadarları ilə birgə.
Dünyanın heç bir xalqında Azərbaycanda olduğu qədər İnsana yüksək qiymət verilməyib. Nəimi təlimində insan təriqət səviyyəsinə qaldırılır, Nəsimi şeiriyyəti insanı ilahi xilqət kimi öyür. Füzuli insana yanaşmanı – sevdalı, eşqli yanaşmanı din səviyyəsinə qaldırır.
İnsan muğamatda kamillik səviyyəsinə yüksəlir, dünyaya o yüksəklikdən baxır. Dünyanın heç bir dəyəri ilə ortaqlığı olmayan, tutuşdurulmayan saz Azərbaycan türk dəyəridir.
Bütün bunların sintezi və zirvəsi Asif Atanın Mütləqə İnam Dünyabaxışıdır. İnsançılıq-millətçilik-vətənçilik-bəşərilik Asif Atanın ideya-prinsiplərinin özülüdür. Bunları öyrənib yiyə çıxmaq yerinə dışlamaq balacalığı yaşayır içimizdə. Böyük Dəyərlər verir bu xalq. Belə bir xalqı balaca saxlamaq da günahdır, balaca saymaq da.
Bu xalqın böyük olmasını Rusiya istəmir, çünkü bu xalqın böyüklüyü Rusiyanın imperiya istəklərinə qarşıdır. Ona görə də daim ermənini dişinəcən yaraqlandırıb bu xalqın üstünə göndərir.
İran bu xalqın böyük olmasını istəmir, çünkü Təbrizi əldən vermək və böyük bir Türk dövləti ilə (Güneyli-Quzeyli Azərbaycan ilə) qonşu olmaq onun istəklərinə uyğun deyil.
Ərəb bu xalqın böyük olmasını istəmir, çünkü bu xalq böyüyəndə öz İnamını, Dünyabaxışını ortaya qoyar. Bu isə ərəb xurafatının, cəfəngiyyatının bizim yurdumuzdan rədd olub getməsi demək olar. Azərbaycan özü Ruhaniyyat ortasına çevrilə bilər. Babəki qətlə yetirən, Nəsiminin dərisini soyan ərəb kini, qısqanclığı buna razı olmaz.
İngilis bu xalqın böyük olmasını istəmir, çünkü Böyük Azərbaycanın sərvətlərini (o cümlədən neftini) asanlıqla daşıyıb aparmaq mümkün olmaz. Böyük Azərbaycanla Türkiyənin birliyindən erməni də quyruğunu qısar, Qafqaz da dinclik tapar, Doğu da.
Görünür Azərbaycan iqtidarı və müxalifəti də bu xalqın böyük olmasını gözə almır, buna çılaşmır. Çünkü böyük xalqın başına istənilən balaca baş, iddiası mənəviyatından yuxarıda dayanan adam asanlıqla dırmaşa bilməz. Bu xalqın dövlətini yönətməyə böyük oğulların gəlişi zərurətə çevrilər.
Beləliklə, bəlli olur ki, hamı Azərbaycanı başından aşağı basmaqla uğraşır. Bu həqiqəti dərk etmək ən azı hər bir yurddaşımızın qutsal borcu olmalıdır.
Sayğılı soydaşlarımız! Kəpənəkçi kimi bir obaya yanaşma Azərbaycan-Türkelə yanaşmanın görünüşü kimi gözəldir, gözəl olmalıdır.
Biz də sizə bu gözəlliyi qurmaq xoşbəxtliyi diləyirik!

Mütləq Sizə Yar olsun!
Atamız Var olsun!

23 Çiçək Ayı, 27-ci il.
(aprel,2005)
Borçalı-Bakı.
(Yenidən işləndi: Qürub Ayı, 37-ci il. (avqust, 2015.)

Print Friendly, PDF & Email
Review overview