Home / Cəmiyyət  / Bu, Azərbaycan unsanının ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu

Bu, Azərbaycan unsanının ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu

(Aprel şəhidlərinə ithaf)   Birinci yazı Ölkədə baş verən ən adi siyasi-hərbi silkələnmələr informasiya cəbhəsinin immun sistemini bir qayda olaraq risk zonasında məhşər ayağına çəkir. Əsl düşmənimiz - qabarmalardan sonrakı nişanələr, tərəddüd, güman, şübhə kimi xarakterizə oluna biləcək

(Aprel şəhidlərinə ithaf)

 

Birinci yazı

Ölkədə baş verən ən adi siyasi-hərbi silkələnmələr informasiya cəbhəsinin immun sistemini bir qayda olaraq risk zonasında məhşər ayağına çəkir. Əsl düşmənimiz – qabarmalardan sonrakı nişanələr, tərəddüd, güman, şübhə kimi xarakterizə oluna biləcək çatlar isə daha çox sərtliyi ilə yadda qalır və heç bir güzəşt tanımır: qüsurları islah etmək üçün lazım olan zaman, şans, macal anlayışları ən zəruri ehtiyac bazasında öz məğlubiyyətini hərəkət dinamikasını itirməklə ifadə edir! Çünki (arxa cəbhədə) həvəskarlara xas kobud səhvlərin qarşısında bəzən (ön cəbhədə) hətta ən müasir hərbi biliklərlə yüklənmiş, yüksək çinli peşəkar hərbçilər belə tab gətirmir: Analar oğul, xanımlar ər, övladlar ata, Vətən ƏSGƏR itirir!..

Tariximizin ən böyük faciəsilə taleyimizin ən böyük ironiyası arasındakı fərq zamanın yuvarlaq qanunlarına boyun əymir. Əsl vətənpərvərlər vətənpərvərlik haqqında danışanların çörək ağacına çevrilib. Daha yaddan çıxmış həqiqətləri ötəri həzzlərin dəbdəbəli saraylarında axtarmaq heç kimin ağlına gəlmir. Hər gün oğru pişik kimi sevinə-sevinə evimizə daşıdığımız bərəkətin mayası şəhid qanı ilə yoğrulub. Di gəl, tox gödənimiz yaddaş mərəzimizin ağrı-acısını axıradək yaşamağa macal vermir. Dağdan ağır dərdlərimizlə yarımçıq doğulmuş uşaq kimiyik! Yoxsa bunu bilməyə nə vardı! Məglubiyyətimizin əsl ünvanı zəbt olunmuş torpaqlarımız, o torpaqlarda gecə-gündüz kiprik qapamadan düşmənlə göz-gözə dayanan oğullarımız deyil! Özündə cəsarət tapıb çirkli əllərini çamura atanlar sinirləndiyimi düşünməsinlər. Onsuz da Azərbaycan əsgərini mənim qədər mənən tanıyan, onun qəhrəmanlığına şəxsən şahidlik edən çox az yaradıcı adam var. Bu düşərgədə keçirdiyim iyirmi ildən artıq zaman kəsimi həyatımın ən şərəfli səhifəsi, qürur mənbəyidi. Çünki biz heç vaxt cəbhədə uduzmamışıq! Bu gün də uduzmuruq!..

Məglubiyyətimizin əsl ünvanı başkəndimizdi, başkəndimiz!

Bu qəfil və qəti nidanı məqamgirlərin “yeminə” çevirməmək üçün dərhal sual verirəm (çünki həyat məni həmişə ehtiyatlı olmağa vadar edib): İnformasiya cəbhəsinə xərclənən milyonlarla vəsait dövlətin sığorta haqqını, görəsən, niyə ödəmir?!! Görəsən müqayisəyə gəlməyəcək diqqət və qayğının müqabilində niyə bu haqq ölkənin birinci şəxsinə, Ali Baş Komandanına qaytarılmır! Çünki o vəsait delitantlarin əlinə keçən kimi öz həqiqi missiyasına, təyinatına xəyanət edir, forma və məzmununu itirir, yolunu azır! Hər fürsətdə özünü gözə soxan “poçt göyərçinləri”nin, fəxri ad, mənzil davasına qalxan media “maqnat”larının qazanc mənbəyinə, ailə büdcəsinə çevrilir. Və nəhayət, ən qısa müddətdə qarşımızda əsl qatil obrazında zühur edir! Bu qatili biz öz ocağımızın başında, öz əlimizlə, öz Vətənimiz üçün böyüdürük. Təəccüblənməyin…

