Home / Mədəniyyət  / “Sea Breeze”də “İsti günlər” başlandı

“Sea Breeze”də “İsti günlər” başlandı

İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival məşhur artistlərin qırmızı xalı üzərindən keçidi ilə başladı. Aparıcılar Slava Nikitin və Yuliya Lısenkonun suallarını cavablandıran festival iştirakçıları Bakıya səfərlərinin

İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Festival məşhur artistlərin qırmızı xalı üzərindən keçidi ilə başladı. Aparıcılar Slava Nikitin və Yuliya Lısenkonun suallarını cavablandıran festival iştirakçıları Bakıya səfərlərinin təəssüratlarını bölüşdülər, şəhər sakinlərinin qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən, təqdim edəcəkləri proqramdan danışdılar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını söylədilər. Əsl ulduz paradını xatırladan qırmızı xalıda çoxsaylı fotoşəkillər çəkildi, tamaşaçılar Bakıda çoxdan gözlədikləri artistlərlə ünsiyyət qurdular, onların libaslarının özəlliyindən söhbət açdılar. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalının dünyanın ən hərarətli yay festivalı olduğu bildirildi.

Festivalın fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bakıda ilk növbədə hansı yerləri ziyarət etməyə dəyər” sualını cavablandıraraq dedi: “Bütün yerləri ziyarət etməyi və qonaqpərvər, səmimi insanlarla tanış olmağı məsləhət görürəm”.

Qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra “Jara” Beynəlxalq Musiqi Festivalına start verildi. Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət etdi, Festival “Rast” qrupunun çıxışı ilə başlandı.

İki gün davam edəcək festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirir. Səhnəyə Filip Kirkorov, Polina Qaqarina, Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, EMİN, LOBODA, Qriqori Leps, Aleksandr Revva, Leonid Aqutin, Vlad Sokolovski, Anna Sedokova, Denis Klyaver, Artik və Asti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Slava, Sati Kazanova, “Arsenium”, Mitya Fomin, Katya Lel, Diana D., A-DESSA, Bahhtee, The Jiggits, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu çıxacaqlar.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. “İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

Review overview