Home / İqtisadiyyat  / Bakı dəmiryol stansiyasında təmir işləri nə vaxt başa çatacaq?

Bakı dəmiryol stansiyasında təmir işləri nə vaxt başa çatacaq?

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Qeyd edək ki, paytaxtımızın

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Qeyd edək ki, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.

Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-cı ilin sonunda başa çatması nəzərdə tutulur.

N.Əzməmmədov bildirib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri C.Qurbanov təmir-tikinti işlərinə baxış keçirəndən sonra öz tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün deyək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.

Vağzal binasının “Mavritaniya” üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

Bakı dəmiryol vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvi surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Review overview