Söhbət dövlətimizin, xalqımızın və ordumuzun informasiya təhlükəsizliyindən gedir, cənablar. İllərlə davam edən fasiləsiz təzyiq və təhdidləri ənənəvi güc mərkəzlərinə yönəltmək mərəzimizdən bəlkə əl çəkək; bəlkə daha çox ətrafımızdakılara şər-böhtan atmaqla yadda qalan həyat fəlsəfəmizi, yaşam tərzimizi, əxlaqımızı dəyişək; bəlkə ancaq yaxınlarımızı nəzərdə tutan əhatə dairəmizi genişləndirək; heç olmasa şəxsi ambisiyalarımızdan ötrü dəridən-qabıqdan çıxmağımızı vətənpərvərlik adlandırmayaq!
Niyə başa düşmürsüz, daha hərbi libas geyinmək, hətta cəbhədə düşmənlə üz-üzə dayanmaq belə min illərlə tarixi olan bu ali insani dəyəri ifadə etməkdə yetərli deyil. İndi o, öz parametrlərini yuxusuz gecələrlə izlənən davamlı yaradıcılıq axtarışlarında, çevik düşüncə tərzində, fərqli görkəm və tərkibdə təqdim edir.

Başkənd düşünən başların, düşünən başlar isə informasiya cəbhəsinin paytaxtı olmalıdı! Reallıq hər gün yeni sürprizlərlə qarşımızı kəsir; öz həqiqi simasını, məqsəd və məramını yalançı cizgilərlə pərdələyir, diqqəti əsas hədəfdən ustalıqla yayındırır. Onun gücü məxfiliyindədi. Bu məxfilik reallığı döyüş səhnəsində daha çox amansızlığı və sərtliyilə yadda qalan bir düşmən obrazında formalaşdırır; inanılmaz ilğım effekti yaradır; görmək istədiklərimizlə gördüklərimiz arasındakı fərqi itirir. Reallıq hissini unuduruq. İnamla, fərəhlə addımladığımız yerdə, gözləmədiyimiz halda ayağımız qəfildən boşluğa düşür. Hər şey “bizə elə gəlirdi ki” adlı təhlükəli uçuruma yuvarlanır. Çünki həvəskar informasiya mühəndislərinin çiyni bu mürəkkəb konstruksiyalı müharibə səhnəsində məxfi kambinasiyalarla zəngin döyüş əməliyyatları üçün çox kövrəkdi, cənablar, çox kövrək…

Aprel döyüşləri Azərbaycan əsgərinin öz qanı ilə şəxsən möhürlədiyi və tarixin ixtiyarına buraxdığı çeşid-çeşid qəhrəmanlıq salnaməsinin nə birinci, nə də conuncu səhifəsi deyil. Tələsməyin! O hələ bundan sonra da ən ucqar vətəndaşımızı belə özünə tanıdacaq çox ilklərə imza atacaq. Yulğun çubuğu ilə gerizəkalıların toz basmış mənini qədimi xalça kimi çırpacaq! Unudulmuş təkrarsız naxışlarla yurd insanına yeni nəfəs, yeni obraz gətirəcək! Vətənini, dövlətini, xalqını öz polad çiyinlərində bütün dünyaya haqq etdiyi qələbənin əsl ünvanı kimi daşıyacaq!

