Home / Hadisə  / Azərbaycanın şəhid hərbçisi Mingəçevirdə dəfn edildi

Azərbaycanın şəhid hərbçisi Mingəçevirdə dəfn edildi

Azərbaycan Ordusunun şəhid olmuş hərbçisi Tağıyev Rahim Qara oğlu iyulun 10-da Mingəçevir şəhərində dəfn edilib. Şəhid hərbçi Rahim Tağıyevin nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi

Azərbaycan Ordusunun şəhid olmuş hərbçisi Tağıyev Rahim Qara oğlu iyulun 10-da Mingəçevir şəhərində dəfn edilib.

Şəhid hərbçi Rahim Tağıyevin nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Şəhidi son mənzilə yola salmaq üçün minlərlə mingəçevirli küçələrə axışıb. Şəhid Rahim Tağıyevin cənazəsi yaşadığı evdən Şəhidlər Xiyabanınadək əllərində Azərbaycanın üçrəngli bayrağını tutan minlərlə insanın müşayiəti ilə aparılıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Rahim Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Həmin vaxtdan koma vəziyyətində olan tankçı Tağıyev Rahim Qara oğlu bu gün səhər saatlarında hərbi hospitalda dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Rahim Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. O, aprel döyüşləri zamanı ağır yaralandığı üçün Bakıdakı Hərbi Hospitalda müalicə edilirdi.

Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilmişdi. Rahim Tağıyev 3 ay 7 gün idi ki, koma vəziyyətində idi. Üç uşaq atası olan şəhid hərbçi ailədə 5 qardaş və 3 bacı idilər. Yaxınlarının sözlərinə görə, bir neçə gün idi ki, Rahimin səhhətində yaxşılığa doğru bir az irəliləyiş olmuşdu. Lakin bu gün səhər saatlarında hərbçi dünyasını dəyişib.

Review overview