Çünki cəmiyyətin ən aparıcı simasına çevrilməkdə israrlıdı. Bu günün teatr səhnəsində o, baş qəhrəman obrazının ən dolğun ifaçısı, təşəbbüsü öz əlində saxlayan ideal gücdü. Ancaq hər şeyi bu əsgərin üstünə atmaq, taleyüklü problemlərin həllində yalnız onu hədəf seçmək əxlaq deqradasiyası kimi anlaşılar. Çünki onun da bizdən umduğu, bizdən gözlədiyi ciddi nəsnələr var. O nəsnələrin ən ümdəsini arxa cəbhədə informasiya təhlükəsizliyi kimi xarakterizə etməkdə və qabartmaqda fayda görürəm (ikinci yazıda bu barədə geniş bəhs olunacaq – İ.R.). Ölkə prezidenti, Ali Baş Komandanın orduya davamlı diqqət və qayğısı, müdafiə nazirinin ənənəvi səngər həyatı ilə müşayiət olunan fədakarlığı fonunda biz az qala foto-albom, nekroloq səviyyəsində, baş girləmək kimi anlaşılan media taqımımızla səhra çıxışındayıq. Bəri başdan xəbərdarlıq edirəm, bizə soyuq müharibənin daha dəhşətli uğursuzluğunu tanıdanlar məlumatla informasiya anlayışları arasındakı fərqi tanımayanlar olacaq. Belələrini zamanında informasiya mətbəxinə “qab-qacaq yumağa, çörək doğramağa” göndərməsək, sonradan onların cansız cəsədi də öz həqiqi simasını gizlədəcək, Azərbaycan əsgərinin qəhrəmanlığına şərik çıxacaq. Çünki döyüş meydanlarında qorxudan ürəyi partlayıb ölənlərin də nəşi qalır…

İkinci yazı

Mənim ölkəm informasiya silahı ilə soyuq davranmağın ən dəhşətli nəticələrini özündə əks etdirən ideal poliqondu. Reallıqdan kənar müstəvidə müharibə həqiqətlərinin bu sayaq aldadıcı manevrlərlə ciddi çaşqınlıq yaradacağını, hücum edən tərəflə müdafiə olunan tərəf arasındakı fərqi istədiyi kimi cızmaqla mükəmməl təsir vasitəsinə çevirəcəyini axı kim ağlına gətirərdi!..

Qəribədi, artıq uzun müddətdi eyni səhnədə oynanılan bu tamaşa nə süjet xəttində, nə də aparıcı obrazlarının taleyində önəmli rol oynayacaq yerdəyişmələrə məkan vermir; həm həqiqi qəhrəmanlarını bir ovuc təlxəyin ayağına gətirməklə alçaldır, təhqir edir, həm də öz elektoratını qoruyur, populyarlığını itirmir.

Hər anı ürəyimizdə ildırım kimi  çaxan bu tamaşada yaddaşımıza, yaddaşımızla birgə  mənəviyyatımıza təcavüz edəcək kifayət qədər ağır səhnələr yer alıb. Baxın, vaxtilə bir qoçaq ağdamlı balasının on qorxaq erməni dığasını şillə-təpiyinin altına salıb təkbaşına əzişdirdiyi yerdə indi fərqli hadisələr cərəyan edir: indi on erməni dığası illərin ağrısını on minlərlə qəhrəman ağdamlı balasının yurdunu xəritədən silməklə canından çıxarır…

Daha dayandığımız yerdə hər şeyi teleyin üstünə atmaq, Allahın ayağına yazmaq, bununla, ənənəvi güvənc mərkəzlərini, istinad nöqtələrini nüfuzdan salmaq da özünütəhqir kimi anlaşılır: Öz dərdimiz özümüzə bəsdisə, ilahidən gələn gücü bu sayaq ucuz tutmağın nə mənası!?. Onsuz da Kəlbəcərə görə bir maşın qulaq gətirmək, Şuşaya görə gicgahına güllə sıxmaq… sevdasına düşənlərin günahı bu zavallı xalqın çiynində əbədi yükdü. Mən hələ qisas məqsədilə  öz dədə-babalarının görunu belə erməni tanklarının ağzına verməkdən çəkinməyənləri vəznə gətirmirəm; bu izahı mümkünsüz ifrat radikallığa, rədif tanımayan insansızlığa qafiyə tutmuram. Çünki tarixin yaddaşı bizim yaddaşımızdan itidi!..

Budur, çarpaz bucaqların diqtəsi əksər məqamlarda öldürücü xarakterilə meydan sulayır,  hökmranlıq edir. O üzdən indiki məqamda özümüzü qəhrəman obrazında təqdim etmək niyyətimiz də müəyyən mənada utopiya adlı təhlükəli  xəyal xəstəliyinin  real nümunəsi kimi qarşılana bilər. Çünki müharibə mühafizəkar təbiətilə öz rasional qəlibində ağılın və məntiqin nişanələrindən kənarda olanlara status vermir, reallıq hissini itirənləri tanımır. Deməli, yağmalanmış bir yurdun əli silah tutan övladı üçün göstərə biləcəyi bütün qəhrəmanlıqlar ən yaxşı halda gələcək zamandan keçir.

Təəssüf, biz vaxtı qabaqlaya bilmədik. Bu, bizim ən böyük səhvimiz idi…

Yəni  bütün bunları gələcək nəsillərin genetikasına ötürmək istəyim, əslində, vətəndaşlıq yanğısından qaynaqlanır. Ən böyük düşmənimiz vaxtdısa, ən böyük faciəmiz də ən böyük ideyalarımızın mifikləşdirdiyimiz ayrı-ayrı adamlara etibar edildiyi zamanlarda yaşandı. Ancaq nə qələbəmizin, nə də məğlubiyyətimizin hüdudları bu adamların məhdud auditoriyası çərçivəsində ifadə olunmadı. Bayraqdarların irili-xırdalı bütün günahları təməl prinsiplərinə görə sinəsini güllə qabağına verən bütöv bir nəslin ayağına yazıldı. Bu həm də mənim nəslimin faciəsi idi. Çünki o vaxtdan başqasının pal-paltarını, çəkməsini geyinmiş adam kimi yaşamağa məcbur olduq. Çünki biz öz ömrümüzü yaşamadıq! Üstəlik, hər dəfə məmur kabinetlərində “mən səni cəbhəyə göndərmişdim!!!” “mənə görə döyüşmüsən!!!” kimi axmaq iddialarla döyüldükcə, təhqir olunduqca, əzildikcə, dolaşıq düşmüş ümidlərimizin, ideallarımızın, mücadilə tariximizin düyünü də bərkidi!!!

O üzdən Birinci Qarabağ savaşının canlı iştirakçıları üçün səngərə gedən yolu yenidən açdığına görə şəxsən müdafiə naziri cənab Zakir Həsənova öz dərin minnətdarlığımı bildirirəm. Çünki bu, Azərbaycan unsanının qürurla, ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu. Və ən əsası, itirilmiş bir nəslin özünütəsdiqi üçün sonuncu şansdı…

(Bu gün adımı  o veteranların siyahısında görmədiyimə görə məndən qisas aldıqlarını düşünənlər kökündən yanılırlar. Açığı, ömrügödək makakalar kimi ortalıqda  meymunluq edənləri heç vaxt məhşər ayağına çəkmək fikrinə düşməmişəm. Bu makakaların süni maneələrlə aramızda çəkdikləri dekarativ Çin səddi heç bir-iki kəlməlik qısır çümləmə də tab gətirməz. Çünki bəzilərinin indi-indi ayaq açdığı səngərləri, daddığı barıt qoxusunu vaxtilə mən öz doğma oğlumla bölüşmüşəm. Həm də mənim səngərim mənim yazı masamdı, həm də mənim silahım mənim yazımdı…)

Öz içinə qısıla-qısıla kiçilən bu yaralı Vətən  mənim səngərimdən daha böyük, daha qüdrətli, daha bütöv  görünür həm də…

Buyurun, baxın! Mənim gördüklərimlə mənim görməli olduqlarım arasındakı fərqi sıfıra endirmək niyyətim bu gün ideoloji baxımdan  qan düşmənçiliyinə qədər böyüyüb.  Hətta doxsanıncı illərin əvvəllərində, birinci Qarabağ savaşının ilkin aktiv fazasında daha tez-tez üz tutduğum Ağdam elə ilk görüşümüzdəncə məni uşaqlıq xatirələrimin möcüzəli şəhəri kimi qarşılamadı.

Bir vaxtlar xidməti işlərilə bağlı tez-tez bu bölgəyə yollanan atam hər fürsət düşdükcə məni də tərkinə almaqla balaca oğlunun özündən yüz milyon dəfə böyük fantaziyası üçün ideal ünvan seçmişdi. Mənim atam uşaqların ürəyini oxumağı bacaran dahi idi. Bilirdi ki, böyüdüyü aran zonasını zəhərli ilanlarla bölüşən çarəsiz oğlundan ötrü bu yerlər unudulması mümkünsüz, sirli-sehrli bir məkana çevriləcək. Ancaq amansız illərin üstündən xətt çəkdiyi həqiqətlər mənə öz yoxluğunu çox-çox sonralar daddırdı. Nə Ağdam o uşağın tükənməz fantaziyasının vətəni statusunu qoruyub saxlaya bilmişdi, nə də mən o uşağın genetik kodunu. Aramızdakı ögeyliyə dünya sığardı: hətta ilk baxışdan özünü gözə soxan görüntülər – əynimdəki zabit mundiri, çiynimdəki leytenant ulduzu da bu ögeyliyi xarakterizə edə biləcək cəhətlərin sonuncuları sırasında boynunu büküb qalmışdı…

Mənim kimi birisinin genotipində qəflətən, ani sıçrayışla meydana gələn bu dəyişiklik  xarici təsirlərin adi mutasiyası ola bilməzdi. Düzdü, atam məni yanına salıb tez-tez Qarabaga, hətta Qarabağdan da o yana aparmaqla çox böyük iş görmüşdü. Vətənimi tanımışdım.  Ancaq bu tanışlıqda yurdumun  qaysaqlanmayan yaralarını xatırladacaq heç ölüvay bir nişanə də yox idi. Xankəndində, Ağdamda, Basarkeçərdə, Cermukda, Göyçə gölündə… ermənilərlə birgə qurulan duz-çörək məclisləri bir qayda olaraq atamı İbadcan, qarşı tərəfi isə “axbercan” kimi yaddaşıma ötürürdü…

Mən öz valideynimin peşəkar ideoloq olmadığını gözəl bilirdim. Ancaq o da erməni xəyanətini özündə əks etdirən faciələrimiz haqqında nəsə bilməmiş deyildi. Di gəl, nədənsə atam bu xatirələrə iş-işdən keçəndən çox-çox sonra, Göyçədə, Zəngəzurda, Qarabağda… faciələrimiz yaşananda qapı açdı. Ancaq gec idi, çox gec!!!

Elə buna görə də onun oğlu birinci Qarabağ savaşının ilkin aktiv fazasında Ağdama hər şeydən əvvəl öz uşaqlıq xatirələrinin vətəni kimi, öz uşaqlıq xatirələrinin arxasınca yollanmışdı. Onu bu romantik görkəmdə kimə desən oxşatmaq olardı: məcara axtarışına çıxmış səyyaha da, bir əlində çiçək, bir əlində qələm tutmuş şairə də. Nə əynindəki zabit mundiri, nə də çiynindəki leytenant ulduzu  o gənci uğrunda döyüşməli olduğu idealların müsəlləh əsgərinə çevirə bilməmişdi.

O günlərdə Ağdam Vəngi, Xankəndini… öz qəhrəman oğullarının qapazaltısına çevirməklə, bizi gələcəyin lənətindən qorumaqdan ötrü əlindən gələn hər şeyi etdi! Sinəsini güllə qabağına verdi! Aramızdakı uçurumu yaralı köksündən qaynayan laxta-laxta qanla doldurdu!!!  Bizdən əvvəl necə idisə, bizdən sonra da elə qaldı, balalarının gözü qarşısında bütün əzablara sinə gərdi, ağrılarını yıxdı, amma özü  yıxılmadı.  O torpaqda Ağdam boyda ümid, Ağdam boyda inam, Ağdam boyda qəhrəmanlıq qaldı. Ayaq üstə… Çünki atalarımız informasiya məkanımızı bugünümüzün mücadiləsinə dəxli olmayan ötəri məişət söhbətlərilə doldurmaqla bizi cəbhəyə yalın əllə göndərmişdi. Biz silahsız döyüşürdük çünki. Bu, dövlətçilik tarixinin ən qatı cinayəti, insanlıq tarixinin ən böyük faciəsi, müharibə tarixinin ən şanlı səhifəsi idi…

İbrahim RÜSTƏMLİ,

Ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist

Review overview